Yanıq xəstələrində yanıq dərinliyinin, yanıq sahəsinin və xəstəlik proqnozunun təyini üsulları - ELMİ MƏQALƏ  
15.10.2022 08:35

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə yanıqlar əhali arasında təsadüfi ölüm səbəbləri sırasında aparıcı yeri tutur. ABŞ-da təxminən hər il 1 mln-a yaxın insan yanıqlara görə təcili tibbi yardıma müraciət edir. Əksər yanıqlarda xəstələrin hospitalizasiyası tələb olunmur. Lakin, ağır dərəcəli yanıqlar xəstələr arasında morbidliyi və mortalite (ölüm hallarını) artırmış olur.

 

Bu barədə fikirlər Nərimanov Tibb Mərkəzinin həkim-pediatrı Sevil Orucovanın "Yanıqlar. Yanıq xəstələrində yanıq dərinliyinin, yanıq sahəsinin və xəstəlik priqnozunun təyini üsulları" adlı məqaləsində yer alıb.

 

Aztibb.az həmin məqaləni təqdim edir:

 

Amerika Yanıqlar Assosiasiyası termal yanıqları kiçik, orta və yüksək (ağır) dərəcəli yanıqlara bölür. Bu təsnifat əsasən yanığın dərinliyi və ölçüsünə əsaslanır. Yanıq almış xəstələrin müalicəsi və proqnozu məhz bu təsnifatla uyğun gəlir. Buna görə də xəstənin aldığı yanığın dərinliyi və ağırlıq dərəcəsi dəqiqliklə xarakterizə olunmalıdır. Termal zədə almış xəstələrdə yanığın dərəcəsini yenidən qiymətləndirmək tələb olunur, çünki zədə aldıqdan sonra ilk günlərdə termal zədənin həcmi artmış olur.

 

Yanıqların ənənəvi olaraq birinci, ikinci, üçüncü və ya dördüncü dərəcəli yanıqlara bölünməsi sistemi artıq yeni təsnifat sistemilə əvəz edilmişdir. Buna səbəb isə yanıqların cərrahi müdaxiləsi məsələlərinin də əks etdirilməsinin vacibliyi oub. Hazırda yanığın dərinlyinə görə səthi, səthi hissəvi, dərin hissəvi və dərinin tam yanıqları ayırd edilir. Müasir tibbdə dördüncü dərəcəli yanıq termini əzələlər, sümük və/və ya oynaqları da cəlb edən ən ağır yanıqların təsviri üçün istifadə edilir.

 

ABŞ-da geniş istifadə edilən təsnifat.

 

Səthi — Səthi və ya epidermal yanıqlar dərinin yalnız epidermal qatını cəlb etmiş olur. Bu növ yanıqlar suluqlanmır, lakin ağrılı, quru, qırmızı olur və təzyiq altında ağarır. Növbəti 2-3 gün ərzində ağrı və eritema azalır və təxminən 4-cü gün zədələnmiş epiteli soyulur və altında yeni epiteli formalaşmış olur. Bu növ zədələr adətən çapıqsız 5-6 günə tam sağalır. Günəş yanığı əksər hallarda məhz səthi yanıqdır.

 

Dərinin hissəvi yanığı — Səthi hissəvi yanıqlarda epidermis və dermisin bir hissəsi zədələnmiş olur. Onlar səthi və dərin hissəvi yanıqlara bölünür.

 

Səthi hissəvi dəri yanığı - Bu yanıqlarda 24 saat ərzində epidermislə dermis arasında suluqlar əmələ gəlir. Onlar ağrılı, qırmızı və yaş olur. İlkin müayinədə epidermal görünən yanıqlar bir sıra hallarda 12-24 saatdan sonra aparılan müayinədə səthi hissəvi yanıq kimi qiymətləndirilə bilər. Bu cür yanıqlar adətən 7-21 gün ərzində sağalır. Bu zaman çapıqların əmələ gəlməsi çox nadir hallarda müşahidə edilir, lakin dərinin piqmentasiyasında fərqlər mümkündür.

 

Yanığın səthində fibrinoz eksudat və nekrotik toxuma qatı yarana bilər ki, bu da yanıq yaralarının bakteriyal kolonizasiyasına və sağalmasının ləngiməsinə şərait yarada bilər. Ümumiyyətlə, səthi hissəvi yanıqlar adətən funksional pozuntu və ya hipertrofik çapıqlar yaratmadan sağalır.

 

Dərin hissəvi dəri yanığı -  Bu növ yanıqlar dermisin dərin qatlarını da əhatə edir. Dərin hissəvi yanıqlarda saç follikulları və vəz toxuması da zədələnmiş olur. Bu yanıqlarda dəriyə təzyiq olunduqda ağrılıdır, demək olar ki, həmişə suluqlu olur, yaş və ya mum kimi quru olur.

 

Əgər yanıqlar infeksiyadan qorunarsa və onların spontan sağalması üçün vaxt verilərsə, onlar adətən 3-9 həftə ərzində sağalır. Lakin, dərin hissəvi yanıqlarda əksər hallarda hipertrofik çapıqlar formalaşır. Əgər yanıq oynağı da cəlb edibsə, oynağın disfunksiyası inkişaf edə bilər. Hətta aqressiv fiziki reabilitasiya da bəzi hallarda oynaq disfunksiyasının qarşısını ala bilmir. 3 həftə ərzində sağalmayan dərin hissəvi yanıq funksional və kosmetik xüsusiyyətlər görə dərinin tam dərinlilinin yanığıa bərabər edilir. Bəzi hallarda dərin hissəvi yanıqları dərinin tam dərinliyinin yanığından differensiasiya etmək çətin olur.

 

Dərinin tam dərinliyinin yanığı - Bu yanıqlar dermisin bütün qatlarından keçir və çox zaman altda olan dərialtı toxumanı da zədələmiş olur. Yanıq qasnağı, olmüş və denaturasiya olmuş derma adətən intakt olur. Eskar və ya ölmüş dəri bir çox hallarda ətrafların və ya bədənin hər hansı hissəsini dairəvi əhatə etdikdə, onun qan təchizatını ciddi şəkildə poza bilir. Dərinin tam dərinliyinin yanığı adətən ağrısız və ya az ağrılı olur. Dərinin görünüşü bəzən solğun və ya bozdan qaraya qədər dəyişə bilər. Saçlar isə saç follikullarından asanlıqla dartılıb çıxarıla bilir. Suluqlar müşahidə edilmir.

 

Solğun tam dərinliyi əhatə edən yanıqlar normal dəri kimi görünə bilər, lakin ona təzyiq etdikdə rəngi dəyişməz qalır. Dərinin tam dərinliyinin yanığı zamanı formalaşan eskar və ya ölü dəri toxuması onun altında yerləşən sağlam toxumalardan ayrılır. Cərrahi əməliyyat olmadan bu tip yanıqlar yanıq sahəsinin kənarlarından başlanan epitelizasiyası ilə sağalır. Bu zaman çapıqlar ağır dərəcəli və kontrakturalar ilə səciyyəvi olur. Tam spontan sağalma mümkün deyil.

 

Yanıqlar bütün cərrahi xəstəliklərin təxminən 2%-ni təşkil edir. Yanıqların (combustio) ən çox rast gələn növü termiki yanıqlardır. Yüksək hərarətin (alov,isti buxar,qaynar su və digər mayelər,qızmış müxtəlif əşyalar və s.) bilavasitə insan bədəninə təsiri nəticəsində termiki yanıq əmələ gəlir. Yanıqlar zamanı toxumaların zədələnməsinin əsasında onların həddən artıq qızması durur. Toxumaların qızma dərəcəsi travma verən agentin temperaturundan və təsir müddətindən asılıdır. İnsan dərisinin dözümlülük həddi təxminən 50 dərəcə C –yə qədərdir. Toxumalar 52 dərəcədən yuxarı qızanda zülalların koaqulyasiyası geridönməz xarakter alır. 50 dərəcə temperaturlu agent 3 dəqiqə ərzində dərini nekroz edə bilər. Leykosit və osteoblastlar isə 44-46 dərəcədə ölür. 42 dərəcəli termiki agent dəriyə fasiləsiz 6 saat təsir etdikdə dəri nekroza uğrayır. Əgər toxumalar 58 dərəcədən aşağı temperaturda qızdırılarsa toxumaların yaş, 65 dərəcədən yuxarı isə quru nekrozu baş verir.

 

Zədələnmənin dərinliyinə görə yanığın IV dərəcəsi vardır.

 

I dərəcəli yanıqda zədələnmə (eritema) zamanı gedən dəyişikliklər funksional xarakter daşıyır, 5-10 gündən sonra çapıq əmələ gəlmədən sağalır.

 

II dərəcəli yanıqda yalnız epidermis zədələnir, dəridə içi seroz maye ilə dolu suluqlar əmələ gəlir. Yaraların kənarlarından başlanan epitelizasiya 10-14 günə çapıqsız başa çatır.

 

III A dərəcəli yanıq zamanı dərinin üst qatı məməyəbənzər qatın zirvəsinə qədər nekrozlaşır. 4-6 həftə ərzində baş verən sağalma çapıqsız başa çatır, lakin piqmentasiya uzun müddət qalır.

 

I,II,IIIA dərəcəli yanıqlar səthi yanıqlardır.

 

IIIB dərəcəli yanıqlarda dəri tamamilə nekrozlaşır. 3-4-cü həftənin sonunda dəri qranulyasiya ilə örtülməyə başlayır. Sağalma çox vaxt kobud çapıqlaşma ilə başa çatır.


IV dərəcəli yanıqda nəinki dəri və hətta aldakı yumşaq və bərk toxumalar (sümüklər) də komürləşir.

 

İlk günlərdə yanığın dərinliyini təyin etmək üçün üsullar:

 

Bastma üsulu: Bu üsul yanıq zonasında qan dövranının pozulma dərəcəsinə əsaslanır (qan dövranı olmayan-koaqulyasiya s.nekroz zonası, durğunluq (staz) s. paranekrotik zona , periferik hiperemiya s. eritema zonası. Birinci zonadakı toxumalar ölüb, ikinci zonadakı dəyişikliklər şübhəli, üçüncü zonadakı dəyişikliklər isə geridönən xarakter daşıyır. Yanıqdan sonrakı ilk günlərdə zədələnmənin dərinliyini infraqırmızı termoqrafiya metodu (ölmüş zonalardan istilikvermə azalır) ilə təyin etmək olar. Kliniki olaraq ətrafların dərin yanıqlarında distal hissələrdə ödem inkişaf edir. Təxmini üsullara ağrı (iynə batırmaq s.spirtlı pambıqla toxunmaq) və tük (dərin yanıqlarda tükün çıxarılması asan və ağrısız olur) sınaqları aiddir. Bu sınaqlar səthi və dərin yanıqları fərqləndirməyə imkan verir. Yanıqların dəqiq dərinliyi yalnız 7-14 cü günlər təyin edilir.

 

Yanıq sahəsinin təyini :

 

1) Ovuc qaydası (hər bir adamın ovucu ümumi bədən sahəsinin 1-2%-ni təşkil edir).

 

2) Uollesin doqquzlar qaydası (baş-boyun 9%, yuxarı ətraflar hər biri 9%,gövdənin önü 18%, arxası 18%, aşağı ətrafların hər biri 18%, aralıq 1%.

 

3) Selafon üsulu (yanıq səthi üzərində işarələnmiş selafan millimetrik kağız üzərinə qoyularaq hesablanır).

 

4) Postnikov cədvəli (yanıq sahəsi bədənin ayrı-ayrı sahələrinin bədənin ümumi sahəsinin (16-18 000 sm2.) neçə faizini təşkil etdiyini göstərən cədvələ nəzərən hesablanır).

 

5) Vilyavin sxemi ilə (insan bədənin kvadratlara bölünmüş ön və arxa sxemi təsvir olnmuş vərəqələrdə yanığın sahəsi və dərəcəsi müxtəlif rəngli karandaşlarla qeyd edilir).

 

Uşaqlarda yalnız ovuc və Landa və Brouder cədvəllərinə əsasən hesablama keçərlidir.

 

Ağırlıq dərəcəsi: böyüklərdə >30%, uşaqlarda >15% II və III dərəcəli yanıqlar ağır yanıq sayılır.

 

Yanıqlarda proqnozun təyini qaydaları.

 

a) yüzlüklər qaydası- xəstənin yaşı + yanığın faizlə sahəsi:
60- a qədər proqnoz qənaətbəxş, 61-80 - nisbətən qənaətbəxş, 81-100 - olarsa şübhəli, 100-dən çox –qeyri - qənaətbəxş götrülür.

 

b) Frank indeksinə görə səthi yanıq sahəsinin 1%-i şərti olaraq 1vahid, dərin yanıq sahəsinin 1%-i isə 3 vahid götürülür. Bu üsul əsasən uşaqlarda tətbiq edilir. Əgər indeks 30-a qədərdirsə proqnoz qənaətbəxşdir, 31-60-nisbi qənaətbəxş, 61-90-çox ağır (şübhəli), 91-dən yuxarı kritik (qeyri-qənaət- bəxş) sayılır. Son illər bu üsuldan böyüklərdə də istifadə olunur.

 

Böyüklərdə Frank indeksi:


30-70 olarsa proqnoz qənaətbəxşdir, 71-100-şübhəli, 101-120 və daha çox –qeyi - qənaətbəxş,130-dan yuxarı həyatla bir araya sığmır. Əğər tənəffüs orqanlarının inhalyasion termiki zədələnməsi varsa, onda bu bədən səthinin 10%-li dərin yanığına ekvivalentdir. Həm də tənəffüs yollarının yüngül yanığı olduqda Frank indeksinə 15, ağır formalı yanıqlarında isə 30 vahid əlavə olunur.

 

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib