Qastroenterologiyada xalq təbabətindən istifadənin effektivliyi inkarolunmazdır - Salyan rayon Mərkəzi Xəstəxanasının baş həkimi ilə MÜSAHİBƏ
25.05.2021 08:42

Salyan rayon Mərkəzi Xəstəxanasının baş həkimi, cərrah-qastroenteroloq, tibb üzrə fəlsəfə doktoru Ramin Qasımovla mədə-bağırsaq sistemi xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə bağlı mövzularda söhbət apardıq.

 

Aztibb.az günümüzdə ən sıx rast gəlinən həzm sistemi problemləri, eləcə də sağlam bir həzm sisteminə sahib olmaq üçün həkim tövsiyələrini sizinlə bölüşür.

 

- Ramin bəy, ilk növbədə sizi yeni təyinatınızla əlaqədar təbrik edir, gələcək işlərinizdə uğurlar diləyirik. İstərdik ki, rəhbərlik etdiyiniz tibb mərkəzinin diaqnostik və cərrahi müalicə-tibbi yardım istiqamətində fəaliyyətindən danışasınız.

 

Salyan rayon Mərkəzi Xəstəxanası 140 min əhalisi olan Salyan şəhəri və rayonun kəndlərinə, eləcə də ətraf rayonların əhalisinə xidmət edir. Hazırda xəstəxananın icbari tibbi sığorta sisteminə keçidi istiqamətində işlər görülür.

 

1560-a yaxın əməkdaşı olan Salyan rayon Mərkəzi Xəstəxanasına klinik şöbələr, poliklinika, Ailə Sağlamlıq Mərkəzi, Terapiya bölməsi, Cərrahiyyə, Ginekologiya və Doğum evi, Hemodializ, Reanimasiya, Pediatriya və Vərəm şöbələri, Təcili Yardım Bölməsi və Təcili Yardım Stansiyası daxildir.  Bununla yanaşı, müəssisənin kəndlərdə 45-ə yaxın tibb məntəqəsi var.

 

Radiologiya şöbəsində diaqnostik müayinə üçün müasir ultrasəs, rentgen avadanlıqları mövcuddur. Həmçinin endoskopik müayinələrin təşkil olunması istiqamətində də tədbirlər görülür. Hazırda təmir işləri davam edən 4 korpusda bu işlər tamamlandıqdan sonra kompüter tomoqrafiya avadanlıqlarının quraşdırılması nəzərdə tutulur.

 

- Bildiyimiz kimi, mədə-bağırsaq xəstəliklərinin əsas əlamətləri iştahın pozulması, ürəkbulanma, gəyirmə, qıcqırma, qarında köpmə, ağrı, qəbizlik və digər hallardır. Bunların baş vermə səbəbi təkcə qidalanma gigiyenasının pozulmasıdırmı?

 

Mədə-bağırsaq sisteminin xəstəliklərinin hər bir probleminə uyğun simptomları olur. Üst qastrointestinal xəstəliklərdə əsasən, qıcqırma, qusma, gəyirmə kimi, alt qastrointestinal xəstəliklərdə isə qəbizlik, köp kimi əlamətlər özünü büruzə verir. Lakin bütün bu problemlərin qidalanma gigiyenasından qaynaqlandığını demək doğru deyil. Bu problemlər xroniki və ya zaman-zaman qazanılmış mədə-bağırsaq sisteminin xəstəlikləri və digər kəskin xəstəliklərlə bağlı ola bilər.

 

Ümumiyyətlə, mədə-bağırsaq sisteminin xəstəlikləri say çoxluğuna və növlərinə görə digər orqanların xəstəliklərindən fərqlənir.

 

- Həzm sistemi xəstəliklərində risk faktorları nələrdir? Ən çox hansı etioloji amilləri sadalamaq olar?

 

Qeyd etdiyimiz kimi, həzm sisteminin xəstəliklərinin simptomları müxtəlif olduğu qədər, onların yaranma səbəbləri də bir-birindən fərqlənir. Belə ki, qidalanma faktoru ilə yanaşı, nevroloji, endokrin, genetik faktorlar bu sistemin xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilər.

 

- Həzm orqanlarının iltihabı və funksional pozğunluqlarının əsas səbəbləri nədir?

 

Həzm sistemi xəstəliklərində risk faktorları arasında gələcəkdə sağlamlıqla bağlı problemlər yarada biləcək qidalanma faktoru əsas rol oynayır. Son əsrin ortalarından istifadə olunmağa başlayan “fast food”lar, müxtəlif konservantların iştirakı ilə yaradılmış müxtəlif mənşəli qidalar, onların bişirilmə mexanizmi və s. zaman-zaman həzm sistemi xəstəliklərinin risk faktorları arasına daxil olmuşdur. Bu zaman rejim və hər hansı bir iltihabi xəstəliyin kəskinləşmə dövründə düzgün müalicəyə riayət etməmək və ya ümumiyyətlə xəstəliyi müalicə etməmək bu xəstəliklərin xroniki formaya çevrilməsinə və xəstənin ömrünün sonuna qədər bu problemlə yaşamasına gətirib çıxarır.

 

- Bu gün hansı xəstəliklər qastroenterologiyanı tibbin ən vacib sahələrindən birinə çevirib?

 

Bu gün bir çox xəstəliklər sanki dəb halını alıb. Elm inkişaf etdikcə yeni xəstəliklərin yaranma səbəblərinin molekulyar və genetik səviyyələrdə araşdırılması bu problemlərin aradan qaldırılması ilə məşğul olan həkimlər, tibb müəssisələri və avadanlıqların artmasına gətirib çıxarıb. Son illər şikayətlərlə müraciət edən xəstələr arasında qastro-ezofageal reflüks, mövsümə bağlı olaraq mədə və onikibarmaq bağırsağın iltihabi xəstəlikləri və xora xəstəliyinin fəsadlaşması, qəbizliyə bağlı bağırsaq xəstəliklərində artım müşahidə olunmaqdadır.

 

- Tibbin bu sahəsində səbəbi tam olaraq bilinməyən xəstəliklər varmı?

 

Təbabətdə səbəbi bilinməyən xəstəliklərə çox nadir hallarda rast gəlinir. Əksər hallarda bütün xəstəliklərin səbəbi və törədicisi bəlli olur. Lakin bəzən simptomlar müxtəlif olur və ya təyin olunan müalicədə orqanizmin verdiyi reaksiya fərqli ola bilir.

 

- Müalicəvi əhəmiyyətli, bitki mənşəli məhsulların, eləcə də xalq təbabətinin mədə və bağırsağın müalicəsində effektivliyi barədə fikirlərinizi bilmək istərdik.

 

Xalq təbabəti bütün zamanlarda tətbiq olunan müalicə üsullarından biridir. Hazırda müasir tibbdə müəyyən xəstəliklərin müalicəsində xalq təbabəti elementlərindən istifadə olunur. Bəzən əks göstərişlərə də rast gəlinir. Lakin bir çox xəstəliklərin müalicəsində, o cümlədən qastroenterologiyada xalq təbabətindən istifadənin effektivliyi inkarolunmazdır.

 

- Mədə-bağırsaq xəstəliklərinin müayinəsində hansı müasir üsullar daha effektiv hesab olunur?

 

Mədə-bağırsaq xəstəliklərinin radioloji diaqnostikasında ultrasəs müayinəsi, qastroskopiya, kolonoskopiya, kontrast rentgenoqrafiya, kompüter tomoqrafiyası kimi müayinə metodları geniş istifadə olunur. 

 

- Mədə-bağırsaq xəstəliklərinin müalicəsində pəhrizin saxlanılması nə dərəcədə əhəmiyyətlidir? Sağlam və funksional bir həzm sistemi üçün həkim tövsiyələrini eşitmək istərdik.

 

Mədə-bağırsaqla bağlı istənilən xəstəliyin müalicəsində pəhrizə ciddi riayət olunmalıdır. Bəzi hallarda xəstələr pəhriz anlayışını düzgün başa düşmür, pəhrizi qidalanmamağa bərabər tuturlar.  Pəhriz zərər verə biləcək qidaların qəbulunu bir müddət dayandırmaq, hər hansı bir xəstəlikdən sağalmaq istəyən orqanizmi müalicə dövründə həmin qidalardan uzaq tutmaq deməkdir.

 

Sağlam və funksional bir həzm sistemi üçün vaxtlı-vaxtında qidalanmağı, mövsümi meyvələrdən, ekoloji təbii qidalardan istifadə etməyi, sinir sistemini gərgin vəziyyətlərdən kənarda saxlamağı, konservantlar və tərkibi qeyri-müəyyən olan qarışıq preparatlardan və qida məmulatlarından uzaq olmağı və hər hansı kiçik bir narahatlıq olduqda vaxtında həkimə müraciət etməyi tövsiyə edirəm. Zamanında həkimə müraciət etmək həmin xəstəlikdən tez bir zamanda qurtulmağa səbəb olur.

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir