Sağlam qidalanma insan orqanizmini gənc, sağlam və gümrah saxlamağın ən vacib şərtlərindən biridir - Xumar Novruzova
30.05.2022 12:36

Mayın 29-u Ümumdünya Sağlam Qidalanma Günüdür. Bu günü qeyd etməkdə əsas məqsəd əhali arasında maarifləndirmə tədbirləri aparmaq, ictimaiyyətin diqqətini həzm pozulması səbəbindən yaranan problemlərə yönəltmək, o cümlədən hər il qastroenteroloji xəstəliklərin sayının çoxalması barədə xəbərdarlıq etməkdir. Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova bu gün ilə əlaqədar sualları cavablandırıb.

 

Aztibb.az müsahibəni sizə təqdim edirik.

 

Xumar həkim, insan sağlamlığında düzgün qidalanmanın vacib olduğu hər kəsə məlumdur. Sağlam və düzgün qidalanmanın əsas şərtləri hansılardır?


İnsan orqanizmini gənc, sağlam və gümrah saxlamağın ən vacib şərtlərindən biri sağlam qidalanmadır. Sağlam qidalanmağın şərtləri qida qəbulu rejimi, su rejiminə əməl, qidanın müxtəlifliyi və hazrlanma texnologiyasına əməl edilməsidir.

 

Sağlam insan sutkada 5 dəfə qida qəbul etməlidir: bunlardan 3-nün əsas, 2-nin əlavə olması şərtdir. Bu qida qəbulu arasında nə isə atışdirmaq məsləhət deyil. Əsas qidalara isti qidalar, əlavə qidalara isə meyvə, süd məhsulları, ləpə, quru meyvələr və s. aiddir.

 
Su rejiminə əməl etmək də qida qəbulu qədər vacibdir: hər kq çəkiyə 25 ml, yay fəslində 35 ml su uyğun hesab edilir. Beləliklə, 80 kq çəkisi olan insan gündəlik olaraq 2 l su içməlidir. Həm də yemək arası su qəbulu mütləqdir. Qida kimi içilən suyun da keyfiyyəti çox önəmlidir. Qaynadılmış suyun xeyri azdır, qaynadılmamış, krandan axan su isə ümumiyyətlə, təhlükəli hesab olunur. Həmçının, plastik butulkalarda qızmar günəş altinda saxlanılan sulardan istifadə məsləhət görulmür. Üstünlük şüşə qablaşdirmaya verilməlidir.

 

Sağlam qidalanmanın daha bir şərti qida qəbulu şəraitidir: bunun üçün rahat əyləşmək, telefon və televizordan uzaq olmaq, qidanı tələsmədən çeynəmək və emosional söhbətlərdən üzaq olmaq vacibdir. Ümumiyyətlə, qidanl tək deyil, yaxın adamların əhatəsində qəbul etmək normadan artıq qida qəbuluna mane olur, eyni zamanda da xoş əhval-ruhiyyə həzmi asanlaşdırır. Ailə üzvləri ilə birgə qəbul olunan qidanın müsbət emosional təsiri də, həmçinin, danılmazdır.

 

Əsas şərtlərdən biri də qidanın tərkibinin müxtəlifliyidir. Ən xeyirli məhsul da əgər tək qəbul olarsa, orqanizmə xeyri olmayacaq və insanın bütün tələbatlatını təmin edə bilmıyıcək. ÜST-ün tövsiyəsinə ğörə, insan sutka ərzində 5 növ meyvə-tərəvəz qəbul etməli, onlardan 3 hissə tərəvəzin, 2 hissə isə meyvələrin payına düşməlidir.

 

Sağlam qidalanmanın daha bir vacıb şərti qidanın hazırlanma texnologiyasıdır. Uzun müddət qaynayan yağlarda qızaran ət və tərəvəzlərin kanserogen, yəni xərçəng yaratma xüsusiyyəti hamıya məlumdur. Kolbasa-sosiska məmulatlarının tərkibi isə Mendeleyevin dövri cədvəlindən də zəngindir. Bunu gündəlik yemək, uşaqlara vermək son dərəcə təhlükəlidir. Qidanı hazirlayarkən buxarda bışirmək, tərəvəz salatlarını termik təsir olmadan çiy saxlayıb, mayonez əvəzinə bitki yağı, nar yaxud limonlu souslarla zənginləşdirmək daha məqsədəuyğundur..


Son illər həm dünyada, həm də ölkəmizdə piylənmə problemi geniş yayılıb. Bu problem hansı xəstəliklərə yol açır? Bu xəstəliklərin qarşısını almaq üçün hansı tədbirləri görmək lazımdır?


Həqiqətən də, çox təzadlı bir zamanda yaşayırıq: planetin bir hissəsində insanlar bir parça çörəyə möhtac olduqları halda, digər hissəsində artıq çəkidən, aşırı qidalanmadan, adinamıyadan əziyyət çəkirlər. Əslində, hədsiz (morbid) piylənmə heç də yaxşı güzəranın təzahürü deyil. Çünki rifah halı və mədəni səviyyəsi üstün olan ölkələrin əhalisi qiyməti baha, lakin ekoloji təmiz məhsullardan istifadə edir, həmçınin, idmanla məşğul olur, avtomobili velosipedlə əvəz edir və hər vəchlə cavan, sağlam və gümrah olmağa çalışırlar. İfrat kiloluq isə qiyməti ucuz, tərkibi süni dad gücləndiriciləri və trans piylərlə zəngin fast foodlardan, asan həzm olunan yüksək kalorili, lakin qida dəyəri aşağı olan karbohidratlardan uzun müddət və mütəmadi istifadə olunarkən əmələ gəlir. Bu tip qidalarla yanaşı olaraq oturaq həyat tərzi, stress faktorları da üst-üstə gələndə piylənmə kimi həyat üçün təhlükəli hal əmələ gəlir.

 

Piylənmə 2-ci tip şəkərli diabetın, qaraciyərin piy distrofiyasının, ürək qan-damar, mərkəzi sinir sistemi, dayaq hərəkət sistemi xəstəliklərinin əmələ gəlməsi faktorudur. Piylənmənin mülicəsi isə heç də asan başa gəlməyən, bəzi ciddi hallarda isə hətta cərrahi masaya qədər apara bilən mürəkkəb yoldur.

 

Günümüzdə ən çox istifadə olunan hansı qidalar insanlarda həzm problemi və qastroenteroloji xəstəliklərin yaranmasına gətirib çıxarır?

 

Həzm orqanları arasında qeyri-sağlam qidalanmadan ilk əziyyət çəkən həzm traktının qapısı olan qida borusu, mədə və sonrakı mərtəbələr kimi bağırsaqlardır. Onların hər hansı bir narahatlığı xəstəni tez bir zamanda həkimə müraciət etməyə vadar edirsə, orqanizmin ən “zəhmətkeş “və “səbrli” orqanı olan qaraciyər uzun müddət susaraq dözür. Lakin piy distrofiyası irəlilədikcə sağlam qaraciyər toxumasında geriyə dönməyən proseslər başlayır. Və bu proseslərə alkoqol qəbulu və virus hepatiti də qoşularsa, qaraciyər serrozu kimi ağır xəstəliklə üzləşməli oluruq. Məhz buna ğörə də, Ultrasəs müayinəsi zamanı qaraciyərin piylənməsi diaqnozuna ciddi yanaşmaq lazımdir.

 

Ətraf mühitin çirklənməsi, qeyri-sağlam qidalar, stress, fiziki aktivliyin az olması müasir dövrün əsas probelmlərindəndir. Ürək-damar, şəkərli diabet, xərçəng kimi xəstəliklər geniş yayılıb. Bir həkim kimi insanlara bu xəstəliklərdən qorunmaq üçün nələri tövsiyə edərdiniz?

 

İstənilən xəstəliyin profilaktikası onun müalicəsindən daha asan və ucuz başa gəlir. Bəzi məsuliyyətsiz insanlar arasında deyilən “5 günlük dünyadır, ye, iç kef et” ifadəsi zamanın sınağına tab gətirmədi. Sağlam yaşamaq, həyatdan zövq almaq üçün, bizə əmanət kimi verilən sağlamlığımızın qayğısına gənc yaşlarından həssaslıqla yanaşmalıyıq. Körpəlikdən uşaqlara meyvə-tərəvəz yeməyi, dəniz məhsullarını sevdirməyi, şəkərli və unlu məmulatlardan, qazlı şirin içkilərdən öz nümunəmizdə çəkinməyi öyrətmək vacıbdir. Uşaq “sənə kola olmaz”, - deyən valideynin özünün əlinə keçənı içməyini görəndə, təbii ki, qadağanın əhəmiyyəti olmayacaq. Sağlam qidalanmaq ümumi mədəniyyətin və tərbiyənin ayrılmaz bir hissəsidir.


Xumar həkim, maraqlı müsahibə üçün təşəkkür edirik!


Müsahibəni apardı: Mərkəzi Gömrük
Hospitalının PR mütəxəssisi Dilara Zamanova

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
Turanə Əliyeva - Suraxani Tibb Mərkəzinin həkim-psixiatrı
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər