“Delta” ştammının təhlükəsi daha çoxdur?
13.07.2021 11:29

“2020-ci il Azərbaycan xalqı üçün alışmadığı, çətin dövr oldu. Sadəcə Azərbaycan üçün deyil, bütün dünya ölkələrinin səhiyyə sisteminin üzərinə ağır yük düşdü. Hətta, səhiyyə sistemi inkişaf edən ölkələr belə, COVID – 19 bəlasının qarşısında aciz qaldılar. Təəssüf ki, ötən il pandemiyanın qarşısını almaq mümkün olmadı və o, 2021- ci ildə də davam edir. Çünki koronavirus çox sürətlə yayılan bir xəstəlikdir”. Bu sözləri “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib. O bildirib ki, Azərbaycan dövlətinin vaxtında həyata keçirdiyi karantin tədbirləri sayəsində xəstəliyi lokallaşdırmaq mümkün oldu:

 

– Koronavirusla mübarizədə karantin tədbirləri ilə yanaşı, başqa ölkələrin təcrübəsindən də istifadə olundu. Qısa zaman ərzində modul tipli yeni xəstəxanalar quraşdırıldı, tibbi avadanlıqlarla təchiz olundu, yeni laboratoriyalar alındı, xarici ölkələrdən təcrübəli həkimlər dəvət olundu. Ölkə həkimləri də qısa müddətdə xəstəliyin müalicəsi ilə bağlı geniş məlumatlar əldə etməyə çalışdılar. COVID – 19 yeni virus olduğundan xəstəliyin müalicə prosesində məlum oldu ki, tətbiq edilən bəzi dərmanların faydası yoxdur. Yenilikləri daim təqib və tətbiq etmək, həm yeni müalicələri sınaqdan keçirmək, həm də xəstələri daim nəzarətdə saxlamaq asan deyildi. Amma həkimlərimiz bu işin öhdəsindən gələ bildi. Təəssüf ki, bu mübarizədə itkilərimiz də oldu. Amma ötən illə müqayisədə peyvənd hesabına virusa yoluxma və ağırlaşmanın qarşısının alınmasında irəliləyiş əldə edildi.

 

Artıq Azərbaycana 4-cü növ peyvənd də gətirilib. Koronavirusa qarşı peyvəndlərin istifadəsində ilk ölkələr siyahısına Azərbaycan da daxildir. İlk vaxtlarda vaksinasiyaya inamsız yanaşanların fikri çox keçmədi ki, dəyişdi. Artıq insanlar peyvəndlənmə prosesinə daha müsbət yanaşmağa başlayıb. Vaksinasiya ilə bağlı son qərara əsasən, 18 yaşdan yuxarı hər kəs peyvənd oluna bilər. Qeyd etməliyik ki, vaksinlərin hər birinin özünəxas xüsusiyyətləri var. “SinoVac” inaktivləşdirilmiş, təhlükəsiz peyvənddir. “Pfizer” isə yeni texnologiyalar əsasında hazırlanıb. Onun qoruyuculuğu daha yüksəkdir. “Sputnik V” və “AstraZeneca” peyvəndlərinin də qoruyuculuğu 90 faizdən yuxarıdır. Hər hansı peyvəndi istifadə etməyimizdən asılı olmayaraq, vaksinasiyada məqsəd birdir. Nəticədə, qoruyuculuq əldə edirik. Amma hazırda hamıya məlum olan yoluxma sayının azalmasını sadəcə vaksinasiyaya bağlamaq düzgün olmaz. Çünki təbii yolla xəstəlikdən sağalan insanlarımız da kifayət qədərdir. Fərqində olmadan, rəsmi qeydiyyata düşmədən xəstəliyi keçirən və antitellər qazanan vətəndaşlar da az deyil. İstənilən halda unutmaq olmaz ki, bu antitellər müvəqqətidir. İstər vaksinasiya, istərsə də xəstəlikdən 6 ay sonra antitellər tükənir. Viruslarda mutasiyaya uğramaq qabiliyyəti yüksək olduğuna görə, güman edilir ki, vaksinasiya prosesi gələcəkdə təkrarlana bilər.

 

Hazırda cəmiyyətdə, eləcə də, sosial şəbəkələrdə üçüncü vaksinasiya kimi dör­düncü dalğa barədə də söhbətlər gəzir. Tədqiqatçıların fikrincə, dördüncü dalğa ehtimalı istisna olunmur, çünki dünyada virus tamamilə aradan qalxmayıb. Ona görə də ehtiyatı əldən verməməli, vaksinasiya işlərini daha sürətlə aparmalıyıq. Cəmiyyətin 60 – 70 faizində qoruyuculuq yaranarsa, o zaman dördüncü dalğanı hər hansı ciddi qapanmalara ehtiyac duymadan daha yüngül məhdudiyyətlərin tətbiqi ilə keçirə bilərik. Pandemiya bütün dünyada bitmədikcə, COVID – 19 üzərində qələbə qazandığımızı deyə bilməyəcəyik.

 

Yazgül Abdıyeva onu da qeyd etdi ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun sədri Hans Kluge onlayn brifinq zamanı koronavirusun “Delta” variantının digərlərini sürətlə üstələyərək ölüm sayının artmasına gətirib çıxardığını bildirib. Hans Kluge deyib ki, proqnozlara görə, avqust ayınadək Avropada “Delta” ştammı dominant olacaq. Onun fikrincə, Avropada əhalinin tam peyvənd olunması yayın sonuna kimi mümkün olmayacaq. Çünki əhalinin 63 faizi hələ peyvəndin ilk dozasını gözləyir. Digər tərəfdən, həmin vaxtadək məhdudiyyətlər azaldılacaq, bu da öz növbəsində gediş-gəliş və toplantıların sayını artıracaq. Təşkilat rəsmisi, həmçinin vaksinasiyanın vacibliyi­ni də qeyd edib. Deyib ki, peyvəndləmədə gecikmələr insan həyatı bahasına başa gəlir. Bu işlər nə qədər ləng getsə, virusun mutasi­yaları nəticəsəndə yaranan variantları da bir o qədər çox olacaq.

 

Qeyd edək ki, hazırda dünyada üstünlüyü ələ alan “Delta” variantı Hind ştammının bir növüdür. Qonşu ölkələrdə “Delta” variantı aşkarlandığından onun Azərbaycana da keçməsi ehtimal olunur. İnfeksionistlər bildirirlər ki, “Delta” ştammı koronavirusun Hindistan ştammının ikiqat mutasiya olunmuş formasıdır. İki dəfə artıq yoluxuculuq xüsusiyyətinə malikdir. Aparılan təcrübələr göstərir ki, virusa yoluxmuş və maska istifadə edən şəxsin yanından bir maskasız insan keçsə belə, onun yoluxma şansı var. Kral London kollecinin epidemioloqu Tima Spektr hind ştammının insanlarda əvvəlki koronavirus variantlarından fərqli təsir və təcrübə göstərəcəyini bildirib. Deyib ki, “Delta” ilə hind ştammının əlamətləri analoji olaraq oxşardır. Alim bu ştammın 3 əsas simptomunu – güclü baş ağrıları, boğazda ağrı, burun tutulması kimi əlamətlərini açıqlayıb. Həmçinin qeyd edib ki, bütün bunlar kəskin halsızlıqla müşahidə edilir. Klassik koronavirus isə yüksək hərarət, öskürək, dad və iy bilmənin itməsi ilə başlayırdı. Tima Spektr deyib ki, hind ştammında dad və qoxu bilmənin itməsinə çox nadir rast gəlinir. Tədqiqatçılar bildirirlər ki, yeni variant olan “Delta”ya yoluxma çox asan və sürətlidir. Vaksin olunmuşlar da bu yoluxmadan kənarda qalmırlar.

 

Onu da deyək ki, İsrail İctimai Yayım Korporasiyası İbrani Universitetinin “Pfizer-BionNTech” peyvəndinin “Delta” ştammına qarşı effektivliyi barədə apardığı araşdırmanın nəticələrini açıqlayıb. Tədqiqata görə, “Pfizer-BioNTech” tərəfindən ortaq şəkildə hazırlanan peyvənd “Delta” variantına qarşı 70 faiz effekt­lidir. Araşdırmada “Delta” ştammına yoluxmuş insanlarda ciddi simptomların qarşısının alınmasında peyvəndin təsirinin digər vari­antlara qarşı göstərdiyi təsirdən daha aşağı olduğu da aşkar edilib. İsrail mütəxəssislərinin əvvəlki araşdırmalarında “Pfizer-BioNTech” peyvəndinin COVID – 19- un digər variantları­na qarşı 95 faiz effektli olduğu bildirilib. Vaksin olunan şəxslər koronavirusun digər ştammla­rına yoluxsalar da, onlarda bir çox simptomlar müşahidə olunmayıb.

 

Y.Abdıyeva ÜST-ün fövqəladə vəziyyətlər üzrə proqramının direktoru Maykl Rayanın fikirlərinə istinad edərək bildirdi ki, son iki həftə ərzində dünyada yoluxma qrafikinə baxsaq, bir növ sabitləşmə olduğunu görə bilərik. Ötən həftə ərzində dünyada koronavirusa 2,6 milyon yoluxma və 54 min ölüm halı qeydə alınıb. Hazırda dünyada epidemioloji vəziyyət 2 – 3 ay əvvəlkinə nisbətən daha yaxşıdır. Eyni zamanda, bəzi ölkələrdə və bölgələrdə yoluxma hallarının sayında kəskin azalma olsa da, digər ölkələrdə sürətlə artım qeydə alınıb. Artım koronavirusun yeni, daha çox yoluxucu ştammlarının ortaya çıxması, ölkələrdə pande­miya ilə bağlı məhdudiyyətlərin yumşaldılması və insanlar arasındakı təmasların artması da daxil olmaqla müxtəlif amillər səbəbindən baş verir.

 

Buna görə də vaksinasiyanın hansı sürətlə getməsindən asılı olmayaraq, tələblərə əməl etmək unudulmamalıdır. Qapalı məkanlarda, ictimai nəqliyyatda ara məsafəsini saxlamaq mümkün olmasa da, maskadan istifadə etmək vacibdir. Belə məkanları tərk etdikdən sonra isə gigiyena qaydalarına birmənalı olaraq əməl edilməlidir.

 

“Xalq qəzeti”

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Dünya liderlərini bir araya gətirən
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər