“Hemodializ proseduru qəbul etmədən transplantasiya əməliyyatı olunan xəstələr daha tez normal həyata qayıda bilirlər”/ EKSKLÜZİV MÜSAHİBƏ
10.03.2022 10:49

Bu gün Ümumdünya Böyrək Günüdür. Böyrək insanın yaşaması üçün ən vacib orqanlardan biridir. Böyrəklər orqanizmdə qanı təmizləyir və onun kimyəvi balansını saxlamağa kömək edir. Bu səbəbdən insanlar böyrək sağlamlığına hər zaman diqqət göstərməli, bu orqanın fəaliyyətinə mənfi təsir edən qidalardan uzaq durmalı və mütəmadi olaraq lazımi müayinələrdən keçməlidirlər. Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını icra etmiş, ölkəmizdə transplantologiya sahəsinin inkişafında, milli kadrların yetişdirilməsində böyük əməyi olan Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan tarnsplantasiyası şöbəsinin rəisi, ümumi cərrah, tibb üzrə fəlsəfə doktoru, səhiyyə əlaçısı Mircəlal Kazımi Ümumdünya Böyrək Günü ilə əlaqədar olaraq Aztibb.az-ın suallarını cavablandırıb.

 

- Mircəlal doktor, bu gün Ümumdünya Böyrək Günüdür. Bu günün bütün dünyada qeyd olunmasının vacibliyini necə izah edərdiniz?

 

- Hər il mart ayının ikinci cümə axşamı bütün dünyada “Böyrək Günü” kimi keçirilən bu əlamətdar gün uzun illərdir ki, Azərbaycanda da müxtəlif tibb müəssisələri tərəfindən elmi-praktiki konfranslarla, müxtəlif səpkili tədbirlərlə yüksək səviyyədə qeyd olunur. Təbii ki, bu tədbirlərin keçirilməsinin əsas məğzi, fəlsəfəsi hər il böyrək problemlərini daha da qabartmaq, eyni zamanda urologiya və nefrologiya sahəsində tətbiq olunan yenilikləri həm tibbi işçiləri, həm də ictimaiyyətin diqqətinə çatdırmaqdır.

 

İldə bir dəfə belə bir günün keçirilməsi o demək deyil ki, bu problem bütün dünyada, eləcə də bizim ölkəmizdə səhiyyə işçiləri tərəfindən il ərzində cəmi bir dəfə gündəmə gətirilir. Azərbaycan uroloqları və nefroloqları, böyrək transplantalogiyası ilə məşğul olan mütəxəssisləri mütəmadi olaraq böyrək problemləri ilə qarşılaşır və onların həllinə çalışır. Bu il də ölkəmizdə səhiyyə müəssisələri və tibb işçiləri tərəfindən “Böyrək Günü” ilə əlaqədar olaraq müxtəlif tədbirlər həyata keçiriləcək. Belə ki, akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası və  Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə keçiriləcək tədbir də “Böyrək Günü”nə həsr olunacaq və böyrək problemləri ilə bağlı müxtəlif mövzularda müzakirələri əhatə edəcək.  

 

- Ölkəmizdə böyrək transplantasiyası ilə bağlı hansı müasir metodlar tətbiq olunur. Bu sahədə əldə edilmiş uğurlara dair statistika mövcuddurmu?

 

- Ölkəmizdə orqan çatışmazlığı, xüsusilə  böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı kifayət qədərdir. Təəssüf ki, böyrək çatışmazlığından  əziyyət çəkən və transplantasiya ehtiyacı olan xəstələrimizin də sayı artmaqdadır.

 

Biz komandamızla birgə 2008-ci il dekabrın 12-sində Azərbaycan Respublikası və Cənubi Qafqazda ilk dəfə olaraq canlıdan canlıya qaraciyər transplantasiyası əməliyyatını həyata keçirmiş, bununla da ölkəmizdə orqan transplantasiyası proqramına start vermişik. Bu günə qədər 1500-ə yaxın orqan transplantasiyası əməliyyatı bizim tərəfimizdən icra olunub. Bu xəstələrin böyük qisminə, təqribən 1000-ə yaxın xəstəyə böyrək transplantasiyası əməliyyatını icra etmişik.

 

Qürur hissi ilə qeyd etmək istəyirəm ki, təcrübə və biliyimiz sayəsində bütün yaş qruplarından olan xəstələri uğurla əməliyyat etmişik. Ən az yaşlı pasiyentimiz anasının donorluğu ilə 7 aylıq körpə üzərində qaraciyər transplantasiyası və 4 yaşlı uşaq üzərində icra etdiyimiz böyrək transplantasiyası əməliyyatlarıdır.

 

Bundan başqa, komandamız ilk dəfə olaraq bir xəstəyə eyni anda həm böyrək, həm  də  qaraciyər  transplantasiyasınə icra edib.

 

 - Böyrək transplantasiyasının ən böyük üstünlükləri nədir?

 

- Qeyd edim ki, böyrək transplantasiyası böyrək çatışmazlığından əziyyət çəkən xəstələr üçün ən müasir müalicə üsuludur. Yəni hemodializ proqramı xəstələrin həyatda müvəqqəti olaraq tutulması, yaxud transplantasiya üçün körpü rolunu oynayır. Böyrək transplantasiyası isə qalıcı bir müalicə üsuludur.

 

Vurğulamaq istərdim ki, bizim komandamız tərəfindən icra olunan transplantasiya əməliyyatları həm kəmiyyət, həm də keyfiyyət baxımından təkcə Azərbaycanda deyil, bütövlükdə regionda ön sıradadır. Həm böyrək, həm də qaraciyər transplantasiyası sahəsində çoxsaylı nailiyyətlərimzi var.

 

Mərkəzimizdə həyata keçirilən transplantasiya əməliyyatlarının əsas fərqi və üstünlüyü ondan ibarətdir ki, donorların əməliyyatı laparoskopik, yəni qapalı üsulla həyata keçirilir. Laparoskopik üsulla icra edilən böyrək transplantasiyası həm estetik cəhətdən, həm də əməliyyat sonrası ağrının olmaması baxımından digər ənənəvi üsullardan qat-qat üstündür. Komandamız bu işi mütəmadi olaraq həyata keçirməkdədir. Hər həftə 2-3 xəstə üzərində böyrək transplantasiyası əməliyyatı icra edərək bu xəstələrimizi həyata qaytarmağa çalışırıq.

 

- Xroniki böyrək patologiyası olan şəxslərin xəstəliyini vaxtında aşkarlamaq üçün hansı məqamlara diqqət edilməlidir?

 

- Düşünürəm ki, hər tibbi müdaxilənin və müalicənin ən doğru variantı xəstənin hər hansı bir tibbi əməliyyata ehtiyacı olmadan onun xəstəliyinin müəyyən olunmasıdır. Xəstələrin vaxtında diaqnostikası aparılarsa və xəstəlik erkən aşkarlanarsa onunla mübarizə də daha asan və qısamüddətli olur. Bu halda xəstələr son mərhələyə çatıb orqanlarının itirilməsi ilə üzləşmirlər. Böyrək çatışmazlığından əziyyət çəkən, xüsusilə uşaqlıq dövründə olan xəstələrdə sidiyin ümumi analizi və s. kimi sadə testlərlə böyrək çatışmazlığının olub-olmaması diaqnozunu qoymaq çətin deyil. Bu səbəbdən xüsusən uşaqlarda mütəmadi olaraq sidiyin ümumi analizinin verilməsini, həmçinin ailədə böyrək çatışmazlığından əziyyət çəkən insanlar varsa, vaxtlı-vaxtında check-up müayinələrdən keçməyi və nefroloqun nəzarətində olmağı tövsiyə edirəm.

 

- Nə zaman artıq böyrək transplantasiyası qaçılmaz olur?

 

- Böyrək çatışmazlığı son mərhələdə olan böyrək xəstəliyidir. Bu mərhələdə böyrəklər artıq öz funksiyasını itirir. Təəssüf ki, bu xəstələrdə yeganə müalicə üsulu böyrək transplantasiyası üsuludur. Xəstəni yeni böyrəklə təmin etmək üçün icra olunan transplantasiya əməliyyatı həm hemodializ müalicəsi qəbul edən xəstələrdə, həm də böyrək çatışmazlığının son mərhələsinə çatıb, lakin dializ proseduru qəbul etmədən əməliyyata girən pasiyentlər üzərində icra olunur.

 

- Böyrək transplantasiyasının ən böyük üstünlükləri nədir? Bu prosedurdan keçmiş insanların yaşam tərzində hansı dəyişikliklər olmalıdır?

 

- Bizim böyrək transplantasiyası icra etdiyimiz 1000-ə yaxın xəstənin təqribən 35 faizi dializ müalicəsi qəbul etmədən əməliyyata girən pasiyentlərdir. Bunun bir neçə üstünlüyü var. Belə ki, böyrək çatışmazlığından əziyyət çəkib dializ müalicəsi alan xəstələr dializ proqramına qoşulduqda onların orqanizmi sürətlə tükənməyə başlayır. Başqa sözlə, dializ proqramının özünün də yüksək arterial təzyiqin əmələ gəlməsi, viral hepatitlərə yoluxma ehtimalının olması, bu problemlər yarandığı təqdirdə xəstələrin qəbul etməli olduğu dərman preparatlarının özlərinin yan təsirlərinin olması kimi bir çox mənfi tərəfləri var. Bundan başqa, uzunmüddətli hemodializ proseduru qəbul edən xəstələrdə cəmiyyətdən təcrid olunmuş halda yaşamağa məcbur olması səbəbindən psixoemosional proeslərin pozğunluğu, ciddi depressiya halları da müşahidə olunur. Lakin hemodializ proseduru qəbul etmədən böyrək transplantasiyası əməliyyatı olunan xəstələr daha tez normal həyata qayıda bilirlər. Bundan əlavə, bu halda psixoemosional pozuntulara və yanaşı xəstəliklərin əmələ gəlmə hallarına da rast gəlinmir.

 

Aparılan tədqiqatlar göstərib ki, böyrək çatışmazlığından əziyyət çəkərək 5 il ərzində hemodializ proqramını qəbul edən xəstələrin 70 faizində ölüm hallarına rast gəlinir. Böyrək transplantasiyası olunmuş xəstələrin 5 illik statistik məlumatları nəticəsində məlum olub ki, 10-12 faiz hallarda xəstələr dünyasını dəyişir. Bu baxımdan böyrək transplantasiyası əməliyyatları insan həyatını qoruyur, insanların normal həyata qayıtmasını, əmək fəaliyyətinin bərpa olunmasını təmin edir.

 

 

- Və sonda, böyrək sağlamlığının qorunması ilə bağlı ən vacib tövsiyələri sizdən eşitmək istərdik.

 

- Böyrəklərin qorunması üçün insanlara əsas tövsiyəm hər zaman sağlamlıqlarını qorumaq, xəstələnməmək üçün müəyyən profilaktik tədbirləri həyata keçirmək və zərərli vərdişlərdən uzaq durmaqdır.

  

Təəssüflə qeyd etmək istərdim ki, hazırda cəmiyyətdə həddindən artıq dərcədə spirtli və enerji içkilərinin qəbulu, eləcə də digər pis vərdişlər böyrək çatışmazlığına səbəb olan əsas amillərdəndir.

 

Son zamanlar narkotik maddələrdən istifadənin artması da ciddi narahatlıq doğurur. Bu pis vərdişin xüsusilə gənclər və qadınlar arasında vüsət alması gələcək nəslin genofonduna birbaşa mənfi təsir göstərir. Həmçinin sidik yollarında əmələ gələn hər hansı bir infeksiya böyrəyi birbaşa sırdan çıxara biləcək amillərdəndir.

 

Hər kəsə məsləhət görürəm ki, gələcək nəsilləri xəstəliklərdən qorumaq üçün daim öz sağlamlıqlarının qeydinə qalsınlar, bu məsələyə məsuliyyətlə və diqqətli yanaşsınlar.   

 

Fürsətdən istifadə edərək Aztibb.az-ın komandasına “Böyrək Günü” ilə əlaqədar olaraq bu mövzunu aktuallaşdırdığına görə dərin təşəkkürümü bildirirəm. Digər tərəfdən “Böyrək Günü”ndə hər kəsə uzun və sağlam ömür arzu edirəm.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib