Zeynal Əkpərov: “Genetik Ehtiyatlar İnstitutunda kök hüceyrəsi üzrə elmi baza formalaşdırılıb”
08.02.2022 11:45

AMEA Genetik Ehtiyatlar İnstitutu müəssisədə aparılan fundamental tədqiqatların dərinləşdirilməsi və elmin müasir istiqamətləri üzrə dünya elminin çağırışlarına qoşulmaq məqsədilə insan genetikası, kompüter genomikası və kök hüceyrəsi sahəsində dünyanın aparıcı elmi-tədqiqat mərkəzləri ilə əlaqələr qurmuş, xaricdə təhsil almış gənc tədqiqatçıları cəlb etməklə bu sahədə çoxlu sayda kadrlar hazırlamışdır.

 

Bu barədə AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov məlumat verib.

 

Z.Əkpərov qeyd edib ki, genetika elminin ən müasir istiqamətləri üzrə tədqiqatların sistemli şəkildə aparılmasını təmin etmək üçün institutda 2015-ci ildə İnsan genetikası laboratoriyası, 2018-ci ildə isə Beynəlxalq kompüter genomikası laboratoriyası yaradılmış, dünyanın tanınmış elmi mərkəzlərində istifadə olunan müasir metodlarla tədqiqatlara başlanılmışdır.

 

“İnsan genetikası sahəsində dünyanın bir çox elmi mərkəzləri ilə yanaşı, Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya Transfiziologiya İnstitutu və başqaları ilə əməkdaşlıq müqavilələri imzalanmış və hazırda birgə tədqiqatlar aparılmaqdadır”, - deyə baş direktor qeyd edib.

 

Alimin sözlərinə görə, 2021-ci ildə İnsan genetikası laboratoriyasında “İrsi və anadangəlmə xəstəliklərin molekulyar-genetik və epigenetik tədqiqi, diaqnostik və proqnostik əhəmiyyətli mutasiyaların müəyyənləşdirilməsi” istiqamətində tədqiqatlar davam etdirilərək bir sıra mühüm elmi nəticələr əldə edilmişdir: “Yoğun bağırsaq xərçəngi diaqnozu qoyulan xəstələrin toxuma nümunələrində müxtəlif genlər üzrə 10 mutasiya aşkar edilərək tipləri müəyyən edilmişdir. Düşen əzələ distrofiyası xəstəliyi üzrə üç mutasiya aşkar edilmişdir. İnsan genetikası sahəsində tədqiqatlar genom və ekzom səviyyəsində davam etdirilməkdədir”.

 

Genom sahəsində aparılan tədqiqatlardan danışan Z.Əkpərov bu zaman əldə edilən böyük həcmdə verilənlərin müasir kompüter proqramlarının köməyi olmadan analiz etmək zərurətinin yarandığını diqqətə çatdırıb.

 

O, institutda fəaliyyət göstərən Beynəlxalq kompüter genomikası laboratoriyasında “Mövcud bioinformatik resurslardan istifadə etməklə genom verilənlərinin müqayisəli analizi, yeni bioinformatik proqramların və məlumat bazasının yaradılması” ilə bağlı tədqiqatların uğurla davam etdirildiyini vurğulayıb.

 

Qeyd edib ki, laboratoriyanın alimləri tərəfindən müxtəlif orqanizmlər üçün əldə edilmiş genom verilənlərinin analizi həyata keçirilmiş, 2021-ci ildə laboratoriyanın mütəxəssisləri Rusiya Elmlər Akademiyasının elmi tədqiqatçıları ilə birgə ilk dəfə olaraq oxşar tənzimləyici genetik kodları axtarmaq və onların translyasiyanın səmərəliliyinə təsirini öyrənmək məqsədilə “JetGene” İnternet resursu (https://jetgene.bioset.org) hazırlamış və dünya alimlərinin ixtiyarına vermişlər.

 

İnstititun baş direktorunun bildirdiyinə görə, əldə edilən elmi biliklərin təcrübi əhəmiyyətini artırmaq, eləcə də tibbi genetika sahəsində klinikaların tələbatını ödəmək, xüsusilə xaricə göndərilən valyutanın ölkədə qalmasını təmin etmək məqsədilə 2016-cı ildən başlayaraq institutda kök hüceyrəsi sahəsində müasir səviyyədə tədqiqatların aparılması üçün müxtəlif ölkələrin elmi mərkəzləri ilə elmi əməkdaşlıq əlaqələri yaradılmışdır: 2018-2020-ci illərdə AMEA tərəfindən maliyyələşdirilən “Bədxassəli şişlər zamanı xərçəng kök hüceyrələrinin İNF-α vasitəsilə aktivləşdirilməsinin müalicəvi və proqnostik əhəmiyyəti” adlı elmi-tədqiqat proqramı uğurla həyata keçirilərək kök hüceyrəsi üzrə elmi baza formalaşdırılmış, ABŞ, Fransa və Türkiyədən olan tərəfdaşların köməkliyi ilə kadr hazırlığı həyata keçirilmişdir”.

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Ordubad Rayon Uşaq Xəstəxanasında məktəb şagirdləri üçün tibbi aksiya təşkil olunub