Ürək şişləri haqqında BİLMƏDİKLƏRİNİZ/MÜSAHİBƏ
02.08.2021 12:28

Daxili orqanlar arasında yeganə orqan olan ürəkdə çox nadir hallarda şişlər müşahidə olunur. Ürək şişləri nədir? Xoş xassəli, yoxsa bəd xassəlidir? Bu suallar barədə həkim-kardioloq, tibb üzrə fəlsəfə doktoru İlahə Ağayeva ətraflı məlumat verib.

 

- Elm adamlarının fikrinə görə, bunun səbəbi ürəkdə mübadilə proseslərin tez baş verməsi, ürəyin təmiz arterial qanla yaxşı təchiz olunması, qanın buradan tez keçməsi və durğunluq proseslərin yaranmaması ilə izah olunur. Bu ürəyə digər orqanlarla müqayisədə müəyyən üstünlüklər verir. Ona görə də, ürəkdə şişlərin (xüsusilə bədxassəli şişlərin) əmələ gəlməsi riski az olur və çox nadir hallarda rast gəlinir.

 

- Bəs ürək şişləri nədir və növləri hansılardır? Bu barədə məlumat verməyinizi istərdik.

 

- Öncə onu qeyd edim ki, ürək şişləri ürək toxumaları və qişalarından inkişaf edən törəmələrdir. Şişlər ürəyin istənilən toxumasından başlanğıc götürə və hər yaşda yarana bilər. Kardiologiyada ürəyin birincili şişlərə 0,001-0,2%, ikincili (metastatik) şişlərə isə 25-30 dəfə artıq rast gəlinir.

 

Ümumiyyətlə ürək şişləri müstəqil xəstəlik hesab olunaraq birincili və ikincili ola bilər. Birincili şişlərin etiologiyası çox vaxt məlum deyildir. İkincili şişlər isə daha çox süd vəzisi, mədə, ağciyərlər, bəzən qalxanabənzər vəz və böyrək xərçənglərinin metastazları şəklində yaranmış olur. Bunlar hematogen (qan) və limfa yolu ilə həmin orqanlarda olan şiş hüceyrələrinə yayılaraq ürəyə siraət etməsi səbəbindən əmələ gəlmiş olur.

 

- Ürək şişlərinin xoş və bəd xassəlisi varmı?

 

- Təbii ki, kardiak şişlərin də, xoş və bəd xassəli növləri vardır. Lakin sevindirici haldır ki, bəd xassəli ürək şişlərinə çox nadir hallarda rast gəlinir. Ürək şişlərinin böyük əksəriyyəti xoşxassəli (75-80%) sayılır.

 

Xoşxassəli şişlər arasında miksoma (50-80%) teratoma, rabdomioma, fibroma, hemangioma, lipoma, papillyar fibroelastoma və s. rast gəlinir. Bədxassəli törəmələr sırasına sarkoma, perikardial mezotelioma və limfoma daxildir. Psevdo (yalançı) şişlərə ürəydə yad cisim, formalaşmış tromblar, iltihabi xarakterli törəmələr (abses, qumma, qranuloma), exonokokk və digər parazitar kistalar və s. aiddir.

 

- Bu şişlərin xüsusi əlamətləri varmı? Xəstələr ən çox nədən şikayətlənir?

 

- Ürək şişlərinin əlamətləri onların tipi, yerləşmə yeri və inkişaf xüsusiyyətlərindən asılıdır. Ona görə də müxtəlif kardial şikayətlər (ritm pozğunluğu, təngənəfəslik, sancı, şişkinlik, çatışmazlıq və s.) yarada bildiyi kimi, tam səssiz də inkişaf edə və təsadüfü müayinə zamanı aşkalana bilərlər.

 

- Hansı müayinələr diaqnozun qoyulmasında sizə yardımçı olur?

 

- Ürək şişlərinin diaqnostikası bir qədər çətinlik törədə bilər ki, bu da klinik şəklin müxtəlifliyi və şişin morfoloji formalarından asılıdır. EKQ-də müəyyən dəyişikliklər izlənsə də, bu spesifik sayılmır. Bu zaman ən önəmli məqam ürəyin kamera və qişalarının vizualizasiyasıdır. Ona görə ilkin mərhələdə exokardioqrafiya müayinəsi (ExoKQ) daha həssas sayılır. Bu müayinə qeyri-invaziv, daha münasib və ziyansız bir müayinədir. Transtorakal ExoKQ vasitəsilə mədəcik, Transezofagial ExoKQ vasitəsilə qulaqcıq şişləri daha aydın və dəqiq vizualizasiya olunur. Exokardioqrafik müayinədən sonra Kardiac MRT də ürək şişlərinin diaqnostikasında önəmli müayinə sayılır. Belə ki, şübhəli vəziyyətlərdə diaqnozun dəqiqləşdirilməsi üçün kardiak MRT, radioizotop skanlama, ventrikulografiya, histoloji qruluşun müəyyənləşdirilməsi üçün kateterizasiya və torakotomiya zamanı biopsiyanın aparılması və s. kimi diaqnostik üsullar tətbiq oluna bilir.

 

- Ürək şişlərinin müalicəsi varmı?

 

- Ürək şişləri əsasən cərrahi yolla, yəni şişin əməliyyat vasitəsilə çıxarılması ilə müalicə olunur. Buraya da şişin tam və ya hissəvi kəsilməsi, müxtəlif radikal və palliativ əməliyyatların aparılması daxildir. Düşünürəm bu barədə kardiocərrahlar məndən daha yaxşı məlumat verə bilər. Sonrakı mərhələdə isə ehtiyac olarsa, şüa və kimyaterapiyanın tətbiq olunması da müzakirə olunur.


Proqnozu barədə onu deyə bilərəm ki, ürək şişlərinin xaric edilməsi çox vaxt müsbət nəticələrlə müşahidə olunur və orta hesabla 3 illik sağalma ehtimalı 95-98% dir.

 

- Son olaraq oxuculara nə demək istəyərdiniz?

 

- Son olaraq onu deyə bilərəm ki, digər xəstəliklərdə olduğu kimi erkən diaqnoz ürək şişlərində çox önəmli sayılır və həyat qurtarır. Bu səbəbdən ürək nahiyyəsində hər hansı bir narahatçılıq, şikayət olan zaman kardioloq müayinəsinə gəlmək çox vacibdir. Əməliyyat olunmuş xəstələr də, həmçinin mütəmadi olaraq kardioloqun və kardiocərrahın nəzarətində olmalıdırlar.

 

Hər kəsə, xüsusən də pasiyentlərimə hər zaman kardioloji sağlam olmağı arzulayıram.

ÇOX OXUNANLAR
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
 Tibb müəssisələri arasında şəhid ailələrinin üzvlərinin işlə təmin olunması sayına görə Sumqayıt Tibb Mərkəzi ilk yerdədir   
Bütün şəhər və rayonlarda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalanıb
Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Beynəlxalq Tibbi və Sağlamlıq Turizmi Sərgisinə pulsuz bilet əldə edin!