ATU-nun Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün növbəti seminar keçirilib
09.02.2023 11:48

ATU-nun Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün ənənəvi seminarlar davam edir. Fevralın 7-də üç aktual mövzuya dair növbəti seminar keçirilib. 

 

Klinikadan Aztibb.az-a bildirilib ki, təqdimatlardan öncə klinikanın rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov klinikada rezidentlərin nəzəri biliklərinin və praktik bacarıqlarının yüksəldilməsi üçün universitet rəhbərliyi tərəfindən əlverişli şərait yaradıldığını vurğulayıb. O, icrasına 2019-cu ildən start verilən bu layihə çərçivəsində indiyə qədər 100-dən çox mühazirənin dinlənildiyini bildirərək, rezidentləri məruzələr ətrafında müzakirələrdə fəal iştirak etməyə çağırıb.

 

II Mamalıq-ginekologiya kafedrasının müdiri, professor Hicran Bağırova da rezidentlərin aparıcı mütəxəssis kimi formalaşmasında bu cür tədbirlərin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Eyni zamanda, bəzi rezidentlərin seminarlarda iştirak etməyə həvəs göstərmədiklərindən təəssüfləndiyini deyib. Onları bu prosesə cəlb etməyin vacibliyini qeyd edən professor hər 3 mövzuda mühazirənin rezidentlər üçün faydalı olacağına əminliyini bildirib.

 

Daha sonra məruzələrin təqdimatına başlanılıb. İlk olaraq, II Mamalıq-ginekologiya kafedrasının dosenti Şəymən Qədimova “Ginekoloji təcrübədə sidikqaçırma, onun diaqnostikası və cərrahi müalicəsi” mövzusunda məruzə ilə çıxış edib.

 

Şəymən Qədimova qeyri-iradi sidikqaçırma ilə müşayiət olunan patologiyanın epidemiologiyası, onların əmələ gəlmə səbəbləri, növləri, müayinə və müalicə üsullarından danışıb. Xatırladıb ki, 2022-ci ilin statistikasına görə, dünyada qadınların 423 milyonu sidikqaçırmadan əziyyət çəkir. Onun sözlərinə görə, əsas risk faktoru yaşla əlaqədardır, qadınlar əsasən 35-dən yuxarı yaşlarda bundan şikayətlənirlər. Bədən kütlə indeksi də sidikqaçırmaya təsir göstərir. Doğuş və hamiləlik də əsas risk faktorlarındandır.

 

Məruzəçi şəxsi təcrübəsini də seminar iştirakçıları ilə bölüşərək, 2018-2022-ci illər ərzində II Mamalıq-ginekologiya kafedrasında müşahidə olunmuş 172 qadının müalicə nəticələri barədə məlumat verib.

 

“Sidiklik-uşaqlıq yolu fistullarının cərrahi müalicəsi bu gün” mövzusunda məruzə ilə çıxış edən Urologiya kafedrasının professoru Əlimərdan Bağışov bu ağır patologiyanın mamalıq praktikasında ağır doğuşlar, ginekoloji praktikada isə ginekoloji əməliyyatlar zamanı sidik orqanlarının zədələnməsi nəticəsində əmələ gəldiyini bildirib. Qeyd edib ki, uşaqlıq yolu fistullarının 43 faizi mamalıq, 52 faizi ginekoloji, 2 faizi onkoloji mənşəlidir. Həmçinin məişət travmaları və digər səbəblərdən də baş verir.

 

Məruzəçi əlavə ediib ki, fistulun diaqnozunun qoyulmasında uroqrafiya, renoqrafiya, vaginoqrafiya da böyük rol oynayır. Fistulun müalicəsi xəstəliyin əlamətlərindən, ağırlıq dərəcəsindən, ətraf toxumanın nə qədər zədələnməsindən, kiçik çanaq orqanlarının əzələ toxumasının xarakterindən asılı olaraq konservativ və operativ üsullarla aparılır. Fistulun ən geniş yayılmış ağırlaşması xəstəliyin residiv verməsidir. Bu zaman xəstəyə təkrar radikal əməliyyat tətbiq etmək lazım gəlir.

 

Professor apardıqları 221 əməliyyat zamanı tətbiq etdikləri yenilikləri də rezidentlərlə bölüşüb.

Daha sonra Tədris Cərrahiyyə Klinikasının Laboratoriya şöbəsinin həkimi Leyla Həşimovanın “Sidik yolları infeksiyaları” mövzusunda məruzəsi dinlənilib. Hamiləlikdə risk faktorlarından danışan həkim dəqiq diaqnoz qoyulması üçün ilk növbədə həmin nahiyənin florasını bilməyin vacibliyinə toxunub: “Əvvəlcə lazımlı bakteriyalar, sonra patogenezlər müəyyən edilməlidir. Sidik yollarının diaqnostikası 3 əsas kriteriya - klinik əlamətlər, iltihabi reaksiya və bakteriyanın izolyasiyası üzrə dəyərləndirilir. Hamiləlikdə rast gəlinən ən ağır forma kəskin pielonefritdir. Bu, sidik sistemini əhatə edən ən ciddi ağırlaşma və hamiləlik zamanı xəstəxanada yatışın əsas səbəblərindəndir. Son 20 ildə pielonefrit halları kəskin şəkildə azalıb. Bunun da əsas səbəbi asimptomatik bakteriuriyası olan qadınların vaxtında müalicə edilməsidir”. 

 

İnteraktiv şəraitdə keçən seminarda məruzəçilər rezidentlərin hər 3 mövzuya dair çoxsaylı suallarını cavablandırıblar.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib