ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi (HHS) 5G də daxil olmaqla simsiz texnologiyaların yaratdığı elektromaqnit sahələrinin və radiotezlikli şüalanmanın sağlamlığa mümkün təsirləri ilə bağlı ictimaiyyətdən elmi məlumat və araşdırmaların təqdim olunmasını istəyib.
Aztibb.az "Medical News"a istinadən yazır ki, məlumata görə, HHS sentyabrın 17-də yaydığı müraciətdə mobil telefonlar, Wi-Fi, ağıllı sayğaclar, daşınan texnologiyalar, simsiz tibbi cihazlar, 5G və 6G şəbəkələri, eləcə də peyk rabitəsi kimi texnologiyalardan yaranan elektromaqnit təsirləri ilə bağlı mövcud araşdırmaların və məlumatların paylaşılmasını xahiş edib.
Nazirlik bildirib ki, toplanacaq məlumatlar mövcud elmi sübutların qiymətləndirilməsi, tədqiqatlardakı boşluqların müəyyənləşdirilməsi və simsiz texnologiyaların təhlükəsizlik standartlarının nəzərdən keçirilməsi üçün istifadə olunacaq.
Kennedi elektromaqnit şüalanma ilə bağlı narahatlığını ifadə edib
ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyinə Robert F. Kennedi rəhbərlik edir. O, daha əvvəl elektromaqnit şüalanmanın sağlamlığa mümkün təsirləri ilə bağlı narahatlığını ifadə edib.
Bununla belə, HHS-nin müraciəti yalnız 5G texnologiyasını deyil, bütün simsiz texnologiyalardan yaranan radiotezlik və elektromaqnit sahələrinə məruzqalmanı əhatə edir. Nazirlik mövcud elmi sübutlarla yanaşı, klinik müşahidələr, məruzqalma standartları və gələcəkdə aparılması zəruri olan tədqiqatlarla bağlı da məlumat istəyib.
Qeyd edək ki, 5G texnologiyasının COVID-19-a səbəb olması və ya virusun yayılmasına şərait yaratması ilə bağlı iddialar elmi sübutlarla təsdiqlənməyib. Bu fikirlər COVID-19 pandemiyasının ilk dövrlərində sosial mediada geniş yayılmışdı.
Mobil telefon və xərçəng əlaqəsi araşdırılır
Simsiz texnologiyaların sağlamlığa mümkün təsirləri ilə bağlı elmi araşdırmalar davam edir. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) mövcud elmi məlumatların mobil telefon istifadəsi ilə sağlamlıq problemləri arasında qəti əlaqə müəyyənləşdirməyə kifayət etmədiyini bildirir.
Ümumdünya Səhiyyə Təşkilatının xərçəng üzrə tədqiqat qurumu olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) 2024-cü ildə yayımladığı genişmiqyaslı COSMOS araşdırmasında 250 mindən çox mobil telefon istifadəçisinin məlumatları təhlil edilib. Araşdırmanın nəticələrinə görə, mobil telefonla ən çox danışan 10 faizlik qrupda beyin şişlərinin yaranma riski daha az istifadə edənlərlə müqayisədə yüksək olmayıb.
Bununla yanaşı, CDC radiotezlikli şüalanmanın uzunmüddətli mümkün təsirləri ilə bağlı araşdırmaların davam etdiyini və bəzi sağlamlıq nəticələrinin hələ də öyrənildiyini bildirir.
HHS-nin son müraciəti elektromaqnit sahələri və simsiz texnologiyalarla bağlı mövcud elmi sübutların yenidən qiymətləndirilməsi, həmçinin gələcəkdə hansı istiqamətlərdə araşdırmaların aparılmasının müəyyənləşdirilməsi məqsədi daşıyan məlumat toplama prosesi çərçivəsində həyata keçirilir.

