COVID-19 və peyvəndləmənin geosiyasi aspektlərinə dair vebinar  
16.02.2021 12:40

Fevralın 15-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” mövzusunda beynəlxalq vebinar keçirilib.

 

Aztibb.az xəbər verir ki, vebinara moderatorluq edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı bir sıra məsələlərin siyasiləşdirildiyini deyib. Xüsusilə virusun başlanğıc ölkəsi olan Çinin reaksiyası və məsuliyyəti məsələsinin bir sıra müzakirələrə səbəb olduğunu bildirən F.Şəfiyev pandemiyanın başlamasına görə, əslində, hansısa ölkənin cavabdeh olmadığını vurğulayıb. O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiyanın qarşısını almaqla bağlı gördüyü bir sıra tədbirlərin və reaksiyalarının da siyasiləşdirildiyini qeyd edib. Fərid Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yoxsul ölkələrə peyvəndlərin paylanması təşəbbüsünün irəli sürüldüyünü bildirərək, ölkəmizin Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi bu işdə müəyyən mənəvi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

 

Sonra açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin xarici siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ÜST-ün Azərbaycanda milli səhiyyə sisteminin yeni vəziyyətə uyğunlaşdırılmasında mühüm tərəfdaş olduğunu deyib. O milli, regional və beynəlxalq səviyyələrdə təşəbbüslərin bir-birini tamamlamalı olduğunu bildirib və 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Zirvə toplantısının keçirildiyini, ÜST-ün dəstəyi ilə xüsusi fondun yaradıldığını vurğulayıb. Diqqətə çatdırıb ki, bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin növbədənkənar sessiyasının çağırılması təşəbbüsü irəli sürülüb və bu təşəbbüs təşkilata üzv dövlətlər tərəfindən dəstəklənib.

 

Hikmət Hacıyev Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə peyvəndləmə prosesinin başladığını deyib. Lakin o, hazırda peyvənlərin milliləşdirilməsi probleminin mövcud olduğunu əlavə edib və peyvəndlərin 90 faizinin yüksəkgəlirli ölkələr tərəfindən alındığını diqqətə çatdırıb. Hikmət Hacıyev yeganə həll yolunun qlobal vaksinasiya proqramı olduğunu deyərək, bütün ölkələr üçün peyvəndlərə maneəsiz və etibarlı çıxışın təmin edilməsinin vacibliyini vurğulayıb.

 

ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, pandemiyadan bütün dünya əziyyət çəksə də, ən kasıb və imkansız ölkələr, həmçinn həssas insanlar daha çox təsirlənib. Onun sözlərinə görə, sevindirici haldır ki, son həftələrdə qlobal miqyasda yeni yoluxma hallarının sayı getdikcə azalır. Peyvəndləmə mərhələsində meydana çıxan problemlərə də toxunan H.Harmancı deyib: “İndi peyvəndə sahib olan ölkələrin 90 faizindən çoxu imkanlı ölkələrdir. Əhalinin ümumi sayı 2,5 milyarddan çox olan təxminən 130 ölkədə peyvəndin tətbiqinə başlanmayıb. Bu bərabərsizliklərin daha da dərinləşməsinə imkan verməməliyik”. Onun sözlərinə görə, ÜST-ün tərəfdaş olduğu COVAX təşəbbüsü məhz bərabərsizliyi aradan qaldırmaq üçün yaradılıb. H. Harmancı deyib ki, COVAX 2021-ci ilin sonunadək 2 milyard doza peyvəndin aşağı gəlirli ölkələrə paylanmasını hədəf seçib. Azərbaycana gəldikdə, ÜST rəsmisi ölkəmizdə peyvəndləmə prosesinin uğurla başladığını deyib.

 

O bildirib ki, Azərbaycanda yanvarın 18-dən səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb və 80 mindən çox insan peyvənd olunub. Azərbaycan hökuməti əhaliyə peyvəndi əlçatan etmək üçün əlindən gələni əsirgəmir.

 

Pakistanın Baş nazirinin səhiyyə üzrə xüsusi köməkçisi Feysal Sultan pandemiyaya qarşı mübarizədə vaksinlərin beynəlxalq səviyyədə ədalətli bölünməsi ilə yanaşı, ölkələr daxilində də sistemli bərabər çatdırılmanın vacibliyini qeyd edib. Onun sözlərinə görə, vaksinlərin məhdud təchizatı problemi həll olunmalıdır.

 

Argentinada Müasir Orta Şərq Araşdırmaları Mərkəzi Fondunun (CEMOC) prezidenti Paulo Botta çıxışında pandemiyanın Latın Amerikasına iqtisadi təsiri barədə danışıb. Bildirilib ki, ənənəvi sosial stimullar və digər tədbirlər görülsə belə, pandemiyadan əvvəlki iqtisadi vəziyyətə geri dönmək çətin olacaq. Onun sözlərinə görə, pandemiya göstərdi ki, texnoloji infrastruktura investisiyalar artırılmalıdır.

 

Salvadorda Xarici Əlaqələr üzrə Araşdırmalar Mərkəzinin İcraçı direktoru Sezar Edqardo Martinez Flores da Latın Amerikası bölgəsində geosiyasi asılılıq probleminin mövcud olduğunu diqqətə çatdırıb. Ekspert bildirib ki, pandemiya çoxtərəfliliyinin vacibliyini bir daha nümayiş etdirib və qlobal problemlərə qlobal yanaşmanın vacibliyini sübuta yetirib.

 

İsveçrənin Cənub Mərkəzində intellektual mülkiyyət, səhiyyə və biomüxtəliflik məsələləri üzrə proqram koordinatoru Vivyana Munyoz Tellez pandemiyanın başlaması ilə dünyada geosiyasi baxımdan da dəyişikliklərin baş verdiyini deyib. Onun sözlərinə görə, hazırkı mərhələdə qlobal səviyyədə cavab tədbirlərinin artırılmasına ehtiyac var və bu işlərin mühüm hissələrindən biri olaraq ÜST-ün rolu gücləndirilməlidir.

 

Vebinar sual-cavab sessiyası ilə davam edib.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib