“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” - AMEA-da beynəlxalq konfrans
04.08.2020 19:17

4 avqust 2020-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfrans öz işinə başlayıb. Bu barədə məlumatı AMEA yayıb.

 

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, vitse-prezidentlər, akademiklər İradə Hüseynova, Rasim Əliquliyev, Dilqəm Tağıyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan elmi müəssisələrin direktorları, bu sahə üzrə mütəxəssislər, xaricdə yaşayan azərbaycanlı alimlər, eləcə də bir sıra aidiyyatı dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

 

Konfransı giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının sədri, akademik İradə Hüseynova tədbir iştirakçılarını AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin adından salamlayıb, konfransın işinə uğurlar arzulayıb.

 

Akademik İ.Hüseynova bildirib ki, martın 11-də pandemiya elan olunduqdan sonra bir sıra ölkələr, o cümlədən Azərbaycan xüsusi tədbirlər planı hazırlamış, karantin rejimi tətbiq etmiş və müxtəlif qabaqlayıcı işlər görməklə onun çoxalmasının qarşısını almışdır. Azərbaycanın vaxtında həyata keçirdiyi preventiv tədbirlər nəticəsində ölkəmiz bir sıra dövlətlər üçün nümunə olmuşdur.

 

Daha sonra Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov COVID-19 ilə bağlı aktual elmi-praktiki məsələlərin müzakirəsi məqsədilə təşkil olunan bu konfransın əhəmiyyətindən danışıb. O, COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin bir çox komitələrində iclasların keçirildiyini, birgə müzakirələrin aparıldığını, qanun layihələrinin hazırlandığını və ümumilikdə bununla bağlı Milli Məclis tərəfindən 10 qanun layihəsinin qəbul edildiyini diqqətə çatdırıb. 

 

COVID-19 pandemiyası ilə bağlı ölkədəki mövcud vəziyyətin daima Səhiyyə Komitəsinin diqqət mərkəzində olduğunu söyləyən Ə.Əmiraslanov bildirib ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində Milli Məclisin Səhiyyə Komitəsinin, eləcə də ölkənin səhiyyə ictimaiyyəti və millət vəkillərinin iştirakı ilə dinləmələr və sorğular keçirilib, pandemiya ilə bağlı təkliflər hazırlanıb.

 

Tədbirdə Səhiyyə nazirinin müavini Rahim Əliyev də çıxış edərək COVID-19 pandemiyasının tibbi sosial problem olmaqla yanaşı, həm də böyük iqtisadi problem olduğunu deyib. Uzun illər dünyanın ayrı-ayrı ölkələri tərəfindən formalaşdırılmış iqtisadiyyatın qısa bir vaxt ərzində pandemiyanın təsirindən böyük zərərə uğradığını, on minlərlə insanın bu mübarizədə həyatını itirdiyini qeyd edib.

 

O, diqqətə çatdırıb ki, Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva öz çıxışlarında dəfələrlə pandemiyanın müxtəlif sferalara təsiri məsələsinə toxunublar: “Nəticə etibarı ilə son günlərdə yoluxmanın azalması hökumət tərəfindən həyata keçirilən strategiyanın düzgün seçildiyini göstərir. Epidemioloji tədqiqatlar da yoluxma sayının azalmasına təsir edib.

 

Toplantıda çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycanda yeni növ koronavirusla mübarizə tədbirləri və qarşıda görülməsi nəzərdə tutulan işlərdən danışıb. O, ölkəmizdə COVID-19 ilə mübarizəyə cəlb olunmuş həkimlər və tibbi personallara onlayn rejimdə, eləcə də canlı ünsiyyət vasitəsilə təlimlərin keçirildiyini diqqətə çatdırıb.

 

Ramin Bayramlı ilk dəfə olaraq tam avtomatlaşdırılmış PCR laboratoriyalarının TƏBİB tərəfindən Azərbaycana gətirildiyini, hazırda 1 saylı Sumqayıt Şəhər Xəstəxanasında 2, Mingəçevirdə 1, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 1, Mərkəzi Neftçilər  Xəstəxanasında isə 2 ədəd yeni laboratoriyanın fəaliyyət göstərdiyini qeyd edib.

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, bütün dünyanın koronavirusla mübarizə dövündə olduğu bir vaxtda xəstəliyin xüsusiyyətləri və ona qarşı tətbiq edilən mübarizə metodlarının elmi cəhətdən araşdırılması, eyni zamanda genetik xüsusiyyətləri nəzərə almaqla həlli yollarının təklif edilməsi çox vacib məsələdir.

 

Sonra AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, akademik Əli Abbasov çıxış edərək koronavirus üzərində tam qələbənin əldə edilməsi üçün böyük vaxtın tələb olunduğunu deyib. Qeyd edib ki, Azərbaycan da daxil olmaqla bir çox ölkələr yalnız düzgün qərarların qəbulu, müəyyən təşkilatı və tibbi bioloji müalicəvi tədbirlərin görülməsi ilə vəziyyətdən minimum itkilərlə çıxa biliblər.

 

Tədbir AMEA-nın müxbir üzvü Nuru Bayramov, prof. İsmayıl Zülfüqarovun moderatorluğu ilə plenar iclasla davam edib. Plenar iclasda İndiana Bioelmlər Tədqiqat İnstitutunun professoru Vidadi Yusifov “COVID-19 üçün terapevtik anticisimler” və Türkiyənin Yıldız Texniki Universitetinin professoru Adil Allahverdiyev “COVID-19 üçün vaksin hazırlanmasında cari vəziyyət” adlı məruzələrlə çıxış ediblər.

 

Daha sonra tədbir bölmə iclasları ilə davam edib. İclaslarda “SARS-CoV-2 və renin-angiotenzin-aldosteron sismeti arasında qarşılıqlı əlaqə”, “Azərbaycanın antiviral bitkiləri və onların istifadə yolları”, “Koronavirusun genomlarının ümumi struktur təşkili”, “Uşaqlarda yeni koronavirus infeksiyası (COVID-19)” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

Qeyd edək ki, beynəlxaq konfrans sabah öz işini bölmə iclasları ilə davam etdirəcəkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır