Öskürək hansı xəstəliklərin xəbərçisidir? Tipləri və səbəbləri – İkinci yazı
04.09.2021 17:08

Öskürək əslində tənəffüs yollarını təmizləməyə yönəlmiş bir refleksdir. Öskürəklə ətrafımıza 1,5 litr hava çiləyirik. Püskürtdüyümüz bu havada təxminən 3000 tüpürcək damcısı olur. Bu damlacıqlar içindəki bakteriya, virus və digər xarici faktorlarla birlikdə saatda 80 km-ə qədər sürətlə ətrafımıza yayıla bilir. Beləliklə, bakteriya, virus ətrafımızdakı insanlara ötürülür.

 

Aztibb.az öskürəyin tipləri və hansı xəstəliklərin əlaməti olması haqqında növbəti yazını təqdim edir.

 

Astma öskürəyi

 

Mütəxəssislər bildirir ki, üç həftədən çox davam edən öskürək astmanın xəbərçisi ola bilər. Öskürəyin gecə yuxudan oyandırıb-oyandırmadığı, həm uşaqlarda həm də böyüklərdə astma xəstəliyinin təqib və müalicəsində çox önəmli bir göstəricidir. Əgər xəstə səhər erkən saatlarda səbəbsiz və ya quru öskürəklə oyanırsa, bu astma xəstəliyindən xəbər verə bilər və ya müalicə edilməkdə olan astma dərmanlarının dozalanmasının kifayət qədər olmadığının göstəricisidir. 

 

Belə xəstələrdə gün ərzində edilən müayinə nəticələri və tənəffüs testləri normal olur. Gecələr isə nəfəs yolları daralmış olur, yataqda olduqda burun axıntısı artır və səhər ayıldıqda ağciyərlərə yığılmış bəlğəmi xaric etmək üçün öskürək tutmaları baş verir.

 

Reflüks öskürəyi

 

Əgər sizdə mədə göynəməsi, qıcqırma, mədə şirəsinin boğaza qayıtması kimi problemlər varsa, əmin ola bilərsiz ki, öskürək də bu səbəbdəndir. Reflüks xəstəliyi (mədə qıcqırması) olan insanlarda gecələr uzanmış vəziyyətdə mədə şirəsi geriyə axır və nəfəs borusuna və səs tellərinə düşür. Belə vəziyyətdə quru və şiddətli öskürək yaranır. Reflüksü olan və müalicəyə baxmayaraq,  gecə öskürəyi olan xəstələrə axşam az qida qəbul etmək və yeməkdən ən azı 4 saat sonra yatmaq məsləhət görülür. Həmçinin reflüksü olan xəstələrə hündür yastıqda yatmaq  məsləhət görülür.

 

Yemək borusu xəstəlikləri zamanı yaranan öskürək. Yemək yeyərkən yaranan öskürək, udma aktının (refleksinin) pozulması olan yaşlı və ya beyin fəaliyyəti pozulmuş insanlarda (məsələn, beyin iflici keçirmişlərdə) və ya yenidoğulmuş uşaqlarda anadangəlmə olan yemək borusu ilə nəfəs yolları arasında əlaqənin olması ilə bağlıdır.

 

Yeməkdən sonra yaranan öskürəklər reflüks, mədə yırtığınının əlaməti ola bilər.

 

 

 

Psixoloji  öskürək

 

Stress, psixoemosional gərginlik də öskürəyə səbəb ola bilər. Bu öskürək  narahatlıqla  bağlı olaraq ortaya çıxa bildiyi kimi, həyəcanlandıqda və əsəbləşdikdə də ortaya çıxa bilir.

 

Yaxud xəstələr hər hansı bir fiziki səbəb olmadığı halda sanki boğazlarına nəinsə ilişməsi hissi ilə öskürürlər. Bu xəstələrdə depressiya daha çox nisbətdə görülür.

 

Uşaq yaşlarında öskürək uşaqların diqqət çəkmək istəyi ilə də əlaqədar ola bilər.

 

Ürəklə əlaqəli öskürək

 

Öskürək ürək tutması və hətta infarktöncəsi vəziyyətdən xəbər verə bilər. Ağciyərləri qan və oksigenlə təmin edən əsas orqan ürəkdə problem olduğu üçün ağciyərlərdə qaz mübadiləsi prosesi pozulur, tənəffüs səthiləşir, öskürək baş verir. Davamlı öskürək və eyni vaxtda çəhrayı rəngə çalan köpüklü bəlğəm xaric olur, təngnəfəslik, boğulma hissi olur. Xəstə dərindən nəfəs ala bilmir. Tez-tez səthi nəfəs alıb verir.

 

Boyun fəqərələrində yaranan osteoxondroz da öskürək yaradır. Sinir sıxılması, əzələ gərginliyi zamanı çox gərgin olmasa da, aramla öskürək ola bilər.

 

Siqaret öskürəyi

 

Siqaret öskürəyi çox tipik bir öskürəkdir. İlk əvvəl quru başlayan və illər sonra siqaretin bronxlarda yaratdığı təbəqə ilə əlaqədar bol ifrazatlı, adət etdiyimiz şəklə düşür və adətən səhər vaxtlarında bəlğəm ifrazı ilə müşayiət olunur. Belə öskürək təkrarlanan olur və bəlğəm bayıra atıldıqda insan rahat nəfəs alır. 

 

Siqaret çəkənlərdə qeyd edilən öskürək mütləq araşdırılmalıdır. Çünki ağciyər xərçəngi, bronx xərçəngi, səs tellərinin xərçəngi olma riski yüksəkdir. Bəlğəmdəki qan, yeni yaranan və dərinləşən səs batması, səsdə xırıltılar xərçəngin əlamətləri ola bilər.

 

Siqaret çəkən insanlar ardıcıl olaraq iki ildə 3 aydan çox bəlğəmli öskürüb bəlğəm ifraz edirlərsə, buna xroniki obstruktiv ağciyər xəstəliyi deyilir. Bu xəstəlik həyat keyfiyyətini aşağı salan bir xəstəlikdir.

 

Öskürəyin müalicəsi çox zaman sadə olur. Lakin bəzən xəstəlik dərinləşir və ağırlaşır, antibiotik müalicəsi lazım gəlir.

 

Astma ilə əlaqəli öskürək antibiotik müalicəsinə cavab vermir. Bu xəstələrdə inhalyasiya və antiallergik dərmanlar təyin edilir.

 

Allergiyalı insanların dörddə birində reflüks xəstəliyinin olması mümkündür. Belə vəziyyətlərdə mütləq endoskopiya edilməli və antiasid preparatlar təyin edilməlidir.

 

Ürək çatışmazlığı ilə əlaqəli müalicə alan xəstələrdə gecə öskürəyi baş verirsə, mütləq həkimə müraciət edilməlidir. Bu öskürək müalicənin yetərli olmadığını və ya xəstəliyin ağırlaşdığından xəbər verir.

 

Öskürəkdən qorunmaq üçün müəyyən vərdişlər var.

 

 

Bol su istehlak etmək, bədəni nizamlı yuxu və idmanla gücləndirmək, havasız və tozlu mühitlərdən uzaq durmaq, müntəzəm olaraq təbii qidalarla immunitet sistemini gücləndirmək öskürəyə qarşı evdə edə biləcəyiniz sadə tədbirlərdəndir.

 

Öskürəyin qarşısını almağın digər vacib yolu gigiyenadır. Bakteriya və viruslardan qorunmaq üçün gün ərzində əllər tez-tez yuyulmalı və bədənin təmizliyinə diqqət yetirilməlidir. İctimai nəqliyyat və digər izdihamlı mühitlərdə xüsusi diqqətli olmalı, bu mühitlərdən ayrıldıqdan sonra əllər yuyulmalıdır.  

 

Bəzi üsulları evdə tətbiq etməklə öskürəyi azaltmaq və ya tamamilə qurtarmaq mümkündür. Öskürəyə qarşı heyva çayı, yasəmənli portağal çayı, qızılgül çayı, südlü bal, zəncəfil, adaçayı, üzüm bəkməzi və gündə ən az 2 litr su içmək faydalıdır.

 

 

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib