Kimyəvi yanıqlar və şüa yanıqları zamanı təxirəsalınmaz yardım - Sevil Orucovanın MƏQALƏSİ
08.11.2022 01:19

Yüksək konsentrasiyalı turşular, yeyici qələvilər və ağır metal duzları dəriyə və selıkli qişalara düşdükdə müxtəlif dərəcəli kimyəvi yanıqlar inkişaf edir. Turşuların və ağır metal duzlarının təsirindən toxumaların tərkibindəki zülallar pıxtılaşır (koaqulasiya olunur), dehidratasiya (susuzlaşma) baş verir, proteinogenlər, albumozlar, peptonlar və digər birləşmələr əmələ gəlir. Bu səbəbdən də belə yanıqlar nisbətən dərin olmur və əmələ gələn quru nekroz koaqulyasion nekroz adlanır. Quru qartmaq aydın sərhədli olub, dəri səthindən yuxarı qalxmır, bir çox hallarda isə, əksinə çuxura düşür və ətrafındakı dəri hiperemiyalaşır.

 

Qələvilərin təsirindən kollikvasion nekroz baş verir. Bu zaman qələvilər toxumalardakı piylərlə birləşərək sabunlaşır, qələvi albuminatlar əmələ gəlir və bu səbəbdən də daha dərin yanıqlar baş verir.
Selikli qişalar kimyəvi maddələrin təsirindən asanlıqla zədələnir. Əllərin ovuc və ayaqların alt səthləri digər nahiyələrin dərisinə nisbətən kimyəvi agentlərə daha davamlıdırlar.

 

Turşuların əmələ gətirdikləri qartmaq quru olub, ətraf dəridən kəskin sərhədlə ayrılır. Sulfat turşusunun təsirindən qara, yaxud qəhvəyi, azot turşusu təsirindən - sarı-yaşıl, xlorid turşusu təsirindən - açıq-sarı, sirkə turşusu təsirindən yaşılımtraq, yüksək konsentrasiyalı hidrogen-peroksid təsirindən - ağ rəngli qartmaq əmələ gəlir. Çox zaman yanığı törədən maddənin iyini də hiss etmək olar.

 

Yeyici qələvilərin törətdiyi yanıqlarda əmələ gələn qartmaq boz qara rəngli, sərhədsiz və yaş olur.

 

Fosfor yanıqları turşu və qələvi yanıqlarından fərqlənir. Fosfor havada alışdığı üçün bu zaman termiki və kimyəvi (turşu) amillərin təsirindən kombinəolunmuş yanıq baş verir. Fosfor qalana qədər toxumaları yandıra-yandıra özünə tunel kimi yol açır.
Kimyəvi yanıqlar da termiki yanıqlar kimi dörd dərəcəyə bölünürlər. Lakin bu zaman II dərəcəli yanıqlarda suluqlar əmələ gəlmir.

 

Zədələnmə sahəsindən və dərəcəsindən asılı olaraq kimyəvi yanıqlarda da bir sıra ümumi pozğunluqlar qeyd edilir. Yanıq səthindən kimyəvi maddələrin, onun toxumalarla birləşərək əmələ gətirdiyi məhsulların sorulması müxtəlif ağırlıqlı intoksikasiya halları törədir. Belə hallarda beyin, ürək-damar pozğunluqları, ağciyərlərin toksiki ödemi və methemoqlobinemiya kimi ağırlaşmalar müşahidə edilir.

 

Təxirəsalınmaz yardım: İlk saniyə və dəqiqələrdən yanıq səthi 10-15 dəq, gecikmiş hallarda 30-40 dəq. ərzində su şırnağı altında yuyulur. Sönməmiş əhəng və alüminium birləşmələrinin yanıqlarında suyun işlədilməsi əks-göstərişdir. Sönməmiş əhəngin törətdiyi yanıqlarda yanıq səthinə bitki, yaxud heyvani mənşəli yağlar çəkilir və yaxud yanıq kanalı bu yağlarla doldurulur. HF (flüorid turşusu) ilə yanıqlarda su ilə yumanı 2-3 saat davam etdirirlər. Yuma kimyəvi maddənin iyi çəkilənə kimi, yaxud lakmus kağızının rəngi dəyişənə qədər aparılır.

 

Turşu yanıqlarında yara səthi sabunlu su, yaxud 3%-li çay sodası (1 stəkan suya 1 çay qaşığı çay sodası əlavə etməklə) məhlulu ilə yuyulur və yara səthinə həmin məhlulda isladılmış sarğı və ya quru sarğı qoyulur. Qələvi yanıqlarında yanıq səthi 2-5%-li limon, yaxud sirkə turşusu məhlulu ilə yuyulur və ora həmin məhlullarda isladılmış sarğı qoyulur. Fosfor yanıqlarında yanıq səthi güclü su şırnağı ilə yuyulur, 5%-li mis kuporosu məhlulu ilə işlənilir və steril quru sarğı qoyulur. Ümumi müalicə termiki yanıqlada olduğu kimi aparılır. Bu zaman kimyəvi maddənin törədə biləcəyi toksiki təsir də nəzərə alınmalıdır.

 

Şüa yanıqları

 

Şüa yanıqlarını törədən şüa enerjisi öz təsirinə görə 2 yerə bölünür:

 

1) ionizasiyaedici (IONIZING RADIATION): bu şüalar canlı orqanizmə təsir edərək toxumalarda olan molekulları ionlaşdırırlar, həmçinin bu şüalar mutagen, kanserogen və teratogen təsirə malikdirlər;

 

2) ionizasiyaedici təsirə malik olmayan (NON-IONIZING RADLATION): bu şüaların daşıdığı enerji ionizasiya törədə bilmir (radio dalğaları, infraqırmızı şüalar və s.). Günəş işığının törətdiyi yanıqlar bu qəbildəndir. Belə ki, ultrabənövşəyi şüalar dəridə piqmentasiya, infraqırmızı şüalar isə yanıqlar törədir.

 

Ultrabənövşəyi, rentgen, alfa, beta və qamma şüalarının təsirindən toxumalarda əmələ gələn yerli patoloji proseslərə şüa yanıqları deyilir.

 

Tez gedən nüvə reaksiyaları (atom yaxud hidrogen bombası), yaxud radioaktiv parçalanma zamanı meydana çıxan ionizasiyaedici şüalar - elektromaqnit kvantlrı və elementar hissəciklər seli insan orqanizminə təsir etdikdə, toxumalar tərəfindən udulurlar. Bu zaman xaric olan enerji canlı toxumaları dağıdır, müxtəlif yerli və ümumi patoloji hallar törədir, regenerasiya proseslərini kəskin pozur. Beta və qamma şualarının insan orqanizminə birgə təsiri zamanı şüa yanıqları şüa xəstəliyi fonunda inkişaf edir.

 

Bu şüaların təsirinə məruz qalmış insanların bədənində spesifik dəyişikliklər də baş verir ki, bu da şüa xəstəliyi adlanır. Şüa xəstəliyinin özünəməxsus, spesifik ümumi əlamətləri var: ürəkbulanma, qusma, zəiflik, anemiya, leykopeniya, trombositopeniya, baş ağrıları və s.

 

Patogenezi. Şüa enerjisinin toxumalara yerli lokal təsirindən kapillyarlarda genəlmə və staz, sinir uclarında, hissi və trofiki sinirlərdə degenerativ dəyişikliklər baş verir. Dəri ödemləşir, Malpigi qatı, tük follikulları, tər və piy vəziləri dağılır. Zülallar denaturasiyaya uğrayır, radiodermatitlər inkişaf edir və dərin toxumaların quru nekrozu baş verir. Radiasiya şüaları reparativ proseslərə və immun sistemə zəiflədici təsir göstərdiyindən yanıq sahəsinin ətrafındakı toxumalarda iltihabi reaksiya az nəzərə çarpır.

 

Klinikası. Şüa yanıqları 3 fazada gedir:
1) ilkin reaksiya dövrü (yaxud başlanğıc dövr);

2) gizli dövr;

3) nekrotik dəyişikliklər dövrü

 

Nekrotik dəyişikliklər dövrü də 3 mərhələyə bölünür: indurasiya, ekssudasiya, xoralaşma

 

İlkin reaksiya dövrü şüalanmadan bir neçə dəqiqə sonra meydana çıxan və 4-5 saat davam edən kəskin şüa dermatiti şəklində özünü bildirir. Yerli olaraq dəridə hiperemiya olur, dəri ödemləşir, gərginləşir, qaşınma və ağrı baş verir. Ümumi əlamətlərdən başağrıları, zəiflik, ürəkbulanma, taxikardiya, bəzən qusma və təzyiqin enməsi qeyd edilir.

 

Gizli dövrdə şüalanmış nahiyədə heç bir dəyişiklik olmur. Bu dövrün uzunluğu radiasiyanın dozasından və şüa enerjisinin növündən asılı olur: şüalanmanm dozası yüksək olduqca bu dövr bir o qədər qısa olur. Gizli dövr 20 günədək olarsa I dərəcəli (eritema), 7-10 gün olarsa - II dərəcəli (suluqlar) və 3-4 sutka olarsa isə III-IV dərəcəli (nekroz) yanıqlar müşahidə edilir.

 

Nekrotik dəyişikliklər dövründə əvvəlcə dəri qızarır, qalınlaşır və şişir, hiperemiya və ödem əmələ gəlir. Sonra bu əlamətlərə ağrılar da qoşulur, dəri bərkləşir (indurasiya).

 

Ekssudasiya dövrü dəridə suluqlarm əmələ gəlməsilə xarakterizə edilir. Sonradan suluqlar partlayır.
Xoralaşma dövründə eroziya,xora və nekroz inkişaf edir.nekrozun qopması və yaranm regenerasiyası uzanır. Nəticədə uzun müddət sağalmayan xoralar əmələ gəlir. Əksər hallarda infeksiya qoşulur, fleqmonalar, areaktiv sepsis baş verir. Trofık xoralar isə bədxassəli şişlərə keçə bilirlər.

 

Təxirəsalınmaz yardım müalicə: xəsarət almış şəxs radiasiya zonasından çıxarılır, hissəvi (bədənin açıq hissələrinin sabunla yuyulması) və tam sanitariya işlənilməsindən (paltarların çıxarılaraq dezaktivasiyası, sabunla və kisələnməklə ilıq duş, təkrari dozimetriya), dozimetrik nəzarətdən keçirilir, əgər radioaktiv maddəni yumaq mümkün deyilsə, belə halda dəri və dərialtı toxuma cərrahi yolla kəsilib atılır,yanıq səthinə soyuq və aseptik sarğı qoyulur;

 

İlkin reaksiya dövründə dəridə olan dəyişikliklər krioterapiya aparılmaqla müalicə olunur, sonra yanıq səthinə lanolin sürtülür, yaxud bitki və balıq yağı ilə, ya da levamizol, aerozol, olazol kimi emulsiyalarla sarğı qoyulur.

 

Gizli dövrdə də yanıq səthinin müxtəlif məlhəmlərlə müalicəsi davam etdirilir;

 

Nekrotik dəyişikliklər dövründə (suluqlarm, eroziya və xoraların əmələ gəlməsilə əlaqədar olaraq) nekrozun ümumi prinsiplərlə müalicəsi aparılır (antiseptik məhlullu sarğılar, proteolitik fermentlər, levomikol və s.).Bəzi hallarda şüa xorası kəsilib atılmaqla dəri plastikasından da istifadə edilir.

 

Ümumi müalicə zamanı xəstəyə ürək-damar dərmanları, ağrıkəsicilər,antibiotiklər, antihistaminlər, vitaminlər, biostimulyatorlar, damargenəldicilər (no-şpa, nikoşpan, spazqan) təyin edilir. Qan, aminkapron turşusu və qamma-qlobulin də vurula bilər.

 

Nərimanov Tibb Mərkəzinin həkim-pediatrı Sevil Orucova

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib