Naxçıvanda COVID-19-la mübarizə uğurla davam etdirilir
07.10.2020 13:50

Naxçıvan Muxtar Respublikası Ali Məclisində əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında keçirilən müşavirə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, pandemiya ilə mübarizə məqsədilə yeni tibbi avadanlıqlar alınaraq səhiyyə müəssisələrinə təqdim olunması koronavirusla mübarizə tədbirlərin operativ həllinə hərtərəfli şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollegiya iclaslarında COVID-19-a qarşı fəaliyyət istiqamətləri bir daha dəqiqləşdirilərək icraya götürülüb. Tibb müəssisələrinin gücləndirilmiş iş rejimində çalışmaları  təmin edilib.

 

Koronavirus pandemiyasının yarada biləcəyi fəsadların və atipik pnevmoniyanın reanimasiyası üçün alınan 2 ədəd Ekstra Korporal Membran Oksigenasiya (EKMO) aparatından biri Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində, digəri isə Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdirilib. 20 stasionar, 4 portativ süni tənəffüs aparatı, 2 hemodializ cihazı, 30 infuziya pompası, 20 kardiomonitor, 10 elektrosorucu, 40 ədəd  funksional çarpayı alınaraq səhiyyə müəssisələrinə təqdim olunub.

 

Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi, Ağciyər Xəstəlikləri Dispanseri, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Terapiya və Pulmonologiya şöbələri COVID-19 xəstələrinin stasionar müalicəsi üçün hazırlanıb. Şərur Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsi, digər rayon mərkəzi xəstəxanalarının isə izolyator palataları xəstələrin qəbulu  üçün təşkil  edilib.

 

2020-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində COVID-19 xəstələrinin müayinəsi üçün xüsusi laboratoriya yaradılaraq Polimer Zəncirvari Reaksiya (PZR) aparatı quraşdırılıb. Xəstələrin, həmçinin xəstəliyə şübhəli vətəndaşların və onlarla təmasda olanların COVID-19-a görə müayinəsi üçün xeyli miqdarda yüksək keyfiyyətli reaktivlər gətirilib. Yeni qurulmuş laboratoriya 1 ədəd PZR cihazı, 4 ədədə bioloji təhlükəsizlik kabinəsi, 1 ədəd sentrafuqa, 1 termostat, 3 ədəd vorteks cihazı və  lazım olan digər avadanlıqlarla təchiz olunub. Laboratoriyaya ezam olunan 7 həkim və laborantlar müayinə işini mükəmməl mənimsəmək üçün təlimlər keçib. Hazırda laboratoriyada  bir dəfəyə 222 nümunədə müayinə aparmaq  üçün təchizat və işçi qüvvəsi mövcuddur. Nümunələr toplandıqdan sonra cavablar təqribən 5 saat müddətində hazır olur. Həm kabinələrin içində, həm də ekstraksiya otağında ultra bənövşəyi şua lampaları yerləşdirilib ki, proses bitdikdən sonra avadanlıqlar 70 faizli spirt məhlulu ilə silindikdən sonra ultra bənövşəyi şualarla dezinfeksiya olunur. Həmçinin laboratoriyada  otaqlar 5 faizli, kabinələr isə 0,5 faizli xloraminlə müntəzəm dezinfeksiya edilir.

 

Laboratoriyada  COVID-19-a şübhəli bilinən bütün xəstələrin, karantində və xəstələrlə təmasda olanların, təyyarə reysli sərnişinlərin, hərbi hospital xəstələrinin müayinəsi həyata keçirilir. 2020-ci ilin sentyabr ayına qədər 25 minə yaxın nəfərdə müayinə aparılıb. Şübhəli nəticə alınan hallarda müayinələr təkrar edilir.

 

Mart ayında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi və Elmi Tibbi Şurası tərəfindən inkişaf etmiş ölkələrin təcürübəsi əsas götürülərək COVID-19 xəstələrin müayinə, müalicəsi və profilaktikasına dair protokol hazırlanıb və  tibb müəsisələrinə paylanılıb. Bu protokola əsaslanaraq çox sayda xəstələrin müalicəsi təmin olunub.

 

COVID-19 xəstələrinin mart və aprel ayında stasionar müalicəsi Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində aparılıb. Bir sıra amillər nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin stasionar şöbəsi, Naxçıvan Muxtar Respublikası Xəstəxanasının pulmonologiya və terapiya şöbələri lazımı avadanlıqlarla təchiz olunaraq  xəstələrin qəbuluna başlanılıb.

 

Reanimasiya xidmətinin gücləndirilməsi üçün bu ixtisasdan olan həkimlər Yoluxucu Xəstəliklər Mərkəzinə ezam olunaraq onların iş qrafiki təşkil edilib. COVID-19-a spesifik təsir edən virus əleyhinə preparatların, həmçinin xəstəliyin fəsadları zamanı istifadəsi vacib olan dərmanların təminatı artırılıb.

 

Hazırda COVID-19 müayinələri müsbət çıxan orta ağır və ağır xəstələrin stasionar müalicəsi Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində, mənfi olan xəstələrin müalicəsi isə Naxçıvan Respublika Xəstəxanasında və  Naxçıvan  Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində həyata keçirilir.

 

2020-ci ilin mart-iyul ayları ərzində tibb müəssisələrində COVID-19-a görə stasionar müalicə almış 818 nəfər sağalaraq təxliyyə edilib. Babək, Şahbuz, Culfa, Ordubad rayon mərkəzi xəstəxanalarında xəstəliyə şübhə olduqda xəstələr müvəqqəti olaraq izolyatorlarda yerlədirilərək müayinə və müalicə üçün Naxçıvan Muxtar Respublika Yoluxucu Xəstəliklər Mərkəzinə göndərilib. Sədərək rayonunda isə yoluxma halları qeydə alınmayıb.    

 

Bütövlükdə muxtar respublikada əhalinin sayına görə sağalma göstəricisi 99,8 faiz təşkil edib. Qeydə alınan bütün ölüm halları çox ağır,  kəskin tənəffüs çatışmazlığına səbəb olan iki tərəfli yayılmış pnevmaniya, distres sindom, xroniki ürək, böyrək çatışmazlığı, ağciyər arteriyasının trombozu ağırlaşmalarına görə baş verib.

 

2020-ci ilin may ayından az simptomlu (yüngül) xəstələrin evdə karantin rejimində müalicəsi ilə bağlı Naxçıvan Şəhər Poliklinikasında və rayon mərkəzi xəstəxanalarında həkim briqadalar yaradılıb. Briqadalar tərəfindən xəstələrin evdə müayinə və müalicə tədbirləri ambulator şəkildə aparılıb. Sentyabr ayına kimi tibb işçiləri tərəfindən karantində olan 25 min 170  xəstəyə evlərdə və yaşadıqları yerlərdə tibbi xidmət göstərilib. Hər gün sahə həkimləri tərəfindən nəzarətdə olan xəstələrə baş çəkilib, müayinələr aparılaraq onların vəziyyəti dəyərləndirilib. Vəziyyətində pisləşmə qeydə alınan xəstələr hospitalizasiya olunub.

 

Müalicələrin səmərəliliyini artırmaq üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi tərəfindən “Azsimptomlu COVID-19 xəstələrin evdə müalicə və profilaktikası”na dair  protokol tərtib olunarq tibb müəssisələrinə paylanılıb və bütün rayonlarda, Naxçıvan Şəhər Poliklinikasında tibb işciləri və həkim briqadalarının fəaliyyətləri ilə bağlı seminarlar keçirilib, tibbi məsləhətlər verilib.

 

Xəstələrlə təmasda olan insanların hər biri profilaktik müayinə və müalicə tədbirilərinə cəlb edilib. Pandemiya dövründə 12 min nəfərdən çox insan karantinə alınıb.

 

Bu virusun dezinfeksiyaedicilərə qarşı çox həssas olması nəzərə alınaraq respublikamızda geniş miqyaslı dezinfeksiya və dezinseksiya işləri aparılıb. Sentyabr ayına kimi muxtar respublikada 2.666.471 kvadratmetr sahədə dezinfeksiya, 138.451 kvadrat metr sahədə dezinseksiya işləri aparılıb.

 

Tibb müəsisələrində dezinfeksiya tədbirlərinin vaxtında və düzgün aparılması, girişlərdə əllərin dezinfeksiyası, temperaturun ölçülməsi və maskalardan istifadə daim diqqət mərkəzində saxlanılıb, o cümlədən ambulator gəlişlərin və tibbi sığorta göndərişlərinin verilməsinin qismən dayandırılması xəstəliyin daha da çox artmasının qarşısını alıb.

 

Pandemiya dövründə muxtar respublika ərazisində fəaliyyət göstərən tibb müəsisələrində tibb işçilərinin və əhalinin infeksiyalardan qorunması məqsədilə 27 min 425 filtrli maska, 3 min 550 kombinezon, 52 min əlcək, 1 min 500 qoruyucu eynək, 40 digital termometr, 86 termometr 1.578 flakon spirt, 3 min 100  əl deznfenktantı, 845 kiloqram xloramin, 25 ton xlor 900 litr didisof, 150 litr deltametrin, 34 çiləyici, 300 ədəd oksigen maskası və digər zəruri bütün materiallar alınaraq tibb müəsisələrinə verilib. Eyni zamanda yetərli sayda ehtiyat yaradılıb.

 

Səhiyyə müəssisələrində tibbi heyətin, eləcə də sağlam insanların qorunması tədbirləri müntəzəm olaraq davam etdirilir. Tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi və əllərin sabun, dezineksiyaedicilərlə tez-tez yuyulması tədbirlərinin icrasına ciddi nəzarət edilir. Tibb müəssisələrində palatalar, koridorlar, müayinə kabinələri, manipulyasiya otaqları müntəzəm olaraq xüsusi dezinfeksiyaedicilərlə silinir. Tibb müəssisəsinə müraciət edən bütün xəstələrin hərarəti yoxlanılır. Hərarəti yüksək olan xəstələr müayinə üçün Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə göndərilir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin Sərəncamına əsasən koronavirus infeksiyasına qarşı aparılan profilaktik tədbirlərdə, o cümlədən COVID-19 xəstələrinin müayinə və müalicələrində iştirak edən tibb işçiləri aylıq vəzifə maaşının bir neçə misli məbləğində mükafatlandırılıblar.

 

Yaradılmış şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, pandemiya elan olunan virusa dünyanın inkşaf etmiş ölkələrindən fərqli olaraq muxtar respublikamızda nisbətən məhdud çərçivədə rast gəlinib, lokallaşdırılaraq yayılmasının qarşısı alınıb. Xəstəlikdən yaranan ağırlaşma və ölüm göstəriciləri də hətta inkişaf etmiş ölkələrlə müqayisədə qənaətbəxşdir.

 

Pandemiya şəraiti hələ davam etdiyindən payız mövsümündə onun növbəti dalğası da gözləniləndir və bu dalğadan kimsə sığortalanmayıb. Hələ bu bəlaya qarşı vaksinlərin də əlçatanlığı üçün müəyyən zamana ehtiyac var. Odur ki, bu məsələ Səhiyyə Nazirliyinin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. Təsadüfi deyil ki, nazirliyin sentyabrın 25-də keçirilən kollegiya iclasında da bu məsələ müzakirə olunub, müvafiq qərar qəbul edilib. Həmin qərara uygun olaraq Yoluxucu Xəstəliklər Mərkəzində, xüsusən də Reanimasiya şöbəsində kadrların peşəkarlığının artırılması, digər səhiyyə müəssisələrində də reanimasiya xidmətinin daha da yaxşılaşdırılması, xəstəliyin müayinə və müalicə protokollarından düzgün istifadə edilməsi, ağır xəstələrin vaxtında ixtisas həkimləri tərəfindən konsultasiyası, tibbi heyətin mühafizəsi diqqət mərkəzində saxlanılır.   

 

Azsimptomlu, yüngül xəstələrin karantin şəraitində evdə müalicə işlərinin təşkili ilə bağlı Naxçıvan şəhər poliklinikasının, rayon mərkəzi xəstəxanalarının sahə həkimləri və tibb bacıları ilə seminarlar keçirilir.

 

COVID-19 virusuna spesifik təsir edən, həmçinin ağırlaşmaları ilə bağlı istifadəsinə ehtiyac olan dərman  preparatlarının gətirilməsi və ehtiyatının yaradılması, Yoluxucu Xəstəliklər Mərkəzində xəstələrin müayinə olunduqları labaratoriyanın ahəngdar fəaliyyəti üçün lazımı tibbi avadanlıqlar, reaktivlərin alınıb gətirilməsi davam etdirilir.

 

COVID-19 infeksiyasının klinik əlamətləri və erkən diaqnostikası ilə bağlı sahə həkimləri və tibb bacılarının marifləndirilməsi tədbirləri artırılır, klinik əlamətlər qeydə alındıqda, eləcə də bütün şübhəli hallarda xəstələrin Ağciyər Xəstəlikləri Dispanserində laborator və digər müayinələrdən  keçirilməsi  təmin olunur.

 

Tibb müəssisələrində, idarə və təşkilatlarda virusa qarşı dezinfeksiya tədbirlərinin aparılması, qoruyucu vasitələrdən istifadə qaydalarına nəzarətin daha da gücləndirilməsi aparılan mübarizə tədbirləri sırasında yer alır.

 

Muxtar respublika rəhbərliyinin  koronavirusun ilk dalğasına qarşı həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində qazanılmış müəyyən təcrübə pandemiyaya qarşı mütəşəkkil şəkildə “döyüşməyə”, ona yenilməməyə inam yaradır. 

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları   
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır”