“Sepsis: Simptomları və müalicəsi” - Nərimanov Tibb Mərkəzinin pediatrı Sevil Orucovanın məqaləsi
11.10.2022 15:40
Sepsis ümumi infeksion xəstəlik olub, polietioloji olması (spesifik törədicinin olmaması), yüksək temperatur, kompensasiya olunmayan bakteriemiya və orqanizmin reaktivliyinin dəyişməsi (rezistentliyin kəskin aşağı düşməsi) ilə xarakterizə olunur. Qlobal Sepsis Birliyinin məlumatlarına görə, dünyada hər saniyədə bir adam sepsis səbəbiylə dünyasını dəyişir.
 
Sepsis, infeksiyaya qarşı immun reaksiyanın tənzimləyici mexanizmlərinin pozulması nəticəsində baş verən kliniki sindromdur. Geniş yayılmış toxuma zədələnməsinə gətirib-çıxaran çoxsaylı patobioloji proseslərlə səciyyələnir. Septiki şok və poliorqan çatışmazlığı da daxil olmaqla, müxtəlif ağırlıq dərəcəsinə malik kliniki sindromlar spektrini əhatə edir.
 
Bu fikirlər Nərimanov Tibb Mərkəzinin həkim-pediatrı Sevil Orucovanın “Sepsis: Simptomları və müalicəsi” sərlövhəli məqaləsində yer alıb. 
 
Aztibb.az məqaləni təqdim edir:
 
Dünyada sepsis uşaqlar arasında xəstələnmə və ölümün aparıcı səbəbini təşkil edir.
 
Yenidoğulmuşlarda erkən başlanan sepsis (EBS):
 
Həyatın ilk 72 saatında başlanan sepsis neonatal sepsis kimi müəyyən edilir. EBS zamanı ən çox aşkar olunan törədicilər B-qrupu streptokokkları (BQS) və qram mənfi çöplərdir (xüsusilə, Escherichia coli).
EBS-in etiologiyasında duran digər törədicilər arasında isə qızılı stafilokokklar, koaqulaza mənfi stafillokokklar, Haemophilus influenzae və enterokokklar üstünlük təşkil edir.
 
Listeria monocytogenes nadir hallarda rast gələn infeksiyadır, lakin qeyri-mütənasib şəkildə hamilə qadınlar və dölü yoluxdurmağa meyl göstərir. O, EBS və ya gec başlanan neonatal sepsis törədə bilər.
 
Yenidoğulmuşlarda gec başlanan sepsis (GBS):
 
Həyatın ilk 72 saatından sonra 1 aylığadək dövrdə başlanan sepsis gec başlanan neonatal sepsis kimi müəyyən edilir. Hazırda GBS-in etioloji amilləri arasında ən çox koaqulaza-mənfi stafilokoklar aşkar olunur. Bu isə hospitalizasiya edilmiş yenidoğulmuşlarda damar kateterindən yoluxan infeksiyaların yüksək insidentliyi ilə əlaqədardır. Həmçinin EBS-ə səbəb olan törədicilər tərəfindən də törədilə bilər.
 
Uşaqlarda sepsisin müalicəsi üçün əvvəlcə patologiyanın cəld aşkarlanması tələb olunur. Xəstələrin müvafiq çeşidlənməsi və müalicəyə cəlb edilmə məqsədilə tibb işçiləri arasında uşaqlar və yenidoğulmuşlarda sepsisin arzuolunmaz və ya xəbərdaredici əlamətlərinə dair maarifləndirmənin aparılmasına diqqət yetirilməlidir. Uşaq ölümü hallarının nəzərdən keçirilməsi onu söyləməyə əsas verir ki, çox vaxt ağır sepsis və septiki şok aşkarlana bilmir və nəticədə tibb mütəxəssisi ilə ilkin söhbət zamanı ya müalicə gecikdirilir, ya da düzgün istiqamətdə aparılmır. Antibiotiklərin cəld təyini və infuzion terapiya ilə birlikdə standart ABC (tənəffüs yollarının keçiriciliyinin təmin edilməsi, tənəffüs və qan dövranı) yanaşması uşaqlarda sepsis və septiki şokun müalicəsinin əsas elementləridir.
 
Əgər uşaqda şübhəli və ya təsdiq olunmuş infeksiya və aşağıdakılardan ən azı iki əlaməti vardırsa, həkim sepsis və ya septiki şokdan şübhələnməlidir:
 
- Mərkəzi temperatur <36°C və ya >38.5°C olarsa;
- Qeyri-adekvat taxikardiya (yerli meyarlar və ya qabaqcıl pediatrik reanimasiya təlimatlarına istinadən);
- Psixi durumun pozulması (məs., yuxululuq, qıcıqlanma, letargiya, hədsiz zəiflik, huşun aydınlıq dərəcəsinin pozulması);
- Periferik perfuziyanın azalması və ya kapillyarın təkrar dolma müddətinin uzanması.
 
Əgər kliniki diaqnozun qoyulması çətinlik törədərsə, uşaqlarda sepsisin aşkarlanmasında təcrübəyə malik klinisistlə məsləhətləşmək lazımdır. Aşağıdakı tədbirlər kliniki mənzərə başlandıqdan sonra 1 saat ərzində icra edilməlidir:
 
- Əlavə oksigen verilməlidir;
 
- Kliniki mənzərə başlandıqdan sonra 5 dəqiqə ərzində venadaxili (v/d) giriş təmin edilməli və hemokultura, qanda qlükoza (qlükoza aşağıdırsa, müalicə edilməlidir) və arterial, kapillyar və ya venoz qanda qazlar da daxil olmaqla, qanın laborator müayinələri təyin edilməlidir;
 
- İlkin göstəricilərin təyin olunması məqsədilə, qanın ümumi kliniki analizi, zərdabda süd turşusu və C-reaktiv zülalın miqdarı da yoxlanılmalıdır;
 
- Yerli qaydalara uyğun olaraq, geniş spektrli antibiotiklərin v/d yeridilməsinə başlanılmalıdır;
 
- İnfuzion terapiya nəzərdən keçirilməlidir. Burada məqsəd, dövr edən qanın normal həcminin və fizioloji parametrlərinin bərpasıdır. İzotonik məhlul (20 ml/kq) 5 dəq ərzində titrasiya edilməli və zərurətə uyğun şəkildə təkrar yeridilməlidir. Krepitasiya (xırıltı) və hepatomeqaliyanın qiymətləndirilməsi vasitəsilə orqanizmin maye ilə yüklənməsinə diqqət yetirilməlidir;
 
- Müalicəyə təcrübəli həkim və mütəxəssislər cəlb olunmalı və erkən konsultasiya aparılmalıdır;
 
- Əgər ≥40 ml/kq maye yeridildikdən sonra normal fizioloji parametrlər bərpa olunmazsa, tez bir zamanda vazoaktiv-inotrop dəstəkləyici terapiya nəzərdən keçirilməlidir. Adrenalin (epinefrin) və ya dopaminin periferik v/d və ya s/d yolu ilə təyininin mümkün olduğunu yadda saxlamaq vacibdir;
 
- Tənəffüs yollarının keçiriciliyi və tənəffüs funksiyasının idarə edilməsi;
 
- Qabaqcıl reanimasiya alqoritmləri əsasında tənəffüs yollarının keçiriciliyi təmin edilməli və tənəffüs funksiyası idarə edilməlidir.
 
Ürək-damar sisteminin qeyri-stabil olduğu dövrdə və ya şok zamanı ilkin olaraq yüksək intensivlikdə və yüksək konsentrasiyada olmaqla, əlavə oksigen verilməlidir. Oksigenin, rezervuar kisəsinə malik olan maska və ya skafandr-başlıqdan verilməsinə üstünlük verilir. Verilən oksigenin miqdarı nəbz oksimetriyasının nəticələri əsasında titrasiya edilməli və xəstənin vəziyyəti hemodinamik cəhətdən stabilləşdikdən sonra oksigen saturasiyasının >94% olması nəzərdə tutulmalıdır. Vaxtından qabaq doğulmuş və anadangəlmə ürək qüsuruna şübhə olan yenidoğulmuşlarda ehtiyatlılıq tələb olunur.
 
Xəstənin tənəffüs yollarının keçiriciliyi təmin olunmalıdır. Əgər ağciyərlərin fəaliyyətinin süni şəkildə dəstəklənməsi tələb olunarsa və ya xəstənin huşu pozularsa, intubasiya tövsiyə olunur. Ürək-damar fəaliyyətinin zəifləməsi müşahidə olunan xəstələrdə mexaniki ventilyasiya tənəffüs hərəkətlərinın azaldılması və sol mədəcik funksiyasına müsbət təsir göstərməklə ürəyin yükünü azaldır. Həkim intubasiya məqsədilə anesteziya aparılarkən, ürək-damar kollapsı və/və ya ürəktutmaya hazır olmalıdır.
 
Anesteziyaya başlayarkən yanaşı infuzion terapiya və inotroplar təyin olunmalıdır. Nisbətən stabil ürək-damar profilinə malik anestetiklərdən (məs., ketamin, rokunorium) istifadə tövsiyə olunur. Hazırda, etomidatın böyrəküstü vəzini supressiya etməsinə dair narahatlıq doğuran fikirlər mövcud olduğu üçün, uşaqlarda septiki şok zamanı bu preparatın istifadəsi tövsiyə olunmur.
 
İlkin infuzion terapiya
 
Kapillyar sızması nəticəsində damardaxili mühitdən kənara profuz şəkildə mayenin çıxması baş verir və bu hal bir neçə gün davam edə bilər. İnfuzion reanimasiya ürək yığılmalarının normal tezliyi, arterial təzyiq və kapillyarın təkrar dolma müddətinin bərpasına yönəlmişdir.
 
Əsas məqam, ürək yığılmalarının tezliyi və arterial təzyiqin normal fizioloji göstəricilərinin bərpa edilməsinə yönəlmiş erkən və sürətli infuziyanın aparılmasıdır. Bunun üçün hansı məhlulun seçilməsi mübahisə mövzusudur, lakin məhlul izotonikdirsə, spesifik növü o qədər də əhəmiyyətli deyil. Çox vaxt natrium-xlorid (0.9%-li) və ya balanslaşdırılmış duz məhlulları (məs., Plazma-layt, Hartman məhlulu və ya Ringer-laktat məhlulu) istifadə edilir və bu məqsədə müvafiqdirlər. Albumin də (4-5%-li) təyin edilə bilər. Uşaqlarda sepsis zamanı reanimasiya məqsədilə kolloid məhlullarının təyininin nəzəri üstünlükləri ola bilər, lakin böyüklərdə reanimasiya zamanı onlar əlverişli deyil və hazırda uşaqlarda da onların lehinə və ya əleyhinə hər hansı tövsiyənin verilməsi üçün kifayət qədər elmi dəlil mövcud deyil. Vazoaktiv-inotrop terapiya infuzion terapiyaya davamlı şok zamanı erkən dövrdə nəzərdən keçirilməlidir.
 
İnfuziya 20 ml/kq-lıq cəld bolus şəklində yeridilməli və ehtiyac olarsa, təyinat təkrarlanmalıdır. Mayelər yalnız orqanizmin maye ilə yüklənmə əlamətləri olmadıqda (yəni, tənəffüs fəaliyyətinin çətinləşməsi, ağciyər krepitasiyaları, hepatomeqaliya, at çapması ritmi) təyin edilə bilər. Orqanizmin maye ilə yüklənmə əlamətlərini aşkarlamaq üçün hər maye bolusunun yeridilməsindən qabaq kliniki qiymətləndirmə aparılmalıdır. Uşaqda septiki şok zamanı maye pis paylandığı üçün hospitalizasiyadan sonra ilk sutka ərzində infuzion terapiya məqsədilə >100 ml/kq maye yeridilməsi qeyri-adi hal deyil, lakin infuzion terapiyaya rezistent şok zamanı vazoaktiv-inotrop dəstəkləyici terapiya da erkən nəzərdən keçirilməlidir.
 
Dəstəkləyici infuzion terapiya üçün tələb olunan mayenin miqdarı xəstənin kliniki vəziyyətindən asılı olaraq, dəyişir və hər uşaqda fərdi əsasda qiymətləndirilməlidir. Tələb olunan mayenin miqdarını hesablamaq üçün aşağıdakı düstur tətbiq olunur:
 
• (ilk 10 kq üçün 4 ml/kq) + (11-20-ci kiloqramlar üçün 2 ml/kq) + (20 kq-dan sonra hər kiloqram üçün 1 ml) = saatlıq miqdar.
Məsələn, 23 kq çəkili uşaqda dəstəkləyici infuzion terapiya üçün tələb olunan mayenin miqdarı aşağıdakı kimi hesablanır:
• (4mlx10kq)+(2mlx10kq)+(1mlx3kq)=yeridiləcəkmayeninsaatlıqmiqdarı • 40ml+20ml+3ml=63ml/saat.
 
Bu düsturdan istifadə edilməklə tələb olunan mayenin miqdarının hesablanması zamanı alınan göstərici, adətən, real halda tələb olunan miqdardan artıq olur. Burada tövsiyə olunur ki, infuzion terapiya düstur əsasında hesablanmış həcmin 60-80% ilə məhdudlaşdırılsın, belə ki, uşaqlarda sepsis zamanı çox vaxt antidiuretik hormonun qeyri-adekvat sekresiya sindromu (ADHQAS) nəticəsində orqanizmdə mayenin ləngiməsi baş verir. Əksinə, uşaqda yüksək hərarət varsa, gizli şəkildə suyun itirilməsi arta bilər.
 
Orqanizmin hidratasiya statusu, maye balansı, böyrək funksiyası və qan zərdabında elektrolitlərin miqdarı ilə yanaşı, mayelərin də nəzərdən keçirilməsi vacibdir.
 
Maye balansının saxlanılması
 
Adekvat infuzion terapiya nəticəsində təbii olaraq maye balansının qorunması mümkün olmayan xəstələrdə diurez göstəriş ola bilər. Mümkün variantlara diuretiklər, peritoneal dializ, fasiləsiz veno-venoz hemofiltrasiya və ya böyrək funksiyasının əvəzedici terapiyası (BƏT) daxildir. Koqorta tədqiqatlarının məlumatları göstərir ki, kritik vəziyyətdə olan və orqanizmin maye ilə yüklənməsi mövcud olan uşaqlarda BƏT-ə başlamazdan qabaq ölüm göstəricisi daha yüksəkdir.
 
Hemodinamik cəhətdən qeyri-stabillik və kəskin böyrək çatışmazlığı müşahidə edilən, böhran vəziyyətində olan uşaqlarda orqanizmin maye ilə yüklənməsi tez-tez rast gəlir və kliniki əlamətlərə nəzarət etmək (məs., auskultasiyada ağciyərlərdə krepitasiya, hepatomeqaliya və bədən kütləsinin ilkin göstərici ilə müqayisədə >10% artması) vacibdir.
 
Əgər orqanizmin maye ilə yüklənməsi baş verərsə, diuretiklərin erkən təyini və fasiləsiz BƏT nəzərdən keçirilməlidir. Kəskin böyrək çatışmazlığı və orqanizmin maye ilə yüklənməsi zamanı BƏT-in erkən istifadəsinin və maye balansına fəal nəzarətin sağalma göstəricilərini yaxşılaşdırdığına dair elmi dəlillərin sayı getdikcə artmaqdadır.
 
Septiki şok və purpura zamanı yüksək intensivlikli fasiləsiz hemofiltrasiya (yəni, >35 ml/kq/saat) nəzərdə tutula bilər. Belə ekstrakorporal terapiyanın istifadə edildikdən sonra 6 saat müddətində iltihab mediatorlarını qeyri-spesifik olaraq kənarlaşdırma qabiliyyəti sayəsində inotrop və vazopressor preparatlara olan ehtiyacı azaltdığı güman edilir, lakin hazırda bu strategiyanın xəstəliyin nəticələrini yaxşılaşdırdığına dair elmi dəlillər qeyri-qənaətbəxşdir.
 
Ürək-damar sistemi fəaliyyətinin idarəedilməsi: inotrop terapiyası
 
Periferik v/d və ya s/d:
 
Terapiyanın gecikdirilməməsi məqsədilə, mərkəzi damar kateteri yerləşdirilənədək effekti zəiflədilmiş vazoaktiv-inotrop preparatların (məs., adrenalin (epinefrin), dopamin) venadaxili periferik sistem vasitəsilə yeridilməsi tövsiyə olunur.
 
İnfuzion terapiyaya rezistent şok zamanı vazoaktiv-inotrop preparatların erkən istifadəsinin nəticələri yaxşılaşdırdığı müəyyən edilmişdir. İnfuzion terapiyaya rezistent şok müşahidə edilən 120 uşaq üzərində aparılmış bir təkmərkəzli, ikiqat kortəbii, randomizə edilmiş, nəzarət olunan tədqiqatda dopaminlə müqayisədə adrenalinin periferik v/d və ya s/d yeridilməsinin sağalma baxımından daha üstün olduğu müəyyən edilmişdir (şans nisbəti 6.49, 95%-li Eİ 1.1-37.
 
Soyuq şok zamanı (ürək atımının azalması və sistemli damar müqavimətinin yüksəlməsi, yaxud da həm ürək atımının, həm də sistemli damar müqavimətinin azalması kimi müəyyən olunur) aşağıdakı müalicə tətbiq olunmalıdır:
 
Yeridilən mayelər titrasiya olunmalı və adrenalin (epinefrin) təyin edilməlidir.
 
Əgər arterial təzyiq hələ də aşağıdırsa,noradrenalin (norepinefrin) yeridilməsi nəzərdən keçirilməlidir. Əgər arterial təzyiq normaldırsa, lakin ScvO2 hələ də <70% təşkil edirsə, dobutamin və ya milrinon və intensiv infuzion terapiya nəzərdə tutulmalıdır.
 
İsti şok zamanı (ürək atımının artması və sistemli damar müqavimətinin azalması kimi müəyyən olunur) aşağıdakı müalicə tətbiq olunmalıdır:
 
Yeridilən mayelər titrasiya olunmalı və noradrenalin (norepinefrin) təyin edilməlidi;
Əgər hipotoniya davam edərsə, vozopressin təyini nəzərdən keçirilməlidir;
Ürək atımına nəzarət edilməlidir.
 
Ürək atımına nəzarət və hədəf göstəricilər
 
AİTK-PALS təlimatlarında intensiv simptomatik terapiyanın davam etdirilməsi və müalicənin ürək atımı və ya ürəyin indeks göstəriciləri əsasında istiqamətləndirilməsi tövsiyə olunur.
 
Keçmiş tədqiqatlarda ürək atımı və oksigen sərfiyyatının kombinəolunmuş ölçüsü olaraq, mərkəzi venoz qanda oksigen saturasiyasından (ScvO2) istifadə edilirdi. ScvO2 daimi mərkəzi venoz kateter vasitəsilə yuxarı boş venadan (YBV) götürülmüş qan nümunəsində qaz tərkibini analiz etməklə ölçülür. Ürək indeksinin hədəf göstəricisi 3.3-6.0 l/dəq/m2 və YBV-də qanın hədəf axın sürəti >40 ml/kq/dəq təşkil edir.
 
Uşaq və yeniyetmələr üzərində aparılmış tədqiqatda AİTK-PALS təlimatlarına uyğun müalicə aparılmış, 51 xəstədə ScvO2-nin hədəf göstəricisi ≥70% seçilmiş, digər 51 xəstədə isə hər hansı hədəf göstərici müəyyən edilməmişdir. ScvO2-nin hədəf göstəricisinin ≥70% həddində seçilməsi ilk 6 saat ərzində infuzion terapiya həcminin əhəmiyyətli dərəcədə artması, hemotransfuziya və vazoaktiv-inotrop preparatlarla dəstəkləyici terapiyanın tələb olunması ilə nəticələnmişdir.
 
Son vaxtlar aparılmış bir neçə tədqiqatın nəticələri isə invaziv nəzarətin faydası haqqında fikirləri sual altında qoyur. ProMISE, ProCESS və ARISE tədqiqatlarında böyüklərdə septiki şok zamanı erkən məqsədyönlü terapiyanın standart terapiya ilə müqayisədə sağalma göstəricilərində hər hansı faydaya malik olmadığı müşahidə edilmişdir. Qeyd etmək vacibdir ki, həm erkən məqsədyönlü terapiya, həm də standart terapiya qruplarında infuzion terapiya üçün analoji miqdarda maye tələb olunmuşdur.
 
Hemodinamik göstəricilərin invaziv üsullarla izlənilməsi İTŞ-dən kənar şəraitdə çox vaxt çətinlik törətsə də, bir çoxları təkid edir ki, maye və vazoaktiv-inotrop preparatların erkən və intensiv tətbiqi ScvO2-nin ölçülmədiyi hallarda ağır sepsis və septiki şokun müvəffəqiyyətlə müalicə olunmasının əsas elementləridir.
 
Ürək atımına nəzarətin digər üsullarına aiddir:
 
• Transezofaqal doppler ultrasəs müayinəsi
• Nəbz indeksinin konturlanması vasitəsilə ürək atımının monitorinq
• Bud arteriyasında termodurulaşdırıcı katererin yerləşdirilməsi
 
Antibiotik terapiyası
 
Antibiotikin seçilməsi mürəkkəb prosesdir və kliniki sindrom, əsas patologiya, dərman preparatlarına qarşı dözümsüzlük və yerli şəraitdə törədicilərin həssaslıq profilinə dair məlumatlara istinad etməlidir. Müalicə hər yaş qrupu və coğrafi ərazi üzrə prevalentlik təşkil edən mikroorqanizmlərə qarşı effektiv olan geniş spektrli antibiotiklərlə başlanılmalıdır. Etioloji törədici identifikasiya edildikdən sonra müvafiq dar spektrli antibiotikin təyininə keçid edilməlidir.
 
Yenidoğulmuşlarda erkən başlanan sepsis zamanı antibiotik təyini:
 
Erkən başlanan neonatal sepsis (EBS) həyatın ilk 72 saatında başlanan sepsis kimi müəyyən olunur.
 
Seçilən antibiotiklərlər B qrupu streptokokları (BQS) və qrammənfi çöplərə qarşı effektiv olmalıdır. Milli Səhiyyə və Tibbi Xidmətin Keyfiyyətli Təşkili İnstitutu (NICE) tərəfindən verilən uyğun empirik antibiotik terapiyasına misal olaraq, benzilpenisillin + gentamisin təyinatı göstərilə bilər.Digər misal ampisillin + gentamisin və ya sefotaksimdir.
 
Yenidoğulmuşlarda gec başlanan sepsis zamanı antibiotik təyini
 
Gec başlanan neonatal sepsis (GBS) həyatın 72 saatından 1 aylığınadək dövrdə başlanan sepsis kimi müəyyən olunur.
 
Törədiciləri EBS-dən fərqlidir və müxtəlif yerlərdə geniş fərqlilik nümayiş etdirir. İnkişaf etmiş ölkələrdə əsas etioloji amili koaqulaza mənfi stafilokoklar, bunlardan sonra isə BQS və qrammənfi bakteriyalar təşkil edir.
 
Törədicilər üzrə müalicə seçimlərinə aiddir:
 
• Koaqulaza mənfi stafilokoklar: vankomisin
• BQS, Escherichia coli, enterokoklar: sefotaksim və ya piperasillin/tazobaktam
• Qrammənfi bakteriyalar (məs., Klebsiella): gentamisin
• Pseudomonas: seftazidim və ya piperasillin/tazobaktam
• Listeria monocytogenes: ampisillin
• Anaerob bakteriyalar (məs., nekrozlaşdırıcı enterokolitdə): metronidazol və ya klindamisin
 
Müvafiq empirik antibiotik rejimlərinə ampisillin + gentamisin və ya sefotaksim, yaxud da vankomisin + gentamisin və ya sefotaksim aiddir. Əgər Pseudomonas törədicisinə şübhə olarsa, empirik terapiya sxeminə seftazidim və ya piperasillin/tazobaktam əlavə oluna bilər. Müalicə sxeminə anaerob törədicilər/nekrozlaşdırıcı kolit əleyhinə preparatlar olaraq, metronidazol və ya klindamisin də əlavə oluna bilər.
 
Körpələr və azyaşlı uşaqlarda antibiotiklərin təyini
 
Empirik antibiotik terapiyası əksər prevalent törədiciləri (məs., stafilokoklar, streptokoklar, Neisseria meningitides və Haemophilus influenzae) əhatə etməlidir.
 
Xəstəxanadankənar infeksiyalarda uyğun birinci seçim preparatı üçüncü sefalosporinlərdir (məs., sefotaksim, seftriakson). Xəstəxanadaxili infeksiyalarda genişləndirilmiş spektrli penisillin (məs., piperasillin/tazobaktam) və ya karbapenem (məs., meropenem) təyin oluna bilər. Fərdi xüsusiyyətlərdən asılı olaraq, bu spektrin daha da genişləndirilməsi (məs., gentamisin, siprofloksasin və ya vankomisin ilə) nəzərdə tutula bilər.
 
Meropenem, Pseudomonas da daxil olmaqla, həm qrammüsbət, həm də qrammənfi bakteriyalara qarşı geniş spektrli effektivlik nümayiş etdirir. Siprofloksasin və piperasillin/tazobaktam da qrammənfi bakteriyalara qarşı effektlidir. Vankomisin damar kateteri ilə əlaqədar koaqulaza-mənfi stafilokok infeksiyası və/və ya MRSA infeksiyasında tövsiyə edilir. Həmçinin, damaryolu sepsisinin müalicəsi məqsədilə neytropeniyası olan xəstələrdə tövsiyə olunur, lakin müvafiq əlamətlər yoxdursa, birinci sıra seçim preparatı kimi göstəriş deyil.Bu göstəriş üzrə teykoplanin də təyin oluna bilər. Refraktor hipotoniya ilə müşayiət olunan, toksinlər tərəfindən induksiya edilən toksiki şok sindromu zamanı klindamisin təyin olunmalıdır.
 
Neytropeniyası olan xəstələrdə piperasillin/tazobaktam və ya meropenem birinci sıra preparatlar hesab edilir. NICE piperasillin/tazobaktamın birinci sıra preparat olaraq, seçilməsi və kliniki vəziyyət pisləşərsə (məs., şok), karbapenemə keçid alınması fikrini dəstəkləyir.
 
Göbələk və virus əleyhinə terapiya
 
Antibiotik terapiyası ərzində göbələk əleyhinə preparatlarla profilaktikaya dair qaydalar müxtəlif tibb müəssislərində fərqlidir. Yenidoğulmuşlarda kandidozun profilaktikası üçün nistatin peroral təyin oluna bilər.
 
Doğum çəkisi həddindən artıq aşağı olan körpələr (yəni, <1500 q) və istənilən yaşda olan immun defisitli uşaqlarda antibiotik terapiyası zamanı səthdə kolonizasiya edən floranın dəyişməsi nəticəsində invaziv və ya ikincili göbələk infeksiyaları riski xüsusilə yüksəkdir. Əgər invaziv göbələk infeksiyasına şübhə olarsa və ya bu hal təsdiqlənərsə, venadaxili flukonazol və ya liposomal amfoterisin B ilə uzunmüddətli müalicə tələb oluna bilər. Həddindən artıq aşağı doğum çəkisinə malik olan körpələr və immuniteti zəifləmiş xəstələrdə sepsis şübhəsi zamanı empirik antibiotik terapiyasına əlavə olaraq, göbələk əleyhinə preparatlar da təyin edilməlidir.
 
Sepsisin ağır formasında və ya xəstənin anamnezi, yaxud da laborator müayinələr sadə herpesə şübhə yaradarsa, müvafiq virus əleyhinə preparat (məs., asiklovir) təyin olunmalıdır. Sadə herpes virusunun I tipi (HSV-1) aktiv infeksiyası olan anadan doğuş zamanı uşağa ötürülə bilər. Anadangəlmə HSV-1 infeksiyası ağır və üzücü olur, ona görə də EBS zamanı xəstədə laborator analizlərin nəticələri məlum olana qədər müvafiq müalicəyə başlanılmalıdır.
 
İnfeksiya ocağına nəzarət
 
Yalnız antibiotiklərlə müalicəsi mümkün olmayan ocaqlı infeksiya zamanı infeksiya
 
mənbəyinin fiziki tədbirlərlə ləğv olunmasına nail olmaq lazımdır. İnfeksiya mənbəyinə nəzarətin prinsipləri müxtəlif yaş qruplarında analojidir, lakin təcrübədə infeksiya ocağından asılı olaraq, dəyişə bilər. Ekspert məsləhətindən istifadə olunmalıdır.
İnfeksiya ocağına nəzarətə aşağıdakılar aiddir:
 
- Abses və ya infeksiyalı mayenin toplandığı mənbəyin yarılması və drenajı
- İnfeksiyalaşmış yumşaq toxumaların təmizlənməsi.
- İnfeksiyalaşmış yad cismin kənarlaşdırılması.
- Sidik traktından qaynaqlanan sepsis zamanı infeksiyalaşmış kateterin çıxarılması
- Mərkəzi qan dövranından qaynaqlanan hematogen infeksiyalarda dəridən keçən uzun sistemlər və ya mərkəzi damar xətlərinin çıxarılması
- Nekrotik enterokolit zamanı laparotomiya və işemik bağırsağın rezeksiyası (və ya cərrahi müdaxilə)
- Qan köçürmə.
 
Toxumaların oksigenlə təchiz olunması üçün hemoqlobin mühüm əhəmiyyət kəsb edir, ona görə də, sepsis zamanı hemodinamik göstəriciləri qeyri-stabil olan (ürək atımının pisləşməsi, orta arterial təzyiqin azalması) və toxumaların oksigen təchizatı zəifləyən uşağın ümumilikdə müalicəsində hemoqlobin çox vacibdir. Belə xəstələrdə hemoqlobinin konsentrasiyasının >10 q/dl (təxmini hematokrit 0.3) həddində saxlanılması təklif edilir.
 
Şok aradan qalxdıqdan sonra qanköçürmənin intensivliyi azaldıla bilər.
 
Kortikosteroidlər
 
Ağır sepsis və septiki şok zamanı kortikosteroidlərin təyininə dair məlumatlar müxtəlifdir. SSK təlimatlarında böyüklərdə ağır sepsis zamanı hidrokortizonun standart təyini tövsiyə olunmur, lakin infuzion terapiyaya, yaxud da inotrop preparatlara rezistent septiki şokda müalicə variantı kimi təklif edilir. Uşaqlarda infuzion terapiya və inotrop preparatlara rezistent septiki şok zamanı böyrəküstü vəzinin mütləq çatışmazlığına şübhə olduqda və ya bu hal təsdiq olunduqda, hidrokortizonun təyininə dair məlumatlar məhduddur.
ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib