Zinyət Muradova: "Hamilələr vaxtında müraciət etdikdə hestasiya müddətini uzatmağa və doğuşu vaxtında sonlandırmağa nail ola bilərik"
01.02.2022 13:21

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu PHŞ-nin Hamiləliyin patologiyası şöbəsinin müdiri, t.ü.f.d. Zinyət Muradovanın vaxtından əvvəl doğuşlar, ilkin əlamətləri, başvermə tezliyi və s. haqqında fikirlərini öyrəndik.

 

Aztibb.az müsahibəni təqdim edir.

 

- Zinyət xanım, vaxtından əvvəl doğuşların təsnifatı və ilkin əlamətləri barədə nələri qeyd edə bilərsiniz?
 

Vaxtından əvvəl doğuşlar ümumi doğuşların 5-20%-ni təşkil edir. Bu göstəricilər müxtəlif ölkələrdə fərqli rəqəmlərlə müşahidə olunur. İnkişaf etmiş ölkələrdə vaxtından əvvəl doğuşların rastgəlmə faizi 6-12% olduğu halda, inkişaf etməkdə olan ölkələrdə bu göstərici daha yüksəkdir. Vaxtından əvvəl doğulmuş uşaqlarda perinatal ölüm və perinatal xəstələnmə hallarının başvermə göstəriciləri yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatının təlimatına əsasən vaxtından əvvəl doğuşlar əsasən üç qrupa bölünür: hamiləliyin 22-ci həftəsindən 27-ci həftəsinə qədər baş verən dərin, 28-33 həftələrdə baş verən ağır və 34-37 həftələrdə baş verən doğuş müddətinə yaxın vaxtından əvvəl doğuşlar.

 

- Hansı qrup hamilələrdə vaxtından əvvəl doğuşların başvermə tezliyi daha yüksəkdir ?


Vaxtından əvvəl doğuşlar risk qruplarına görə dörd əsas yerə bölünür. Birinci sosial faktordur. Sosial faktora 18-dən az və 35-dən çox yaş qrupuna daxil olan, aşağı boy və çəki göstəriciləri olan, bədən çəkisinin aşağı indeksi yəni kifayət qədər qidalanmayan, zərərli vərdişləri olan, yaşam səviyyəsi aşağı olan hamilələr aiddir. Preeklampsiya, ciftin vaxtından əvvəl ayrılması, cift gəlişləri, dölyanı mayenin vaxtından əvvəl axması, çoxsululuq, çoxdöllü hamiləlik kimi hallar mamalıq patologiyaları olan qadınların aid olduğu faktordur. Ekstragenital patologiyaları olan qadınların aid olduğu qrup vardır ki, buraya da ürək-damar, tənəffüs və sidik-ifrazat sistemi tərəfindən baş verən patologiyalar, endokrinoloji problemlərin yaratdığı patologiyaları olan hamilələr aiddir. Sonuncu anatomik faktora isə uşaqlıq boynu çatışmazlığı, ikibuynuzlu, yəhərvari uşaqlıq, istmiko-servikal çatışmazlıq kimi patologiyaları olan hamilələr aiddir.

 

- Vaxtından əvvəl doğulmanın fəsadları və qarşısının alınması yolları hansılardır?

 

Vaxtından əvvəl doğulmuş uşaqlarda müxtəlif orqan çatışmazlığı, eşitmə, görmə pozğunluqları və uşaq serebral iflicinin rastgəlmə tezliyi çox yüksək olduğundan bu da əlilliyin artmasına səbəbdir. Bu cür ağırlaşmaların qarşısını almaq üçün ilk növbədə risk qrupları vaxtında aşkar olunmalı və bu hamilələrə daha diqqətli yanaşılmalıdır. Hestasiya müddəti artdıqca perinatal xəstələnmə və perinatal ölüm hallarına rastgəlmə tezliyi də azalmış olur. Bu baxımdan vaxtından əvvəl doğuşların qarşısının alınması bilavasitə bu qədər ciddi ağırlaşmaların qarşısının alınmasına təsir edir.

 

- Hamilələrə tövsiyələriniz nələrdir?

 

Bütün hamilə qadınlara məsləhət görürəm ki, hamiləliyi planlamadan öncə mütləq bir şəkildə ginekoloq müayinəsində olsunlar. Risk qruplarının vaxtında təyin olunması vaxtından əvvəl doğuşların faizinin aşağı salınmasına və bilavasitə perinatal ağırlaşmaların qarşısının alınmasına gətirib çıxardır. Vaxtından əvvəl doğuş təhlükəsi olan hər bir qadın zaman itirmədən həkimə müraciət edərsə bu kimi ağırlaşmaların qarşısını zamanında ala bilərik. Müəssisəmizdə fəaliyyət göstərən Hamiləliyin patologiyası şöbəsində müvafiq patologiyalı hamilələr stasionar müalicə alır. Hamilələr bizə vaxtında müraciət edərsə hestasiya müddətini uzatmağa və doğuşu vaxtında sonlandırmağa nail ola bilərik. Müəssisə olaraq əsas amalımız ana namizədlərimizin dünyaya sağlam övlad gətirmələrində əlimizdən gələn köməkliyi göstərməkdir.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər