“Bədxassəli şişlərin diaqnostikası və müalicəsinə müasir yanaşma” adlı BEYNƏLXALQ ELMİ KONFRANS keçirilib - FOTO
21.05.2021 14:38

Mayın 21-də Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş “Bədxassəli şişlərin diaqnostikası və müalicəsinə müasir yanaşma” mövzusunda elmi konfrans keçirilib.

 

Aztibb.az xəbər verir ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi, Amerika Kliniki Onkologiya Cəmiyyəti və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində karantin rejiminin tələbləri nəzərə alınaraq və “Zoom” platforması üzərindən onlayn formatda baş tutub.

 

Tədbiri giriş nitqi ilə açan Milli Onkologiya Mərkəzinin baş direktoru, Azərbaycan Onkoloqlar Cəmiyyətinin sədri, akademik Cəmil Əliyev Azərbaycanda onkoloji xidmətin 80 il ərzində uzun və dinamik inkişaf yolu keçdiyini, ölkədə bu sahədə ilk rəsmi struktur olan Elmi-Tədqiqat Rentgen-Radiologiya İnstitutunun (ETRRİ) 1941-ci ilin yanvar ayında fəaliyyətə başladığını bildirib.

 

“Azərbaycanda onkoloji xidmətin flaqmanı olan Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının genişləndirilməsi, ən müasir nanotexnologiyalarla təchiz olunması ölkə başçısı İlham Əliyevin daimi diqqət və qayğısı nəticəsində həyata keçirilmişdir, - deyə bildirən akademik C.Əliyev qeyd edib ki, 2009-cu ildə Mərkəzin Cərrahiyyə korpusunun açılışında cənab Prezident, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmiş, 2012-ci ildə isə Mehriban Əliyevanın təşəbbüsü ilə Uşaq Klinikası tikilmişdir.

 

Hazırda Milli Onkologiya Mərkəzinin postsovet məkanında ən qabaqcıl və müasir sağlamlıq müəssisələrindən biri olduğunu qeyd edən Mərkəzin baş direktoru onkologiya ilə mübarizədə uzun inkişaf yolu keçmiş Azərbaycan onkologiyasının bu gün özünün çiçəklənən dövrünü yaşadığını vurğulayıb. Onkologiya sahəsində yenilikləri müzakirə etmək məqsədilə təşkil olunmuş, ABŞ, Böyük Britaniya, İtaliya, Türkiyə və digər ölkələrdən mütəxəssisləri bir araya gətirən toplantının yüksək səviyyədə keçəcəyinə əminliyini bildirib, konfransın işinə uğurlar arzulayıb.

 

Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Fərəh Əliyeva ölkə Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu səsləndirib. Təbrik məktubunda vurğulanıb ki, dünyada məşhur olan bir çox alim və mütəxəssisin qatıldığı, onkologiya üzrə bu mötəbər beynəlxalq elmi konfransın ölkəmizdə keçirilməsi Azərbaycanın onkoloji xəstəliklərə qarşı mübarizədə daim artan nüfuzunun bariz göstəricisidir.

 

Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərinin icraçısı Teymur Musayev ölkə səhiyyəsinin mühüm istiqamətlərindən birini təşkil edən onkoloji xidmətin ilk ixtisaslaşdırılmış müstəqil tibb müəssisəsi olan Milli Onkologiya Mərkəzinin keçən əsrin 20-ci illərinin əvvəllərindən keçdiyi inkişaf yoluna qısa nəzər salıb. Onkoloji xidmətin maddi-texniki bazasının genişləndirilməsi, müxtəlif ixtisaslaşdırılmış rentgen kabinetlərinin tətbiqi, xüsusi onkoloji kabinetlər və şöbələrin yaradılması ilə formalaşmağa başladığını bildirib. Respublikada onkologiyanın yüksəliş mərhələsinin ümummilli lider Heydər Əliyevin ilk rəhbərliyi dövründə başladığını vurğulayan T.Musayev Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu sahənin daha da inkişaf etdiyini, maddi-texniki bazanın təkmilləşdirildiyini, kadr potensialının gücləndirildiyini bildirib.

 

Onun sözlərinə görə, 1990-cı ilin mart ayından bu günədək böyük elmi potensialı və müasir maddi-texniki bazası Milli Onkologiya Mərkəzində akademik Cəmil Əliyevin rəhbəliyi ilə təkcə onkologiya sahəsində deyil, onunla əlaqəli elmlərlə bağlı da çoxsahəli elmi-tədqiqat problemlərin öyrənilməsinə başlanılmışdır. Hazırda Mərkəzdə onkoloji xəstəliklərin profilaktikası, aşkarlanması və müalicəsi üzrə işlər uğurla həyata keçirilir. Burada, həmçinin ölkəmizin bu sahədə elmi potensialının böyük bir qismi cəmləşmişdir. Mərkəz, həmçinin Azərbaycan əhalisinə ixtisaslaşmış onkoloji yardım göstərilməsi üzrə bütün elmi-metodik və profilaktik işləri koordinasiya edən əsas  qurum funksiyasını yerinə yetirir.  

 

Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov 80 illik yubileyini qeyd etdiyimiz, dünyanın qabaqcıl onkologiya mərkzələrindən biri hesab olunan Milli Onkologiya Mərkəzinin onkologiya elminin inkişafında xidmətlərindən danışıb. Akademik mərkəzin inkişafının intibah dövrü 2000-ci illərin əvvəllərindən başladığını qeyd edərək ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində bu dövrdə Mərkəzin yeni binalarının inşa olunması, ən müasir avadanlqılarla təchiz olunması və kadr potensialının gücləndirilməsi sahəsində böyük işlər görüldüyünü diqqətə çatdırıb.

 

Səhiyyə komitəsinin sədri Mərkəzin bugünkü səviyyəyə gəlib çatmasında akademik Cəmil Əliyevin müstəsna xidmətlərə malik olduğunu qeyd edib, C.Əliyevin səhiyyə təşkilatçısı kimi fəaliyyətindən də bəhs edərək alimin Azərbaycanda bir neçə tibb müəssisəsinin yaradılmasının təşəbbüskarı olduğunu vurğulayıb.  

 

Akademik, həmçinin bu sahənin inkişafı, problemlərə kompleks yanaşılması baxımından zəruri olan onkologiya üzrə qanunun yenidən işlənilməsi və Dövlət Proqramının qəbul olunmasının əhəmiyyətindən söz açıb.

 

Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin müdiri, millət vəkili Soltan Məmmədov Heydər Əliyev Fondunun səhiyyə sahəsində aparılan islahatlar və davamlı inkiaşf üzrə həyata keçirilən dövlət siyasətinə böyük dəstək göstərdiyini, bu sahədə bütün dövlət proqramlarında yaxından iştirak edir. O, Fondun prezidenti Mehriban Əliyevanın onkoloji xəstəliklərlə qarşılaşan uşaqlara xüsusi qayğı ilə yanaşdığını qeyd edib, onun təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da xərçəng xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək göstərdiyini vurğulayıb.

 

S.Məmmədovun sözlərinə görə, Fondun “Regional İnkişaf” İctimai Birliyi Milli Onkologiya Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq ölkəmizin regionlarında insanlar arasında onkoloji müayinə və müalicələr təşkil edir. Həmçinin Fondun dəstəyi ilə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara dacvamlı tibbi yardımın göstərilməsi istiqamətində təcrübə mübadiləsi üçün Türkiyə və İsrailin tibb müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri qurulur.

 

Səhiyyə Nazirliyinin baş mütəxəssisi, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Azərbaycanda onkologiyanın inkişaf tarixi barədə təqdimatla çıxış edərək ölkəmizdə onkoloji xidmətin əsasının 1927-ci ildə qoyulduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikası Xalq Komissarları Soveti və Xalq Səhiyyə Komissarlığının 10 dekabr 1940-cı il Qərarına əsasən Bakıda Azərbaycan Respublikası Elmi-Tədqiqat Rentgen-Radiologiya İnstitutu yaradılmış, 1995-ci ildən Milli Onkologiya Mərkəzi adlandırılmışdır. Ötən illər ərzində Mərkəzin əməkdaşları tərəfindən respublikanın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və xərçəngin dərmanla müalicəsinin işlənib hazırlanması və təkmilləşməsi sahəsində böyük elmi araşdırmalar aparılmışdır. Bir sıra lokalizasiyalı şişlərin orqanqoruyucu əməliyyatlar daxil olmaqla yeni reabilitasiya və müalicə metodlarının işlənib hazırlanması sahəsində böyük nailiyyətlər əldə olunmuşdur.

 

A.Kərimli bu gün Milli Onkologiya Mərkəzinin Azərbaycanda bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikasına dair məsələlərin öyrənilməsi ilə məşğul olan böyük aparıcı ixtisaslaşmış elmi-tədqiqat müəssisə olduğunu diqqətə çatdırıb. O, Milli Onkologiya Mərkəzində şüa müalicəsinin aparılması üçün ən müasir universal sistem olan “TrueBeam STx” aparat sisteminin tətbiq olunduğunu bildirib.

 

Sonra Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.

 

Tədbirdə, həmçinin Birləşmiş Krallıq Oksford Universitetinin professor Devid Kerr, ABŞ-ın Vaşinqton Universitetinin professoru, Amerika Kliniki Onkologiya Cəmiyyətinin icraçı vitse-prezidenti Culi Qralov və Türkiyənin Hacettepe Universitetinin professoru Suayib Yalçın tədbirin onkologiya elminin müvafiq sahələrinin inkişafı və təkliflərin verilməsi baxımından əhəmiyyətindən bəhs ediblər, konfransın işinə uğurlar arzu ediblər.

 

Konfrans işini “Azərbaycanda onkologiya elminin inkişafı”, “Bədxassəli şişlərin müalicəsi”, eləcə də Amerika Kliniki Onkologiya Cəmiyyəti ilə birgə təşkil olunan “Kolorektal xərçəng” bölmələri üzrə davam etdirib.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib