Yüksək hərarət, irinli, üfunətli yara olmadan xəstələr xroniki yaraların fərqinə varmır - Cərrah-fleboloqla MÜSAHİBƏ  
24.07.2020 10:00

Tibdə 3 ay və daha artıq müddət ərzində sağalmayan yaralar xroniki yaralar adlanır. Sovet rus təbabətində bu yaraları daha çox “trofiki xoralar” adlandırırdılar. Xroniki yaralar çox böyük məfhumdur və müxtəlif səbəblərdən əmələ gəlir. Praktiki olaraq, ən çox rast gəldiyimiz şəkərli diabet, səthi və dərin venaların xəstəliyi, arterial damar tutulmaları,  yataq yaralarına bağlı əmələ gələn yaralar xroniki yaralardır.

 

Bu barədə Aztibb.az-a müsahibəsində cərrah-fleboloq İsmayıl Əsgərov danışıb.

 

- Sağalmayan yaralar hansı üsullarla müalicə edilir?

 

- Müalicə üsulu yaraların hansı səbəbdən əmələ gəlməsindən asılı olaraq təyin edilir. Ayaqda damar tutulmasına bağlı yara əmələ gəlirsə bunun səbəbi həmin arterial damarın bağlanması, yara sahəsinə o damarla qanın gəlməməsidir. Bu halda biz yaranı sağaltmaq üçün ilk növbədə, o sahəyə qanın gəlməsini təmin etməliyik.

 

- Vena damarları xəstəlikləri nəticəsində əmələ gələn trofiki xoralar barədə nə deyə bilərsiz?

 

- Bu zaman ayağa qan gəlir, gələn qanın qayıtmasında isə problem olur. Yaranı müalicə etmək üçün həmin qanın orada toplanmasının qarşısını almalıyıq. Bu isə xəstəliyin kökündən asılı olaraq dəyişir. Məsələn: səthi magistral venalarda durğunluq, qapaq çatışmazlığı hesabına yara əmələ gəlirsə, bu zaman həmin damarı əməliyyat etmək, həmçinin problemi birdəfəlik aradan qaldırmaqla yaranın sağalmasına nail olmaq mümkündür.

Uzun müddət yataq rejimində qalan insanlarda sarğı nahiyəsində, dabanda, kürəkdə tez-tez yataq yaraları müşahidə edilir. Əsas səbəb uzun müddət yataq rejiminin olmasıdır. Bu zaman yaranın müalicəsində təməl prinsip həmin basqıya məruz qalan, əzilən yara sahəsini qorumağımıza bağlıdır. Yəni, pasiyentin vəziyyəti vaxtaşırı (sağ, sol, üzü üstə) dəyişdirilir və yara sahəsinin üzərinə düşən basqı aradan qaldırılır.

Şəkərli diabet xəstələrində yüksək şəkərin uzun müddət davam etməsi, eyni zamanda bu xəstəliyin sinirləri zədələməsi hissiyyatsızlığın yaranmasına gətirib çıxarır, arterial damarlarda tıxanmalar əmələ gəlir. Bu 2 əsas amil ayaqlarda olan kiçik travmalardan (ayaqqabının ayağı sıxması, ayağa kiçik mismar batması və s.) yaraların yaranmasına səbəb olur.

 

- Bu xəstəliyin ağırlaşmasının səbəbləri nədir?

 

- Hissiyatsızlığa bağlı olaraq bu insanlar ayaqda əmələ gələn yaranı gec müşahidə edirlər. Yəni yüksək hərarət, irinli, üfunətli yara olmadan xəstələr bunun fərqinə varmır. Çünki ağrı hissiyatı çox az olur və ya heç olmur. Qan dövranının zəif olması bu problemi daha da ağırlaşdırır. Ona görə də xronik yaraların müalicəsində ən vacib amil yaranın əmələ gəlmə və yaxşılaşmama səbəbinin aşkarlanmasıdır.

 

- Yaraların sağalma müddəti nəyə əsaslanır?

 

- Yaraların sağalma müdəti onun əmələgəlmə səbəbi, xəstənin həkimə nə qədər tez və ya gec müraciət etməsi, pasiyentin yaşı, yanaşı xəstəliklərin olması, eləcə də orqanizmin digər özünəxas xüsusiyyətlərindən asılıdır. 35-40 yaşda yara əmələ gələn pasiyentlə 70-80 yaşında yarası formalaşan pasiyenti müqayisə etsək, əlbəttə ki, gənc orqanizmdə bu xəstəliyin sağalma tempi daha yüksək olur.

 

- Trofiki xoraların tam sağalması mümkündür?

 

- Bugünkü tibbi-texniki baza baxımından demək olar ki, bütün hallarda trofikixoraları sağaltmaq mümkündür. Vacib olan bu xəstəliyin vaxtında aşkarlanması və problemin fəsadlaşmadan aradan qaldırılmasıdır.

 

- Xəstələrə əsas nələrə əməl etməyi tövsiyə edərdiniz?

 

- İlkin olaraq, hər bir insan həkimə müraciət edərkən bu və ya digər dərəcədə hansı narahatlıqlarının olduğunu bilir. Trofiki xoralar uzun müddət ərzində orqanizmdə yaranan fəsadların təzahürü olaraq özünü büruzə verir.

 

Pasiyentlərə tövsiyə edirik ki, hər hansı xəstəlikdən şikayətləri olduğu zaman həkimə müraciət etməyi gecikdirməsinlər:

 

“İnsanda varikoz damar problemi varsa, tez bir zamanda həkimə müraciət etməlidir. Şəkərli daibeti olan insan dieta saxlamalı, həkiminin tövsiyə etdiyi dərmanları vaxtında qəbul etməlidir.

 

Və ya ürəklə bağlı narahatlığı olan insan zamanında kardioloq müayinəsində olmalıdır. Hər hansı qan xəstəliyi olan biri düzənli olaraq hematoloqa, vaskulit kimi bir altimmun xəstəliyi olan insan isə vaxtaşırı revmatoloqa müraciət etməlidir”.

ÇOX OXUNANLAR
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Nailə Səfərova
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
TƏBİB müxtəlif vəzifələr üzrə vakansiyalar elan edir
Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Azərbaycan tibb elminə ağır itki üz verib
Nərgiz Qəhrəmanova
Daha bir həkim Şirvan Şəhər Mərkəzi Xəstəxanasını seçib
Yardımlının Avaş, Deman və Arvana kəndlərində aksiya: 116 nəfərə tibbi xidmət göstərilib
Naxçıvanda cərrahi xəstəliklərin diaqnostikasına dair konfrans keçirilib
Rəşad Mahmudov:
Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib
 ATU-nun rektoru imtahanın gedişini izləyib   
 “Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: İxtiyar Məhəmmədzadə
Sumqayıtda TİBBİ AKSİYA: Hacı Zeynalabdin qəsəbəsində 120 vətəndaş oftalmoloji müayinə olunub
Səhiyyə naziri Qətərin ölkəmizdəki səfiri ilə görüşüb