"Karantinin yumşalması bir fürsətdir, həyat tərzimizin nisbətən geri dönməsi deməkdir"
01.02.2021 14:56

Məlum olduğu kimi, dünyanın bir sıra ölkələrində koronavirusla bağlı vəziyyət yenidən pisləşib. Artıq Avropada bəzi dövlətlər karantin qaydalarında yenidən sərtləşməyə doğru dəyişiklik edirlər. Məsələn, Çexiya hökuməti koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbindən şənbə günündən etibarən bütün xarici dövlətlərin vətəndaşları üçün respublikanın sərhədlərini bağlamaq qərarına gəlib. Onlar ölkəyə yalnız son zərurət yarandıqda daxil ola biləcəklər. Həmçinin Portuqaliya da COVID-19 infeksiyasının ən ağır dönəmini yaşayır. Bu ölkədə Milad bayramı dövründə məhdudiyyətlərin yumşaldılması və insanların bir araya toplaşması vəziyyətin gərginləşməsinə səbəb olub. Təxminən 10 milyon əhalisi olan ölkədə hazırda 670 minə yaxın insan koronavirusa yoluxub, 11,3 min nəfər isə həyatını itirib. Ən kritik vəziyyət ABŞ, Hindistan, Braziliyada müşahidə olunur. Birləşmiş Ştatlarda gündəlik yeni yoluxma sayı 107 min nəfəri ötüb.

 

Azərbaycanda isə iki aya yaxın müddətdə tətbiq olunan sərt karantin tədbirləri COVID-19 ilə bağlı vəziyyəti yaxşılaşdırıb. Dekabr ayının birinci yarısında ölkədə pik həddə - 5 minə yaxınlaşan yoluxma sayı sərt qadağalardan sonra kəskin azalmağa başlayıb. Hazırda bu rəqəm 153 nəfərə enib. Lakin yumşaldılmaya gedilən kimi, bir çox insanlar qaydalara laqeyd yanaşırlar. Rayonlara gediş-gəlişdə sıxlıq müşahidə olunur, istirahət mərkəzləri yenə dolub-daşır, sosial məsafə gözlənilmir. Mütəxəssislər hesab edirlər ki, əgər qaydalara əməl olunmasa, yoluxma sayının yenə də artması istisna edilmir.

 

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bildirib ki, həm bizim ölkəmizdə, həm də digər dünya ölkələrində pandemiya ilə mübarizədə indiyə qədər ən effektiv üsul peyvəndlənmədən sonra ikinci yerdə sərt karantin rejimi olub. Ölkəmizdə də geridə qoyduğumuz aylar ərzində bu, öz təsdiqini bir daha tapıb.

 

TƏBİB rəsmisi qeyd edib ki, hazırda rəqəmlərdə azalma müşahidə olunur və statistik təhlillərə əsasən, karantin rejimində mərhələli yumşaldılma prosesi başlanıb. Amma bu, insanlarda arxayınlaşma yaratmamalıdır:

 

“Çünki bir sıra ölkələrdə hazırda üçüncü dalğa müşahidə olunur. Ümumiyyətlə, dünyada pandemiya sonlanmış deyil, xəstəlik hələ də var. Nəzərə alsaq ki, əhalinin çox hissəsi hələ də xəstəliyi keçirməyib, yoluxmayan insanlar hələ də virusa qarşı həssasdılar və onların hələ də yoluxma ehtimalı, həyatlarını itirmə, yoluxma sayının yenidən yüksəlmə ehtimalı var. Heç bir ölkə bundan sığortalanmayıb. Heç kəs deyə bilməz ki, noyabr-dekabr aylarında bizim yaşadığımız 4-5 minə qədər qalxan rəqəmlər təkrar yaşanmayacaq. Yəni sərt karantin rejiminin yumşaldılması insanlar arasında bu mənaya gəlməməlidir”.

 

N. Mustafayeva əlavə edib ki, əksinə, biz o çətinliyi görmüş, o mərhələni keçmiş olduğumuza görə, bugünkü gündə məsuliyyətimiz ikiqat artmalıdır: “Çünki dünyada virusun yeni ştammları dolaşmağa başlayıb və peyvəndlənmə prosesi də tam kütləvilik əldə etməyib. Hələ ki çox az insanı – tibb işçilərini peyvəndə cəlb edə bilmişik. Biz o zaman arxayın ola bilərik ki, əhalinin ən azı 70 faizə qədəri peyvəndlənmiş olsun. Təəsüf ki, əlimizdə elə bir rəqəmimiz yoxdur. Bu səbəbdən qorunma tədbirlərinə əvvəlkindən daha ciddi şəkildə yanaşmalıyıq. Düşünürəm, bu, vətəndaşlarımız üçün çətin olmayacaq, çünki artıq bizdə bir ildir maska, məsafə, sıx olan məkanlardan uzaq durmaq, əl gigiyenamızı gözləmək - bu kimi qaydalar əzbər olaraq məlumdur”.

 

N. Mustafayeva bildirib ki, sərt karantin rejimi yumşalıb deyə insanlar kafe və restoranlara, rayonlara üz tuturlar, birlikdə toplanırlar. Lakin heç nə, heç bir əyləncə insan həyatı qədər dəyərli ola bilməz: “Hər kəs bunu düşünməlidir ki, məsuliyyətsizlik etsə, əzizini, yaxınını itirə bilər. Yumşalmalar bir fürsətdir, həyat tərzimizin nisbətən geri dönməsi deməkdir, bunu itirməmək üçün xəstələnməməliyik”.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu