Tibb işçilərinin dayanıqlı və “yaşıl” səhiyyə naminə həmrəy peşə bayramı
17.06.2024 10:00

23-cü ildir qürur və fərəhlə qeyd etdiyimiz 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncamla təsis edilib. Ulu öndər tərəfindən Şərqin ilk demokratik respublikası – Azərbaycan Cümhuriyyətinin Səhiyyə Nazirliyinin yarandığı 17 iyun 1918-ci il tarixini çoxmilyonlu tibb işçilərinin peşə bayramı günü kimi seçməsi özündə qəlbləri riqqətə gətirən xüsusi önəm və mənəvi dəyəri ehtiva edir.

 

Aztibb.az 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunan məqaləni təqdim edir:


Ümumiyyətlə, qlobal və regional cəmiyyətin çox vacib sahəsini əhatə edən səhiyyə siyasi hakimiyyətin, vətəndaş cəmiyyətinin, sosial həyatın, dövlətlərarası diplomatik və iqtisadi əlaqələrin ayrılmaz hissəsidir.

Heç kəsə sirr deyil ki, odlar yurdu Azərbaycanda qədim zamanlardan etibarən təbabətə, tibbi xidmətə xüsusi diqqət yetirilib, təbiblər cəmiyyətin ən nüfuzlu üzvləri kimi xüsusi hörmət və ehtiramla qarşılanıblar. Bununla yanaşı, zəngin coğrafi mövqe və əsrarəngiz bitki örtüyünə malik olan ölkəmiz müxtəlif dərman preparatlarının hazırlanmasına əvəzolunmaz töhfələr verib.
Müasir dünya elminin tendensiyaları və texnologiyanın inkişafı qlobal səhiyyə sisteminin, ictimai sağlamlığın, planetin sağlamlığının və təmiz ətraf mühitin bir-biri ilə sıx əlaqəli olduğunu təsdiqləyir. Bu nöqteyi-nəzərdən, dünya cəmiyyəti həmrəyliyi qlobal səhiyyə nizamnaməsinin və peşə qaydalarının əsasını təşkil edən etik anlayış kimi qəbul edir.

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı dayanıqlı ətraf mühitin təmin edilməsi üçün ictimai səhiyyə sistemlərinin, fövqəladə hallara cavab proqramlarının və əlaqəli tədqiqatların gücləndirilməsinin zəruriliyini dəfələrlə vurğulayıb. Xüsusilə, səhiyyə sektorunun iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərinin azaldılmasında mühüm rol oynaması gözlənilir.

Sirr deyil ki, Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyə başladığı zaman ulu öndər Heydər Əliyev üçün ən vacib sahələrdən biri insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. O ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb etməyə, onların yerli mütəxəssislərlə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırdı. Bununla da dahi rəhbər respublika səhiyyəsində mövcud olan durğunluğun aradan qaldırılmasına müvəffəqiyyətlə nail olurdu.

Ümummilli liderin xüsusi tapşırığı ilə SSRİ-nin ayrı-ayrı ölkələrinə ali təhsil almaq üçün göndərilən azərbaycanlı gənclərin arasında müasir səhiyyəmizdə və tibb elmimizdə öz yeri olan tanınmış həkimlərimiz, cərrahlarımız, alimlərimiz də vardı.
1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmində müstəqil Azərbaycan Respublikasının inkişafının sarsılmaz təməllərini qoyub. Səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması məqsədilə çoxsaylı qanun və dövlət proqramları işlənib hazırlanıb və Milli Məclis tərəfindən qəbul edilib.

Beləliklə, bir əsrdən artıq tarixi olan Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Bu inkişaf tarixin çox hissəsi ümumilli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin adı ilə bilavasitə bağlıdır.
Bu gün ölkəmizin “Yaşıl enerji” vadisində – işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinin böyük bir hissəsi müasir dünya standartlarına cavab verən innovativ səhiyyə infrastrukturunun yaradılmasını özündə əks etdirir.
2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində fəaliyyətə başlayan Ailə Sağlamlıq Mərkəzi, 2021-ci ildən başlayaraq Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda modul tipli xəstəxanalar quraşdırılması, Cəbrayıl, Qubadlı və Zəngilanda da bu tip xəstəxanaların quraşdırılması istiqamətində aparılan işlər Azərbaycan səhiyyəsinin gələcək nailiyyətlərindən xəbər verir.

2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti cənab Borge Brende arasında imzalanan niyyət protokolu ilə Azərbaycanda Dünya İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı (İndustry 4.0) Mərkəzləri Şəbəkəsinin Regional Mərkəzinin yaradılması bütün sahələrdə olduğu kimi, səhiyyədə də müasir dünya elminin çağırışlarının, nailiyyətlərinin, trendlərinin və tendensiyalarının tətbiqinə, rəqəmsal səhiyyənin qurulmasına və inkişaf etdirilməsinə mühüm təkan verir.
Bu gün Azərbaycan səhiyyəsi və tibb elmi dünya ölkələri arasında qabaqcıl yerlərdən birini tutur. Ölkəmizdə dayanıqlı, davamlı və “yaşıl” səhiyyənin, “yaşıl” tibbin qurulması, möhkəmləndirilməsi istiqamətində dövlət səviyyəsində ciddi addımlar atılır. Həmçinin Əziz Əliyev, Zərifə Əliyeva, Mirməmməd Cavadzadə, Tamerlan Əliyev, Böyükkişi Ağayev, Adilə Namazova, Mustafa Topçubaşov, Fazil Qurbanov kimi səhiyyəmizə və tibb elmimizə əvəzsiz töhfələr verən dünya şöhrətli azərbaycanlı alimlərin yetirmələri tərəfindən elmi araşdırmalar günbəgün genişləndirilir.
Yeri gəlmişkən qeyd edək ki, dünyanın müxtəlif elm mərkəzlərindən olan mütəxəssislərin qənaətincə, “yaşıl” səhiyyə ətraf mühitə mənfi təsirləri minimuma endirmək və insan sağlamlığı ilə ətraf mühit arasında əlaqəni tanımaq, xəstəliklərin kökünü kəsmək məqsədini daşıyır. O, həmçinin özündə ekoloji təmizlik anlayışını ehtiva edir. Yəni, “yaşıl” səhiyyə təkcə şəxsi sağlamlığın möhkəmləndirilməsinə deyil, həm də cəmiyyətə müsbət təsir göstərmək məqsədinə yönəlmiş ekoloji cəhətdən təmiz tibbi xidmətlər göstərir.

“Yaşıl” səhiyyə sistemi sadəcə yaşıllaşma anlayışı deyil. O, səhiyyə sisteminin liderlik, zərərli kimyəvi maddələrin daha təhlükəsiz alternativlərlə əvəz edilməsi, tullantıların təhlükəsiz utilizasiyası, enerji səmərəliliyi, bərpa olunan enerji istehsalı, nəqliyyat strategiyaları, qida, “yaşıl” bina, daha təhlükəsiz əczaçılıq, satınalma və s. kimi bütün aspektlərini əhatə edən hüdudlardan kənara çıxır.
“Yaşıl” səhiyyə tibbi tullantıları və cərrahiyyə mərkəzlərinin əməliyyat xərclərini azaldaraq iqtisadi dəyər yarada, eyni zamanda dayanıqlı səhiyyənin inkişafını möhkəmləndirə bilər. O, həmçinin dayanıqlı ekosistemin yaradılmasını dəstəkləməklə daha böyük rifaha nail olmağı hədəfləyir.

Qlobal “Yaşıl və Sağlam Xəstəxanalar” Proqramı səhiyyə sektoruna daha çox davamlılıq və ekoloji sağlamlıq gətirmək və bununla da bütün dünyada səhiyyə sistemlərini gücləndirmək üçün dünya üzrə mövcud səyləri dəstəkləmək məqsədi daşıyır. Bu sənəd daha çox dayanıqlığa nail olmaq, ətraf mühitin yaxşılaşdırılmasına töhfə vermək üçün bütün dünyada xəstəxanalar və səhiyyə sistemləri üçün hərtərəfli çərçivə təqdim edir.

“Yaşıl” Plan qarşıya ətraf mühitə antropogen təsirləri azaltmaqla yanaşı, gələcək nəsillərin ömür boyu möhkəm sağlamlığın təmin edilməsinə kömək edən davamlı səhiyyə xidmətləri göstərmək öhdəliyini qoyur, həmçinin daha təmiz, daha yaşıl, sağlam və ədalətli gələcəyə aparan yol qurmağa zəmin yaradır.

Cənab Prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi, yuxarıda qeyd olunan fikirlər onu deməyə əsas verir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un bu il məhz azad, qalib Azərbaycan Respublikasının paytaxtı Bakıda keçirilməsi Müstəqil Azərbaycan Respublikasının bütün sahələrinin, o cümlədən səhiyyəsinin və tibb elminin qazandığı mühüm nailiyyətlərinin, gələcəkdə əldə edəcəyi əvəzsiz uğurların çarçısıdır.


GÜNEL MƏMMƏDOVA
Akademik Mustafa Topçubaşov adına
Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Lənkəranda bir qrup tibb işçisi peşə bayramları münasibətilə təltif edilib
Xəstələrin göz nurunun qayğısına qalan oftalmoloq - Gülnar Mirzəyeva
Tibb işçilərinin dayanıqlı və “yaşıl” səhiyyə naminə həmrəy peşə bayramı
17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günüdür
 Azərbaycan tibb elminə ağır itki üz verib   
Suraxani Tibb Mərkəzinin otorinolarinqoloqu Zərifə Məmmədova - Həkimlərimizi tanıyaq!
Vətən müharibəsi şəhidinin yenidoğulan qardaşı sağalaraq evə buraxılıb
Ömrünün 38 ilini Göyçay Rayon Mərkəzi Xəstəxanasına bağlayan peşəkar həkim - Xuraman Atakişiyeva
Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir:
Təcili tibbi yardım briqadası tərəfindən ağır vəziyyətdə olan xəstənin daşınma prosesi uğurla icra olunub  
Səhiyyə Nazirliyinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olan həkimlərin məzarlarını ziyarət edib
Tibb üzrə fəlsəfə doktoru Mehriban Əmirova - 
Ölkəmizdə ilk dəfə icbari tibbi sığorta ilə STA-MCA Bypass əməliyyatı uğurla həyata keçirilib
Patoloji sarılıq körpələrdə təcili müalicə olunmalıdır - MÜSAHİBƏ