İkinci dalğa baş verərsə, həkimlərimiz bunun öhdəsindən daha müvəffəqiyyətlə gələcək -  Tədris-Terapevtik Klinikasının direktoru ilə MÜSAHİBƏ
14.09.2020 17:07

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında müxtəlif ağırlıq dərəcələri üzrə 900-ə yaxın koronaviruslu xəstə müalicə olunaraq sağalıb.

 

Koronavirusla mübarizə Azərbaycan səhiyyəsində bir sıra həqiqətləri ortaya çıxardı. Ölkənin səhiyyə sistemi haqqında neqativ fikir formalaşdırmağa cəhd olunsa da, təcrübə göstərdi ki, tibb müəssisələri yarana biləcək bütün ekstremal şəraitlərdə xəstəliklərlə ciddi mübarizə aparmaq iqtidarındadırlar. ABŞ, Almaniya, İtaliya, İran kimi ölkələrin səhiyyə sisteminin koronavirus pandemiyası qarşısında aciz qaldığı bir vaxtda Azərbaycan səhiyyəsinin vəziyyəti göstərdi ki, bizim bu virusla mübarizəyə tab gətirə biləcək layiqli xəstəxanalarımız, qəhrəman həkimlərimiz və fədakar  tibb işçilərimiz var.

 

Bu fikirləri Aztibb.az-a müsahibəsində ATU-nun Tədris-Terapevtik Klinikasının direktoru, tibb üzrə elmlər doktoru, professor Surxay Musayev deyib.

 

 - Surxay müəllim, məlumdur ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, ölkədə fəaliyyət göstərən bir çox klinikalar tamamilə COVID-19 xəstəxanası kimi fəaliyyət göstərməyə başlamışdır. Belə tibb müəssisələrindən biri də Tədris-Terapevtik Klinikasıdır. Bu klinika koronavirusla mübarizəyə necə hazırlaşdı? Hansı mərhələlərdən keçdi?

 

 - Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikası ölkə Prezidentinin 11 sentyabr 2007-ci il tarixli sərəncamı ilə təsis olunub. Bu klinikada əsasən terapevtik profilli kafedralar yerləşib və tələbələrə terapiya, pediatriya, nevrologiya, endokrinologiya, anestiziologiya - revmatologiya kimi fənlərin tədrisi həyata keçirilir. Lakin yeni növ koronovirusun (COVID-19) səbəb olduğu pandemiya şəraiti başladığı vaxtdan bir çox əhəmiyyətli tədbirlər sırasında böyük klinikaların, o cümlədən Tədris-Terapevtik Klinikasının pandemiya klinikasına çevrilməsi haqqında qərar verilib. Mart ayının axırlarından etibarən klinikamız yoluxucu viruslarla mübarizə apara biləcək klinikaya çevrilib. Bu, ilk vaxtlar müəyyən çətinliklərin yaranmasına səbəb oldu. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələblərinə uyğun olaraq, universitet rektorluğu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və AR Səhiyyə Nazirliyinin göstərdiyi dəstək sayəsində qısa bir müddət ərzində klinikanın profilinin dəyişdirilməsinə nail olundu. Belə ki, pandemiya klinikasına hazırlıq məqsədilə şöbələr və palatalar izolyasiya olundu. Bununla yanaşı, bu işə cəlb olunan professor-müəllim heyəti, tibb işçiləri ilə sanitar-epidemioloji təlimatlar həyata keçirildi və onlar yoluxucu xəstəliklərlə, xüsusilə koronovirusla mübarizə üsullarını, xəstəliyə yoluxmuş insanların müalicəsinin aparılması qaydalarını mənimsəməyə başladılar. Mart ayının sonlarından etibarən klinikaya onlarla xəstə gətirildi və onların müalicəsinə başlanıldı.

 

 - Terapevtik Klinikada hazırda tətbiq olunan yeniliklər barədə məlumat verməyinizi istərdik. Müəssisədə hansı müasir tibbi avadanlıqlar var?

 

 - ATU-nun Tədris-Terapevtik Klinikasının koronavirusla mübarizədə üstünlüyü ondan ibarət idi ki, klinika qurulduğu dövrdən ölkə rəhbərliyinin təşəbbüsü ilə, eləcə də dövlət başçısının nəzarəti altında ən müasir tibbi müalicə, diaqnostik, fizioterapevtik cihazlarla təchiz olunub. Bu avadanlıqlar koronavirusla mübarizəni qısa müddətdə nəzarətə götürərək hərəkətə keçməyə imkan verdi.

 

 - Klinikada koronaviruslu xəstələrin müalicəsi ilə bağlı pik vəziyyət nə zaman müşahidə olundu? Hazırda vəziyyət necədir? Əvvəlki aylarla müqayisədə hansı fərqləri görürsüz?

 

- İlk dövrlərdə xəstəxanaya koronavirus diaqnozu ilə daxil olan xəstələrdə demək olar ki, əksər hallarda simptomsuzluq və ya az simptomlu əlamətlər müşahidə olunurdu. Bu proses may ayının ortalarına kimi davam etdi. Lakin bu tarixdən etibarən klinikaya ağır xəstələr müraciət etməyə başladı. Xəstələrin sayı artmaqla yanaşı, onların ağırlıq dərəcəsi yüksəldi. Bəzən xəstələr şöbələrə deyil, Təcili Yardım maşınlarından birbaşa reanimasiya şöbələrinə yönləndirilir və burada təxirəsalınmaz reanimasyon tədbirlər icra olunurdu. Bu pik yoluxma sayı may ayının 15-dən iyulun 20-nə qədər müşahidə edildi. Bu müddət ərzində klinikanın tibb heyəti böyük fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərərək yayın istisində, ağır və havakeçirməz kombinezonlar, eynək və maskalar geyinərək xəstələrlə birbaşa təmasda olurdular. Olduqca ağır bir prosedur olmasına baxmayaraq, klinikanın peşəkar tibb personalı bu işin öhdəsindən layiqincə gəldi. İyul ayının sonuncu 10 günlüyü və avqust ayının əvvəllərindən xəstəliyin gedişi nisbətən yüngülləməyə başladı.

Bununla yanaşı, pandemiya dövründə klinikamıza müasir tələblərə cavab verən, saatda 35 kubmetr oksigen istehsal edən oksigen generatoru, çoxsaylı süni tənəffüs aparatları və BİPAP (Biphasic positive airway pressure) adlı aparatlar təqdim olundu. Xüsusilə ağciyərlərin hava tutumu azalan ağır xəstələrdə bu kimi aparatlar həyati əhəmiyyət kəsb edir.

 

 - Pandemiyanın bütün dünyanı ağuşuna alması bu istiqamətdə elmi tədqiqatların aparılmasını da zəruri etdi. Azərbaycanda bu sahədə vəziyyət necədir? COVID-19 ilə bağlı tədqiqatlar aparılırmı?

 

 - Hazırda dünyanın aparıcı klinika və laboratoriyaları bu iş üzərində ciddi tədqiqatlar aparırlar. Bu günədək koronavirusla bağlı yekun rəy olmadığından onun istər müalicə prinsipi, istərsə də profilaktikası, gedişi, fəsadları ilə əlaqədar müxtəlif mülahizələr irəli sürülür. Bu tədqiqatların aparılması zamanı onların nə qədər həqiqəti əks etdirməsi də mübahisə yaradan məsələlərdəndir.

 - Klinikamızda müxtəlif ağırlıq dərəcələri üzrə koronaviruslu xəstələrə fərqli müalicə sxemi tətbiq olunub. Bu baxımdan tədqiqat işlərinin aparılması vacibdir. İlk dövrlər hər xəstəyə fərdi müalicə metodu tətbiq etmək barədə düşünməyə belə zamanımız olmurdu. Lakin hazırda prosesdə bir qədər yüngülləşmə müşahidə olunduğundan koronavirusa yoluxmuş insanların ağ ciyərlərinə, tənəffüs sisteminə, mədə-bağırsaq sisteminə, böyrəklərə, eləcə də ürək qan-damar sisteminə təsiri istiqamətlərində müəyyən tədqiqat işləri aparılır. Ümid edirəm ki, bu tədqiqatların nəticələri elmi əhəmiyyət kəsb etməklə yanaşı, həm də pandemiyanın növbəti dalğaları baş verərsə praktik baxımdan da böyük üstünlüklər təqdim edəcək.

 - Bir çox xəstəxanaların öz təyinatı üzrə deyil, COVID xəstəxanası kimi fəaliyyət göstərməsi Azərbaycan səhiyyəsində hansı problemlərə yol açdı?

 

 - Azərbaycanda Tədris-Terapevtik Klinikası ilə bərabər, 46 klinikanın pandemiya xəstəxanasına çevrilməsi ölkə səhiyyə sistemi üçün ağır bir imtahan dövrü oldu. Çünki, bu xəstəxanalarda yalnız koronaviruslu xəstələr müalicə alırdı. Təbii ki, digər xəstəlikləri olan pasiyentlərin də müalicə olunması istiqamətində bütün zəruri tədbirlər görüldü, onların başqa xəstəxanalara yerləşdirilməsi təmin olundu.

 

 - Surxay müəllim, koronavirusla mübarizə Azərbaycan səhiyyəsində bilinməyən hansı həqiqətləri ortaya çıxardı? Sizcə Azərbaycan həkimləri bu imtahanda uğurlu ola bildimi?

 

 - Doğrudur ki, koronavirusla mübarizə Azərbaycan səhiyyəsində bir sıra həqiqətləri ortaya çıxardı. Ölkənin səhiyyə sistemi haqqında neqativ fikir formalaşdırmağa cəhd olunsa da, təcrübə göstərdi ki, tibb müəssisələri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində yarana biləcək bütün ekstremal şəraitlərdə xəstəliklərlə ciddi mübarizə aparmaq üçün bütün lazımi vasitələrlə təchiz olunub. ABŞ, Almaniya, İtaliya, İran kimi ölkələrə nəzər salsaq görərik ki, bu ölkələrin səhiyyə sistemi koronavirus pandemiyası qarşısında aciz qaldı. Hətta İtaliyada gənclərin həyatını xilas etmək üçün yaşlı nəsli müalicə etməkdən imtina edildi. Lakin Azərbaycan səhiyyəsinin vəziyyəti göstərdi ki, bizim bu virusla mübarizəyə tab gətirə biləcək layiqli xəstəxanalarımız, qəhrəman həkimlərimiz və fədakar  tibb işçilərimiz var.

 

 - Terapevtik Klinikada COVID-19 ilə bağlı statistik göstəricilər haqqında məlumat verməyinizi istərdik (İndiyədək neçə xəstə müalicə olunub, neçəsi sağalıb, neçə nəfər süni tənəffüs aparatına qoşulub və s. )

 

 - Qeyd etdiyim kimi, klinikamızda mart ayından avqust ayınadək 900-ə yaxın xəstə müalicə olunaraq sağaldı, onlardan təxminən 100 nəfərini birbaşa reanimasiya şöbəsinə qəbul olunanlar və sonradan bu şöbəyə köçürülənlər təşkil edirdi. ÜST-ün tövsiyələrinə uyğun olaraq, xəstələrin mümkün qədər süni tənəffüs aparatına qoşulmamasına riayət edilirdi. Bunun əvəzinə, ağır xəstələr BİPAP cihazıları vasitəsilə və ya oksigen panellərinə qoşulmaqla onların orqanizmlərinin oksigenlə zənginləşdirilməsinə diqqət yetirilirdi.

 

 - Pandemiya ilə əlaqədar olaraq, ölkədə bir neçə modul tipli xəstəxana tikilərək istifadəyə verildi. Bu xəstəxanaların qeyri-COVID xəstəxanalarından əsas fərqi nədən ibarətdir?

 

 - Pandemiya dövründə respublika Prezidentinin təşəbbüsü ilə daha bir yeniliyə imza atıldı. Modul tipli xəstəxanaların istifadəyə verilməsi ilə bu xəstəxanalar özünü doğrultmağa başladı. Zaman keçdikcə bu xəstəxanalar daha da təkmilləşdirildi. Belə ki, əvvəlki dövrlərdə quraşdırılan çarpayı tipli xəstəxanalardan fərqli olaraq, son zamanlar tikilən modul tipli xəstəxanalar güclü laboratoriya, reanimasiya və diaqnostik-müalicə imkanlarına malikdir.

 

 - Koronavirusun payız aylarında ikinci dalğası gözlənilirmi? Klinika növbəti mövsümə necə hazırlaşır?

 

 - ÜST-ün bu yaxınlarda verdiyi məlumata görə, yaz və payız aylarında bütün digər virus infeksiyalarında olduğu kimi, bu virusda da fəallaşma müşahidə oluna bilər. Bunu əvvəlcədən proqnozlaşdırmaq çətindir. Lakin birinci dalğadan fərqli olaraq, artıq virusla mübarizəyə hazırlıq səviyyəsi daha yüksəkdir. İkinci dalğa baş verərsə həkimlərimiz bunun öhdəsindən daha müvəffəqiyyətlə gələ biləcəklər. 

 

 - Surxay müəllim, siz ixtisasca pediatrsınız. Statistika göstərir ki, uşaqların COVID-19-a yoluxma riski olduqca aşağıdır. Belə bir hal baş verərsə belə, uşaqlar xəstəliyi yüngül  keçirirlər. Bu barədə fikirləriniz maraqlıdır. Koronavirusun uşaqlar üçün fəsadları və riskləri varmı?

 

 - Tədqiqatların nəticələri göstərir ki, uşaqlar bu virusa nisbətən az yoluxurlar. Bu barədə çoxsaylı mülahizələrə rast gəlmək olar. Bununla yanaşı, yoluxmuş uşaqların əksəriyyətinin xəstəliyi daha yüngül keçirdiyi müşahidə olunur. Bu uşaqlarda virus bəzən asimtomatik olur, temperatur nadir hallarda yüksəlir, öskürək, ishal, boğazda ağrı – faringit əlamətləri 40 faiz hallarda müşahidə olunur. Nadir hallarda isə böyüklərdə müşahidə olunan iybilmə və dadbilmə hissinin itməsi kimi simptomlara uşaqlarda da rast gəlinir.

 

 - Artıq Nazirlər Kabinetinin Operativ Qərargahı məktəblərin və bağçaların açılması ilə bağlı müvafiq qərarlar qəbul edib. Belə bir çətin dönəmdə azyaşlı övladı olan valideynlərə hansı tövsiyələri verərdiz?

 

 - Uşaqların xəstəliyi simptomsuz və ya yüngül simptomlu keçirməsi bağça və məktəblərin açılması şəraitində xüsusilə təhlükəli ola bilər. Valideynlərə tövsiyəm ondan ibarətdir ki, qızdırma və öskürəyi olan uşaqları mümkün qədər bağçalara və məktəblərə, kütləvi yerlərə aparmasınlar. Bu məsələlər Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin tövsiyələrində də əsas yer tutur.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
Dünya liderlərini bir araya gətirən
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər