IV Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilir - FOTO
18.12.2021 16:33

Bakıda Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi (MOM) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə IV Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilir.

 

Aztibb.az xəbər verir ki, hibrid formatda baş tutan və “Zoom” platforması üzərindən yayımlanan tədbirdə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya və Fransadan uroonkoloji xəstəliklər üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edir.

 

Tədbiri giriş sözü ilə açan MOM-un Baş direktor müavini, uzman onkouroloq, tibb elmləri doktoru Fuad Quliyev tədbir iştirakçılarını Mərkəzin Baş direktoru, akademik Cəmil Əliyevin adından salamlayıb. F.Quliyev regionda ən böyük, müasir cihaz və avadanlıqlar və texnologiyalarla təchiz olunmuş MOM-un fəaliyyəti haqqında ətraflı məlumat verib. O, ölkəmizdə son illərdə uroonkologiya sahəsində ciddi irəliləyiş əldə olunduğunu və əhəmiyyətli nəticələrə nail olunduğunu diqqətə çatdırıb.

 

F.Quliyev bu kimi tədbirlərin keçirilməsinin Azərbaycan səhiyyəsində son illərdə əldə olunan yenilikləri geniş ictimaiyyətə çatdırmaqla yanaşı, həm də təcrübə mübadiləsinin aparılmasına imkan verdiyini vurğulayıb, simpoziumun işinə uğurlar arzulayıb.

 

Tanınmış uroloq, AMEA-nın müxbir üzvü Sudeyf İmamverdiyev çıxış edərək simpoziumda onkologiyanın aktual məsələlərinin, müasir dövrdə uroonkologiya sahəsində tətbiq edilən yeniliklərin müzakirə olunacağını bildirib.

 

S.İmamverdiyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfərdən bəhs edib, bu qələbənin Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxdığını bildirib.

 

Sonra Qarabağ müharibəsində şəhid olmuş qəhrəman igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra ABŞ-ın Milli Xərçəng İnstitutundan Barış Türkbeyin “MRT-nin prostat vəzi xərçənginin diaqnostikasında rolu” mövzusunda məruzəsi dinlənilib.

 

Son illərdə prostat vəzinin diaqnostikasında MRT-nin ən çox müraciət olunan üsullardan olduğunu bildirən məruzəçi bu istiqamətdə aparılan araşdırmalardan bəhs edib. Bildirib ki, tədqiqatların nəticələrinə əsasən, xərçəngin müəyyən olunmasında MRT əsaslı yanaşma 30 faiz daha dəqiq məlumat verir.

 

MRT-nin biopsiyaya ehtiyac olub-olmadığını müəyyən etmək üçün əhəmiyyətli üsullardan biri olduğunu deyən B.Türkbey prostat vəzi xərçənginin diaqnozunun qoyulmasında MRT müayinəsinin üstünlüklərindən bəhs edib.

 

Türkiyənin Anadolu Sağlıq Mərkəzindən uzman uroloqu Elnur Allahverdiyev “PSA və MRI-fusion biopsiyası” adlı məruzəsində 57 yaşlı bir pasiyentin nümunəsində prostat vəzi xərçənginin biopsiyasından bəhs edib. O, prostat epitel hüceyrələrindən istehsal olunan PSA-ya yaşı 50-dən yuxarı olan pasiyentlərdə rutin müayinələr zamanı, 45 yaşdan yuxarı pasiyentlərdə xüsusi vəziyyətlərdə, qaradərili insanlarda və atasında prostat vəzi xərçəngi, anasında isə süd vəzi xərçəngi olan pasiyenlərdə baxıldığını vurğulayıb.

 

Konvensional prostat biopsiyasının ilk dəfə 1930-cu ildə icra edildiyini deyən məruzəçi biopsiya ilə xərçəngi müəyyən etməyin faizlə nisbətini diqqətə çatdırıb. Onun sözlərinə görə, standart prostat biopsiyası 39,5 faiz dəqiqlik göstərsə də, MRI-fusion biopsiyası 53,4 faiz doğru nəticə göstərir.

 

Fransanın Sorbonne Universitetinin professoru, Avropa Uroonkoloji Cəmiyyətinin sədri Morgan Roupret “Yuxarı sidik yolları xərçənginin müalicəsinə müasir yanaşma” mövzusunda məruzəni təqdim edib. M.Roupret yuxarı sidik yolları karsinomasının (UTUC) müalicə üsullarından və əsas problemlərindən bəhs edib, aşağı və yüksək riskli UTUC-un fərqini diqqətə çatdırıb.

 

Almaniyanın Köln Universitetinin əməkdaşı, professor Axel Heidenreich yüksək risk qrup xəstələrdə radikal prostatektomiyanın tətbiqindən danışıb. Məruzəçi prostatda ekstraprostatik uzantının diaqnostikası üçün tətbiq olunan MRT üsullarının təkamülündən bəhs edərək prostat vəzi xərçəngi zamanı radikal prostatektomi və radiasiya terapiyasından sonra pasiyentlərin sağ qalma faizlərini qrafiklərlə təqdim edib. O, həmçinin UTUC zamanı immunoterapiyanın tətbiqi və bu problemlərə sistemli yanaşma, tətbiq olunan prosedurlar, vaskulyar hədəfli terapiya haqqında ətraflı məlumat verib.

 

“Oliqometastatik prostat vəzi xərçəngi” mövzusunda çıxış edən MOM-un Baş direktor müavini, uzman onkouroloq, tibb elmləri doktoru Fuad Quliyev bu istiqamətdə tədqiqatlara son 5 il ərzində daha çox rast gəlindiyini deyib.

 

O, 2018-ci ildə 1,3 milyon xəstəyə prostat vəzi xərçəngi diaqnozu qoyulduğunu, onların 20 faizində uzaq metastazlar aşkar edildiyini deyib.

 

“Metastatik prostat vəzi xərçəngində ilkin mənbənin müalicəsi sağqalım nəticələrinə müsbət təsir edə bilər”, - deyə qeyd edən F.Quliyev oliqometastatik prostat vəzi xərçənginin ilk dəfə 1995-ci ildə elmi ədəbiyyata gətirildiyini bildirib. Qeyd edib ki, oliqometastatik xətəlik üç və daha artıq metastatik  zədələnmə ocağı ilə təsvir olunan kliniki vəziyyətdir.

 

O, bu gün dünyada oliqometastatik prostat vəzi xərçəngi ilə bağlı davam edən tədqiqatlar barədə məlumat verib, xəstəliyin müalicəsində tətbiq olunan terapiya üsullarından bəhs edib.

 

Nüvə Təbabəti Mərkəzinin direktoru, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov “Metastatik prostat vəzi xərçəngində molekulyar diaqnostika və 177Lu/225Ac-PSMA ilə target müalicə” mövzusunda məruzə ilə çıxış edərək rəhbərlik etdiyi mərkəzdə 10-dan çox növdə radioaktiv maddələr istehsal olunduğunu qeyd edib. Bildirib ki, bu maddələr onkoloji, kardioloji və nevroloji xəstəliklərin diaqnostika və müalicəsində tətbiq olunur.

 

Məruzəçi PSMA-PET müalicəsinə klinik göstərişlər barədə məlumat verib. Qeyd edib ki, bu müayinə metoduna prostat vəzi xərçənginin mərhələləndirilməsində, residivlərin aşkarlanmasında, müalicəyə cavabın dəyərləndirilməsində, Lu177 və ya AC225 ilə aparılacaq müalicələrin effektivliyinin qiymətləndirilməsi zamanı müraciət olunur.

 

F.Novruzov əldə olunmuş nəticələri çoxsaylı metastazları olan bir neçə xəstə üzərində nümunələrlə təqdim edib.

 

Simpozium işini digər məruzələrlə davam etdirib.

 

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçib və 5 kredit vahidi verilib.

ÇOX OXUNANLAR
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Həyat yoldaşına böyrəyini bağışladı
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları   
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman