Dendrologiya İnstitutunda qapalı şəraitdə Aloe vera bitkisinin yetişdirilməsi və tibbdə istifadəsi öyrənilib
09.08.2023 13:28

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının aparıcı elmi işçisi, a.e.ü.f.d, dosent Tofiq Sadiqov tərəfindən Aloe vera (əzvay) bitkisinin Abşeron şəraitində çoxaldılması, şirəsinin alınması və tibbdə istifadəsi öyrənilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, “Möcüzəvi bitki” və “Təbii həkim” adlandırılan Aloe vera (əzvay) özündə bir çox faydalı keyfiyyətləri daşıyır. Zanbaqkimilər fəsiləsinin (Liliaceae) qiymətli dərman bitkilərindən olub isti və quru iqlimdə yetişir. Bitki təbii halda Afrikanın cənub-şərq hissəsində yarımsəhra yerlərdə yayılmışdır. Aloe vera Azərbaycanda istixana şəraitində 50-150 sm hündürlüyündə kol formalı çoxillik sukkulent bitkidir. Gövdəsi oduncaqlaşmış, yarpaqları qalın lətlidir, kənarları tikanlı dişlidir. Yarpağın uzunluğu 20-50sm, eni 2-3 sm, qalınlığı isə 3-15 mm-dir. Çiçəkləri qırmızıvə sarı rəngli olub salxım çiçək qrupuna yığılmışdır.

 

Ağacşəkilli əzvay (Aloe arborescens Mill.) işıqsevən bitkidir, nisbətən az işıqlanmış kölgəli yerlərdə zəif inkişaf edir. Bitkinin normal inkişafı üçün 20-25 C-dən yuxarı istilik, rütubətli hava, qızmar günəş şüaları lazımdır. Bitki şaxtaya davamsızdır, havanın tempraturu 0 C-dən aşağı olduqda yerüstü hissəsi məhv olur. Aloe bitkisi yüngül qumsal, qələvi xassəli (ph 9-10) torpaqlarda yaxşı bitir. Bitki çox ağır gilli və turş xassəli torpaqlarda isə pis inkişaf edir.

 

Aloenin tərkibində 2-3%-ə qədər aloe-emoden, orqanizm üçün zəruri olan 22 amin turşusundan 7-si, həmçinin monosaxaridlərdən qlükoza, fruktoza, polisaxaridlərdən sellülozaya təsadüf edilir.

 

Aloe bitkisi çox qədim zamanlardan qiymətli dərman bitkisi kimi istifadə olunur. Belə ki, müasir dövrdə aloedən hazırlanmış dərman preparatları qaraciyər, mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Bu bitkidən hazırlanmış quru ekstraktdan xroniki qəbizlikdə uzun müddət yataq rejimində olan xəstələrə işlətmə dərmanı kimi tətbiq olunur. Aloe şirəsi bakterisid təsirə malik olduğundan bir çox xəstəlik törədən mikroorqanizmlərə, o cümlədən stafilokoklara, streptokoklara, dizinteriya, qarın yatalağı törədicilərinə məhvedici təsir göstərir. Aloenin terapevtik və sağaldıcı xüsusiyyətləri 5000 ilə yaxındır ki, istifadə edilir.

 

Aloe bitkisi isti rütubətli iqlim şəraiti tələb etdiyinə görə o istixanada əkilir. Məlumdur ki, bu bitkini həm toxum, həm də vegetativ üsulla yəni, gövdəciklər vasitəsilə çoxaltmaq olar. Lakin dünya təcrübəsi göstərir ki, aloe toxumlarından çıxmış cücərtilər çox gec böyüdüyündən onun vegetativ yolla çoxaldılması səmərəlidir. Bu məqalədə yanvar-fevral aylarında aloe kolunun aşağı hissəsindəki yarpaqların qoltuğundakı gövdəciklər qoparılır. İstixanada əkin sahəsi yumuşaldılır, daşdan-kəsəkdən təmizlənir, gübrələnir, suvarılır. Sonra aloedən qoparılmış gövdəciklər 60×40 sm əkinolmaqla torpaqda açılmış oyuqlarda əkilir. Bildiyimiz kimi, aloenin əsas məhsulu onun yarpaqlarıdır. Bu məqsədlə ərazisi 0,1 ha olan istixananın sahəsində 4000 ədəd aloe bitkisi əkilmişdir. (60×60 sm). Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, hər aloe kolundan bitkinin vegetasiya dövrünün birinci ilində 1 kq yarpaq məhsulu toplamaq mümkündür. Sonrakı illərdə isə aloenin yarpaqlarının məhsuldarlığı getdikcə çoxalır.

 

Aloenin vegetativ çoxaldılması üzrə aparılan çoxillik tədqiqatların son nəticələrinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, 1 ha əkin sahəsində 40 tona qədər yaş yarpaq məhsulu toplamaq mümkündür.

 

Aloenin 1 ha əkin sahəsindən yığılmış yarpaq məhsulundan isə 50%-ə qədər şirə almaq mümkündür. Apardığımız iqtisadi hesablamalar göstərir ki, aloenin 40 ton yarpaq məhsulundan 20 tona qədər şirə istehsal etmək mümkündür. Bizim apardığımız tədqiqatın  əsas məqsədi ekoloji təmiz məhsul istehsal olunmuş aloe şirəsinin satışını təşkil etməkdir. Belə ki, ilk dəfə olaraq Azərbaycanda aloe şirəsinin istehsalı və satışı üçün Texniki Şərt hazırlanıb (T.S. Az. 140155071.002-2016). Son dövrdə ölkəmizdə yeni dərman zavodları tikilməyə başlanmışdır. Həmin zavodların tikilməsi xammal ehtiyatlarına olan təlabatı artıracaq. Dərman sənayesində gedən bu inkişaf imkan verəcək ki, Səhiyyə Nazirliyinin sifarişinə əsasən bizim elmi tədqiqat institutumuz aloe məhsulunun və ölkəmizə lazım olan digər dərman bitkilərinin zavod tərəfindən qəbulu həyata keçirilsin.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev