Əqli və fiziki fəaliyyətlə məşğul olmaq Altsheymer xəstəliyinin qarşısını ala bilər - Psixi Sağlamlıq Mərkəzinin rəhbəri 
21.09.2020 16:53

Məlum olduğu kimi, sentyabrın 21-i Beynəlxalq Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü kimi qeyd olunur.

 

Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılov onlayn müsahibəsində bu xəstəlik haqqında ətraflı məlumat verib. 

 

Onun sözlərinə görə, Altsheymer xəstəliyi yaddaş, düşüncə və davranış problemlərinə səbəb olan və çox rast gəlinən bir demensiya növüdür. Xəstəlik koqnitiv proseslər və digər funksiyaların enməsi, baş beyinin alın, təpə, gicgah paylarının subkortikal sahələrində neyronların və sinaptik əlaqələrin məhv olması səbəbindən idrak proseslərin (yaddaş, təfəkkür, qavrama və nitq) və ali qabıq funksiyalarının pozulması ilə nəticələnə bilər.

 

F.İsmayılov Altsheymer xəstəliyinin simptomları haqqında da danışıb. Bu xəstəlik zamanı ilk növbədə, idrak (yaddaş, nitq, məntiq) və davranış proseslərinin pozulduğunu qeyd edən professor, xəstəliyin ilkin mərhələsinin simptomları daha yüngül, sonrakı mərhələlərdə ciddi fəsadlara gətirib çıxardığını bildirib. Kiçik yaddaş problemləri (yeni məlumatın, son danışıqlar və hadisələrin, insanların, əşyalar və yerlər adlarının yadda qalmaması) ilə başlayan xəstəlik irəlilədikcə ondan əziyyət çəkənlərdə hallüsinasiya və fantastik ideyaların yaranması, yaxınlarını tanımaması, hərəki funksiyaların pozulmasına, öz hərəkət və fikirlərinə qarşı məsuliyyətin yox olmasına gətirə bilər. Bu sahədə ən effektiv diaqnostik üsulun Psixi Statusun Qısa Qiymətləndirilməsi şkalası (Mini-Mental State Examination, MMSE) hesab olunduğunu söyləyib.

 

Onun dediyinə görə, yaşları 65-dən yuxarı olan insanların bu xəstəliyə tutulma riski daha yüksəkdir, lakin xəstəliyin erkən forması artıq 40 yaşdan sonra da başlaya bilər: “Belə hallar, əsasən, irsi xarakter daşıyır. Bəzi mənbələrə görə, qadınların ömrü daha uzun olduğundan bu xəstəlikdən kişilərə nisbətən 6-10 qat daha çox əziyyət çəkirlər. Həmçinin, bu xəstəliyə tutulma risk qrupunda alkoqolu qəbul edən, siqaret çəkən, yüksək qan təzyiqi, xolesterol və şəkəri olan və kəllə-beyin travmalarını alan insanlar daxildir. Təəssüf ki, Altsheymer xəstəliyi üçün məlum bir müalicə metodu hələ də mövcud deyil. Buna baxmayaraq, bəzi simptomları müvəqqəti yüngülləşdirən dərman müalicəsi var. Altsheymer xəstələrinin beyinlərində Asetilxolin adlı kimyəvi maddə çatışmır. Bu maddə tərkibli dərmanların qəbulu koqnitiv funksiyalarının enmə sürətini xeyli azalda bilər. Medikamentoz müalicə ilə yanaşı, qeyri-medikamentoz müdaxilələrin aparılması tövsiyə olunur. Xəstələrə gündəlik həyat fəaliyyətinin təşkilinə yönəlmiş müxtəlif davranış metodlarının istifadəsi, düzgün qidalanma, aqressiya və depressiyanın büruzə verməsi istiqamətində müalicə rejiminə riayət etmə məsləhət görülür. Bundan başqa, xəstənin ailə üzvlərinin pasiyentə qarşı qayğı göstərməsi xəstəliyin ağırlaşma profilaktikası üçün faydalıdır”.

 

Psixi Sağlamlıq Mərkəzinin rəhbəri dünyada Altsheymer xəstələrinin artma dinamikasının son vaxtlarda dəyişmə səbəbləri barədə məlumat verib: “Artımın əsas səbəblərindən biri dünyada uzunömürlülüyün artmasıdır, çünki yaş Altsheymer xəstəliyini yaradan və inkişaf etdirən əsas faktorlardan biridir. Dünya statistikasına əsasən, 65 yaşdan sonra hər 14 insandan birində, 80-dən sonra isə hər 6 nəfərdən birində bu xəstəlik müşahidə olunur”.

 

F.İsmayılov, həmçinin Altsheymer xəstəliyinin profilaktikasından danışaraq bu sahədə bir neçə tövsiyə verib: “İlk növbədə fiziki aktiv olmaq (həftədə ən az 3 dəfə kardio məşqlər və qaçışla məşğul olmaq), sağlam qidalanmağı (rasiona tərəvəz, qoz-fındıq, zeytun yağı, lobya, tam taxıl qidaları, balıq, quş əti əlavə etmək) və sutkada ən azı 7-8 saat yatmağı məsləhət görürəm. Bundan başqa, davamlı və balanslanmış əqli və fiziki fəaliyyətlə məşğul olmaq beyin sağlamlığını artıra və xəstəliyin inkişafının qarşısını ala bilər. Xarici dilləri öyrənmək insanın düşüncə proseslərinin və yaddaşının aktivləşdirilməsinə səbəb olur. Alimlər və poliqlotların xəstəlikdən daha az əziyyət çəkdikləri buna sübutdur”.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb