Professor: Sərt karantin rejiminin yenidən tətbiqi insanların qaydalara əməl etməsindən asılıdır
13.03.2021 11:25

Son günlər ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında artım qeydə alınır. Artımın müxtəlif səbəbləri var. Bunlardan ən əsası yumşalma tədbirlərindən sonra insanlarda arxayınlıq hissinin yaranmasıdır. Müxtəlif ictimai-iaşə müəssisələrinin açılması, insanların həmin yerlərdə sıx toplanması və orada maskadan istifadəyə ciddi diqqət yetirilməməsi yoluxma hallarının artımında rol oynaya bilər. Digər tərəfdən Türkiyə və digər ölkələrdə virusun mutasiyaya məruz qalmış ştammları geniş yayılmaqdadır. Mutasiyaya uğramış viruslar COVID-19-un normal ştammından fərqli olaraq daha sürətlə yayılma xüsusyyətinə malikdir. Ölkəmizdə aparılan tədqiqatlar nəticəsində burada mutasiyaya uğramış virus növünə rast gəlinməyib. Ola bilər ki, nə vaxtsa yeni ştamm ölkəmizə gəlsin, lakin hələ ki, müşahidə olunmayıb. Buna baxmayaraq, son zamanlardakı artım diqqətli olmağı tələb edir. Qaydalara daha ciddi yanaşılsa və əməl olunsa sərt karantin rejiminin tətbiqinə ehtiyac olmaya bilər.

 

Aztibb.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

 

Onun sözlərinə görə, dünyada pandemiya davam etməkdə olduğu müddət ərzində müəyyən zamanlarda sərt karantin tədbirlərinin tətbiqi qaçılmazdır: "Hazırda yenidən sərt karantin rejiminin tətbiqi insanların qaydalara əməl etməsindən asılıdır. Ölkəmizdə vaksinasiya tədbirləri davam edir. Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin, eyni zamanda, onun yayılmasının azalmasında mühüm rol oynayacaq. Ölkədə vaksinasiya prosesi ilə bağlı vəziyyət getdikcə aktivləşir. Çünki vaxtilə COVID-19 infeksiyasının varlığını dananlar olduğu kimi vaksinin təhlükəli olduğunu, peyvənd olunanlarda müxtəlif xəstəliklərin əmələ gələcəyini deyənlər var idi. Lakin zaman keçdikcə vətəndaşlar koronavirusun yalan olduğu düşüncələrinin əssasızlığını gördükləri kimi ölkəmizə gətirilən vaksinin keyfiyyətli olduğunu və qabaqlayıcı xüsusiyyətləri ehtiva etdiyinə əmin oldular. Ona görə də vaksinasiyaya könüllü qoşulanların sayı getdikcə artır.

 

Vaksinin birinci dozası vurularkən orqanizmin immun sistemi hüceyrələrini oyatmaq üçün COVID-19-un öldürülmüş forması bədənə yeridilir. Nəticədə immun sistemi hüceyrələrinə həmin virusu tanıtmış oluruq. Sanki həmin hüceyrələri vücuda belə virus daxil olarsa ona aktiv şəkildə cavab verməyə hazırlayırıq. İkinci doza vurularkən isə immun sistemi hüceyrələri virusu tanıdıqları üçün daha aktiv şəkildə hərəkətə keçirlər. Nəticədə immun sistemi hüceyrələri tam aktiv hala keçərək vücuda daxil ola biləcək hər hansı bir infeksiyanın qarşısını almaq üçün yüksək səviyyədə fəaliyyət göstərmiş olur. Bunlar infeksiyanın ortadan qaldırımasında önəmli rol oynayan B-limfositlər tərəfindən anticisimciklərin, makrofajlar tərəfindən isə interferonun sintezlənməsi prosesləridir".

 

Professor yoluxma hallarının artımının qarşısını almaq üçün hər kəsi maska taxmağa, sosial məsafə prinsiplərinə və əl gigiyenası qaydalarına əməl etməyə səsləyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib