Möcüzəvi qara həkim – Hirudoterapiya / İkinci yazı
04.08.2021 17:23

Hirudoterapiya ilə müalicə sayəsində orqanizmdə qan yenilənir, zəlinin ağız suyunda olan bioloji aktiv maddələr qana daxil olur və bir sıra prosesləri tənzimləməyə başlayır və iltihab əleyhinə təsir göstərir. Bundan başqa, hirudoterapiya vasitəsilə tromboz riskini azaltmaq, trombofilibitlə mübarizə aparmaq, osteoxondroz zamanı daxili toxumaların qan dövranını yaxşılaşdırmaq, orqanizmdən toksiki maddələri çıxarmaq mümkündür.
 
Aztibb.az zəlinin müalicəvi əhəmiyyəti və zəli ilə müalicə prosedurunun aparılma qaydaları haqqında növbəti yazını təqdim edir.
 
Zəlilərdən mikrocərrahiyyədə, həmçinin, damarların varikoz genişlənməsində kompleks terapiya kimi geniş istifadə olunur, əzələ spazmlarını aradan qaldırmaq və artroz müalicəsi məqsədilə tətbiq edilir.  


Hirudoterapiyanın əks göstərişləri də vardır. Qan laxtalanmasının zəif olması zəlilərdən istifadə zamanı faciəvi nəticəyə gətirib çıxara bilər. Anemiya (qan azlığı), hemoliz (eritrosidlərin sıradan çıxması), qan təzyiqinin aşağı olması, ağır və ya uzunmüddətli xəstəlik fonunda orqanizmin zəifləməsi, immunitetin zəif olması, zəli fermentlərinə qarşı fərdi allergik reaksiya, hamiləlik və laktasiya dövrü qan laxtalanmasının qənaətbəxş olmaması üzündən qanaxma ilə müşayiət olunan xəstəliklərdir. Unutmayın ki, zəli ilə müalicəni yalnız mütəxəssis təyin edə bilər!

Çox vaxt əczaxanalarda təklif edilən zəlilər keyfiyyətli olmur, çünki əksəriyyəti sudan tutulmadır. Zəlilərin keyfiyyəti fabrikdə yetişməsi ilə ölçülür. Əczaxanalarda suyun içində saxlanan zəlilər su ilə qidalanaraq öz keyfiyyətini itirir. Biofabrikdə saxlanan zəliləri isə bir dəfə qidalandırılır və qida 6 ay zəliyə kifayət edir.

 

Tədqiqatçılar tərəfindən təbabət zəlisinin ağız suyundan ifraz olunan mayenin yeni tətbiq sahələrinin axtarışı davam etdirilir, o cümlədən xərçəng və QİÇS xəstəliyinin müalicəsində istifadə perspektivləri öyrənilir.

 

Araşdırmaçılar elm və texnologiyanın inkişafına əsaslanaraq 2030-cu ildən bəzi xəstəliklərin zəli ilə müalicəsində yüksək nailiyyətlərin əldə olunacağını proqnozlaşdırırlar.

Hazırda həkimlərin, farmakoloqların, kosmetoloqların və digər ixtisas sahiblərinin tibb zəlisinə olan maraqları artmaqdadır. Tibb zəlisi müalicə vasitəsi olmaqla yanaşı, həm də yüksək rentabelli kommersiya obyektidir. Dünya ölkələri müalicə turizminin inkişafında istiqamət olaraq hirudoterapiyaya böyük önəm verirlər.

Azərbaycanda  da hirudoterapiyanın özünəməxsus ənənələri var. Ölkəmizdə müalicə turizminin inkişafı baxımından hirudoterapiyanın tətbiqi üçün geniş imkanlar mövcuddur. Regionlarda biofabriklərdə yetişdirilmiş zəlilərin daşınmasını, satışını, hətta ixracını mükəmməl səviyyədə təşkil etmək mümkündür. Zəlilərin bir hissəsi daxili tələbatın ödənilməsinə, bir hissəsi isə xarici ölkələrə ixrac oluna bilər.

Əhali arasında tibb zəlisinə durmadan artan tələbatın olmasına baxmayaraq, ölkəmizdə hələ də ixtisaslaşdırılmış zəliçilik təsərrüfatları və ya zəli artırılan biofabriklər yoxdur. Zəlilərin kortəbii ovlanması və ekoloji faktorların mənfi təsirləri isə onların təbii resurslarının tükənməsinə gətirib çıxara bilər.

Keçmiş sovetlər birliyi ərazisində tibb zəlisinin əsas tədarükçüsü də məhz Azərbaycan olub. 1970-ci illərdə respublikamızda hər il orta hesabla 1,5 milyon tibb zəlisi tədarük edilərək ixrac olunub.

Son illər süni şəraitdə zəli alınması AMEA-nın Zoologiya İnstitutunda həyata keçirilir. İnstitutun Tətbiqi Zoologiya Mərkəzində, laborator şəraitdə tibb zəlisinin yetişdirilmə biotexnologiyası üzrə tədqiqatlar aparılıb. Zəlilərin təbii şəraitdə saxlanılması üçün onlar institutun Mingəçevir elmi-təcrübə stansiyasına köçürülüb.
 
Azərbaycanda zəlilər qeyri-qanuni yollarla daha intensiv şəkildə tədarük edilir. Bu da onların təbii ehtiyatlarının ciddi şəkildə tükənməsinə və hətta respublikanın bəzi bölgələrində zəlilərin nəslinin kəsilmə təhlükəsinin yaranmasına gətirib çıxarır. Zəlilərin təbii ehtiyatlarının tükənməsində və bir bioloji növ kimi məhvolma həddinə çatmasında qeyri-qanuni tədarüklə yanaşı, qlobal çirklənmənin və təbii ekosistemlərə antropogen müdaxilələrin də ciddi təsirinin olduğu inkaredilməzdir.
 
Zəli müalicəsi haqqında elmi ədəbiyyata gəldikdə isə dünya tibb ədəbiyyatında elmi əsərlərin əksəriyyəti Rusiya alimlərinin payına düşür. Respublikamızda isə zəli müalicəsi haqqında yazılan kitablar çox kiçik həcmli olub, daha çox xarici ölkələrin tibb ədəbiyyatından edilən tərcümələrdən ibarətdir.

 

Həkim Şahmar Məmmədovun geniş həcmli “Hirudoterapiya” kitabı bu baxımdan istər oxucular, istərsə də mütəxəssislər üçün maraq doğuran elmi əsərdir. “Hirudoterapiya” monoqrafiyası zəngin elmi dəlil və mülahizələrlə diqqət çəkir. Burada zəli tərəfindən bədənə ötürülən 250-dən çox fermentdən bir çoxunun xarakteristikası barədə  elmi izahlar və qeydlər yer alır.

 

Qeyd olunur ki, insan bədənində büzdüm nahiyəsindən başın ən yuxarı nöqtəsinə qədər 7 çakra var. Şərq elmində çakra “təkər”, “dairə” anlamındadır. Çakralar ətraf mühitdən alınan enerji və informasiyanı bədənə ötürən və onu bədəndən xaric edən xüsusi enerji mərkəzi və strukturlarıdır.

 

Elmi əsərdə zəlinin qoyulmasının 2 üsulu göstərilib. Birinci – bədənə qoyulan zəli axıra qədər doyub, özü sərbəst düşənə qədər saxlanılır. Bu üsul geniş yayılıb və buna sedativ üsul da deyirlər.

 

Abuladze metodu adlandırılan ikinci üsulda isə lazımi sayda zəli qoyulur, onlar dalğavarı hərəkətlərlə qan sormağa başlayan kimi, təxminən 5-7 dəqiqədən sonra məcburi olaraq götürülür. Bu zaman spirtli pambıqla zəlinin başına toxunanda o saat yaradan düşür. Bu müddət ərzində zəli orqanizm üçün vacib olan bioloji aktiv maddələri bədənə ötürür.

Zəli seansları 3 gündən bir və ya həftədə 1 dəfə aparılır. Kurslar 5-10 seans olmaqla, xəstəliyin gedişindən və müalicənin effektliliyindən asılı olaraq təyin edilir. Kurslararası fasilə 1-3 aydır. Adətən zəlini bioloji aktiv nöqtələrə qoyduqda müalicənin effekti cox yüksək olur.

 

Bir sıra xəstəliklər, o cümlədən Bexterev, Reyno xəstəlikləri, yazı spazması, üz sinirinin nevriti, yemək borusunun xəstəlikləri, impotensiya, xroniki yorğunluq sindromu kimi patologiyalarda zəlinin tətbiqi ilk dəfə “Hirudoterapiya” kitabında ətraflı araşdırılıb.

 

Zəli müalicəsi alternativ tibbin ən vacib elementi hesab edilir. Bu müalicə iltihablı yaralar, çiban, oynaq ağrıları, sonsuzluq, qan və qan dövranı problemləri, cinsi yolla yoluxan infeksiyalar, xroniki iltihab prosesləri, ürək qüsurları, ürəyin işemik ritmi, stenokardiya, maddələr mübadiləsinin pozuntusu, osteoxandroz (duzlaşma), uroloji, ağ ciyər, qara ciyər, mədə-bağırsaq, cinsi sfera, ginekoloji, cərrahi xəstəliklərdə (varikoz genişlənmə, babasil, hidradenit, çiban), revmatizm, dəri və bir sıra digər xəstəliklər zamanı tətbiq edilir. Zəli yeganə vasitədir ki, hətta ölmüş sinir hüceyrələrini də bərpa edir.

 

Zəli müasir cərrahiyyə, xüsusilə mikrocərrahiyyə tətbiqlərində də daha çox istifadə edilir. Rekonstruktiv cərrahiyyədə,  qan dövranı kritik həddə olan toxumalarda və orqanlarda (məsələn göz qapağı, barmaq, qulaq) qan dövranını nizamlamaq üçün zəliyə müraciət edilir.  Çünki zəlinin tüpürcəyində qanı duruldan xüsusi maddə var və bunu hələ 1884-cü ildə araşdırmaçı John Haycraft kəşf edib. Amma indi zəlini tək qanı durultması üçün yox, həm də laxtalanma yaratması üçün də tətbiq edirlər.

Müasir tibbin kökündən həll edə bilmədiyi miqren xəstəliyinin dərmanı da məhz zəlidədir. Adətən miqren xəstələrini incidən dəhşətli ağrılar beyinə normal qan axını olmamasından qaynaqlanır ki, zəli bu problemi də həll edir. Belə ki, beyin damarlarını tıxayan kiçik qan laxtaları miqren ağrılarına səbəb olur, amma zəli bu laxtaları duruldur və normal qan dövranını tənzimləyir.

Miqren ağrılarını kəsmək üçün normal qan dövranı vacib faktordur. Güclü ağrıkəsicilərə öyrəşən orqanizm getdikcə daha çox ağrıkəsici tələb edir və dərmanların tərkibindəki toksinlər orqanizmə daha çox zərər verir. Amma zəli miqren problemini bir tüpürcəyi ilə həll edə bilir.

 

Hirudoterapiya immun sisteminə də çox müsbət təsir edir. Müalicə seansı zamanı həkim zəlini insanın bədənində olan bioloji aktiv sahələrdə yerləşdirir. Maraqlıdır ki, zəli özü bioloji aktiv nöqtələri taparaq məhz ora yapışır. Bu nöqtələrdən insanın müxtəlif orqan və sistemlərinə daha yaxşı təsir etmək mümkündür.

Zəli bütün orqanizmə müsbət təsir edir. Qeyd olunan xəstəliklərdən başqa, ginekoloji xəstəliklər, sonsuzluq, hipertoniya, ürəyin işemik xəstəliyi, varikoz xəstəliyi, onurğa sütunu və oynaqlar xəstəlikləri, sinir sistemi pozulmaları (depressiya, stress, qorxu, yuxusuzluq və s.), infarkt və insult kimi ağır pozulmaların profilaktikasında da çox böyük rol oynayır.

Hirudoterapiya zamani sağlam qidalanmaq şərtdir. Zəli bədənin təmizlənməsinə kömək etdiyi zaman vitaminlər və minerallarla zəngin olan xüsusi bir pəhriz tutmaq, ağır, həzmi çətin olan yeməklərdən, hisə verilmiş ətlərdən, konservlərdən imtina etmək və şəkər istehlakını məhdudlaşdırmaq tövsiyə olunur. Həmçinin qanı təmizləmək və yeniləmək üçün gicitkən yarpağı çayını içmək məsləhətdir.

 

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Tibb üzrə fəlsəfə doktoru İmmi Ələkbərova Xətai Tibb Mərkəzində fəaliyyət göstərəcək
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova