ATU ilə İnönü Universitetinin ənənəvi birgə konfransı keçirilib
25.02.2022 10:10

Fevralın 24-də Azərbaycan Tibb Universiteti (ATU) və Türkiyənin İnönü Universitetinin birgə təşkilatçılığı ilə VII “Bakı-Malatya orqan transplantasiya günləri” adlı onlayn konfransı öz işinə başlayıb.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov və İnönü Universitetinin professoru Burak İşıkın moderatorluğu ilə keçirilən tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək Azərbaycan-Türkiyə əlaqələrindən danışıb. O, iki ölkə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu bildirib: “Bizim müttəfiqliyimiz, deyərdim ki, artıq dünyada bir örnəyə çevrilib. Bizim universitetlə İnönü Universiteti. eləcə də Qaraciyər Nəqli İnstitutu (QNİ) arasındakı çoxillik əlaqələr də bu münasibətlərin bir nümunəsidir. Hazırda istər İnönü Universiteti, istərsə də Qaraciyər Nəqli İnstitutu ilə əlaqələrimiz yüksək səviyyədədir. Elmi və praktiki istiqamətdə əməkdaşlığımız təqdirəlayiq şəkildə davam edir".

 

Rektor 2015-ci ildən başlayaraq, hər il fevral-mart aylarında professorlar Sezai Yılmaz və Nuru Bayramovun həmsədrliyi ilə “Bakı-Malatya Orqan transplantasiya günləri” adlı beynəlxalq konfransın keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Qaraciyər Nəqli İnstitutunda qaraciyər transplantasiyası üzrə 4 doktorluq dissertasiyası hazırlanıb. İnstitutda, həmçinin hər il beynəlxalq tədris kursları keçirilir. Bu kurslarda gənc transplantoloqlar, tibb bacıları iştirak edir. G.Gəraybəyli bu kursların birində eyni gündə 5 canlı qaraciyər transplantasiyası əməliyyatının icra olunduğunu və bu əməliyyatın "Ginnesin Rekordlar Kitabı"na düşdüyünü bildirib. Qeyd edib ki, həmin əməliyyatda ATU-nun əməkdaşları da iştirak ediblər.

 

"İndiyədək ölkəmizdən 15-dən çox həkim və tibb bacısı Qaraciyər Nəqli İnstitutunda 1 aydan 12 ayadək ixtisasartırma kursu keçib", - deyə bildirən rektor ATU-nun keçirdiyi yubiley konfranslarında İnönü Universitetinin əməkdaşlarının aktiv iştirak etdiyini və əlaqələrin günü-gündən geniş vüsət aldığını vurğulayıb. O, ATU-nun sonuncu Elmi Şurasında professor Sezai Yılmazın “Qonaq professor” fəxri adına layiq görüldüyünü söyləyib.

 

Professor G.Gəraybəyli çıxışının sonunda iki universitet arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

 

Sonra İnönü Universitetinin rektoru, professor Ahmet Kızılay çıxış edərək 2018-ci ildə ATU ilə müqaviləni yenilədiklərini bildirib. Qeyd edib ki, İnönü Universiteti Türkiyənin sağlamlıq sahəsində ən qabaqcıl universitetlərindəndir: "Qaraciyər nəqlinin ilk dəfə 2002-ci ildə Sezai Yılmazın rəhbərliyi ilə həyata keçirilməsinə başlanılıb. 20 ildir ki, qaraciyər nəqli əməliyyatı xəstəxanamızda uğurla icra edilir. Bu günədək 3200-dən çox qaraciyər nəqli olub. Ötən il isə xəstəxanamızda 231 qaraciyər nəqli əməliyyatı aparılıb. Bununla da Türkiyə və Avropada 1-ci, dünyada isə 2-ci yerdə qərar tutmuşuq. Hədəfimiz isə dünyada 1-ci yerə yüksəlməkdir".

 

O, xəstəxananın bütün müasir standartlara cavab verdiyini deyib, beynəlxalq əlaqələrdən söhbət açıb. Bildirib ki, hazırda dünyanın 20 ölkəsindən olan mütəxəssislər qaraciyərlə bağlı təcrübələrini artırmaq üçün institutla əməkdaşlıq edirlər

.

Professor A.Kızılay 5 qaraciyər nəqli aparılan və "Ginnesin Rekordlar Kitabı"na düşən əməliyyatların birinə azərbaycanlı professor Nuru Bayramovun rəhbərlik etdiyini də diqqətə çatdırıb.

 

Tədbirdə dr. Kutay Sağlamın “İntrahepatek (periferal) xolangiokarsinomlarda cərrahi müalicə”, professor Sezai Yılmazın “Hilar xolangiokarsinomlarda rezeksiya-qaraciyər transplantasiyası”, professor Tevfik Tolga Şahinin “Ksenotransplantasiyada son aktual təcrübələr”, dr. Elvin İsazadənin “Kök hüceyrə transplantasiyasında təcrübəmiz”, t.ü.f.d. Təranə Bayramovanın “Qaraciyər transplantasiyası və hamiləlik”, dosent Volkan İncenin “HCC və qaraciyər transplantasiyasında expondinq kriteriyalar”, t.ü.f.d Anar Namazovun “Böyrək transplantasiyasında 7 illik nəticələrimiz” və dosent Koray Kutlutürkun “Hepatik arteriya rekonstruksiyasında extraanatomik yanaşmalar: Splenik arteriya və ya sol qastrik arteriya ilə qoyulan hepatik arteriya anastomazları” mövzularında məruzələri dinlənilib.

ÇOX OXUNANLAR
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları   
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar