Tibbdə həkimin vəzifəsi xəstəyə yardım etmək, onu ağır vəziyyətdən çıxarmaqdır - MÜSAHİBƏ
03.10.2023 09:57

Hər il oktyabrın birinci bazar ertəsi dünya həkimlərinin həmrəylik və fəal əməkdaşlıq əlaməti olaraq Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir. Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin rəisi, travmatoloq-ortoped Ramin Rzayev həkimlik peşəsi ilə bağlı suallarımızı cavablandırıb.

 

- Ramin həkim, insanların həyatında xilaskar rolunu oynamaq necə bir duyğudur?

 

- Həkimin peşəkarlığı sayəsində bir pasiyentin sağlamlığında yaranmış patologiyadan qurtulması həm pasiyentdə, həm də tibbi personalda yaratmış olduğu xoş hisslər, gözəl duyğulardır. Çünki, həkim peşəsi olduqca məsuliyyətli və çətindir. Bu qədim sənəti seçən hər kəs daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən zövq almalıdır. Bəzən insanları düşdükləri ağır vəziyyətdən çıxarmaq üçün, həyatda qalmaları üçün qəti qərarlar verməli olursan. Burada səhv qərar yolverilməzdir. Bəlkə də başqa sahələrdə mümkündür, amma həkimin kiçik bir səhvi hər şeyin üstündən xətt çəkər, insan sağlamlığına ciddi xələl verə bilər. Ən çətin vəziyyətlərdə düzgün qərar vermək insan həyatını xilas edə bilər.

 

Tibbdə həkimin vəzifəsi xəstəyə yardım etmək, onu ağır vəziyyətdən çıxarmaqdır. Hər dəfə ehtiyacı olan insanlara yardım etməyi özümə borc bilirəm. Mən ixtisasca travmatoloq-ortopedəm, mənə müraciət edən insanlar hansısa travma almış və ya digər ortopedik patologiyalara bağlı yeriməkdə, oturmaqda, durmaqda, gəzməkdə çətinliyi olan pasiyentlərdir. Hansısa xəstəyə ayaq üstə durmağa, normal, gündəlik iş rejiminə qayıtmağa yardım edə bilirəmsə,  deməli, həkimlik borcumu yerinə yetirmişəm.  Bu hissi təsvir etmək çətindir. Axı insanın sahib olduğu ən gözəl nemət onun can sağlığı, sağlamlığıdır. Kiminsə həyatını xilas etdikdə, özümü çox xoşbəxt hiss edirəm deyə bilərəm.

 

- Bir həkimin insanlarla rəftari necə olmalıdır?

 

- Həkim öz rəftarı, davranışı, dünyagörüşü ilə digər peşə sahiblərindən fərqlənməli və özünə inam yaratmağı bacarmalıdır. Çünki xəstənin həkimə inamı olmadıqda onun müalicəsi də səmərəsiz olur. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi birbaşa xəstənin vəziyyətinə çox müsbət təsir göstərir. Həkimin qayğısı, səmimiyyəti, hər xoş sözü xəstəsinin ürəyinə məlhəm kimidir. Baxın, insan xəstə olduqda, hər hansı yeri ağrıdığında həkim ona ən yaxın şəxs, doğması olur. Ona görə də, həkimlər elə ünsiyyət qurmalıdır ki, xəstələr özlərini rahat hiss etsinlər və narahatlıqlarını onlarla bölüşə bilsinlər.

 

- Peşəkar həkim olmaq üçün nə etmək lazımdır?

 

- Həkim başa düşməlidir ki, kiminsə həyatı üçün məsuliyyət daşıyır, çünki insanlar onlara sağlamlıqlarını etibar edir. Müasir tibb çox inkişaf etmişdir. Hazırda dünyanın inkişaf etmiş ölkələrində yeni texniki avadanlıqlar istehsal edilir, cihazlar hazırlanır-təkmilləşdirilir, müxtəlif patologiyalarda protokollar  hazırlanır, yeni müalicə üsulları tətbiq edilir. Bütün bunlardan xəbərdar olmaq üçün həkim çalışmalıdır ki, tibbin ən son nailiyyətlərini izləsin,  öyrənsin, digərlərinin təcrübəsindən yararlansın, onu öz təcrübəsində tətbiq edə bilsin. Hər bir peşədə olduğu kimi, daim oxumaq, öyrənmək və təkmilləşmək lazımdır.!

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib