Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu cərrahi əməliyyat
15.06.2026 14:45
ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edən pasiyent təxminən 20 gün əvvəl başqa tibb müəssisəsində appendektomiya əməliyyatı keçirib. Əməliyyat zamanı kor bağırsaq nahiyəsində törəmə aşkarlansa da, həmin müdaxilə yalnız appendektomiya ilə yekunlaşdırılıb və törəmənin sonradan xaric edilməsi planlaşdırılıb.
Əməliyyatdan sonrakı dövrdə pasiyentin vəziyyəti ağırlaşıb. O, yüksək hərarət, qarın nahiyəsində ağrılar və iltihabi proses əlamətləri ilə müxtəlif tibb müəssisələrinə müraciət edib. Lakin törəmənin xarakterinin tam aydın olmaması səbəbindən cərrahi müdaxilə təxirə salınıb.
 
Bu barədə Aztibb.az-a məlumat verən ATU-nun Tədris Cərrahiyyə Klinikasının II Cərrahiyyə şöbəsinin müdiri, professor Xaləddin Musayevin sözlərinə görə, pasiyent Tədris Cərrahiyyə Klinikasında ətraflı müayinədən keçirilib.
 
Professor Xaləddin Musayev qeyd edib ki, pasiyentin diaqnostikasında klinikanın şüa diaqnostika şöbəsinin müdiri, dosent Rasim Bayramovun radioloji rəyi mühüm əhəmiyyət kəsb edib. Aparılan görüntüləmə müayinələrinin nəticələri törəmənin lokalizasiyasının və xarakterinin daha dəqiq qiymətləndirilməsinə imkan verib. Kontrastlı kompüter tomoqrafiyası və digər diaqnostik müayinələrin nəticələrinə əsasən kor bağırsaq nahiyəsində yerləşən törəmə, eləcə də Kron xəstəliyi ehtimalı nəzərdən keçirilib. Pasiyentdə 39–40°C-yə çatan yüksək hərarətin davam etməsi səbəbindən təcili cərrahi müdaxilə qərarı verilib.
 
Əməliyyat zamanı kor bağırsağın qarının yan divarına sıx bitişdiyi və hərəkətsiz vəziyyətdə olduğu müəyyən edilib. Cərrahi manipulyasiyalar zamanı həmin nahiyədə təxminən 100–150 qram irinli möhtəviyyat aşkarlanaraq boşaldılıb. Daha sonra kor bağırsaq qübbəsində infiltrasiya olunmuş, dağılma mərhələsində olan törəmə müəyyən edilib.
 
Törəmənin xarakterinin dəqiqləşdirilməsi məqsədilə toxuma nümunələri histoloji müayinəyə göndərilib. Pasiyentə sağtərəfli hemikolektomiya əməliyyatı və bağırsaq keçiciliyinin bərpası məqsədilə ileotransvers anastomoz icra olunub.
 
Professor Xaləddin Musayev bildirib ki, hazırda törəmənin mənşəyi ilə bağlı bir neçə ehtimal mövcuddur. Bunlardan biri Kron xəstəliyi, digəri isə onkoloji prosesdir. Bundan əlavə, appendiks nahiyəsində uzun müddət davam edən iltihabi-infiltrativ proses nəticəsində də belə klinik mənzərənin yaranması mümkündür. Dəqiq diaqnoz yalnız histoloji müayinənin nəticələrindən sonra müəyyən ediləcək.
 
Mütəxəssis qeyd edib ki, hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir. O, sərbəst hərəkət edir, qidalanır və əməliyyatdan sonrakı dövr normal keçir. Histoloji müayinənin nəticələrindən asılı olaraq sonrakı müalicə planı müəyyənləşdiriləcək. Əgər onkoloji proses təsdiqlənərsə, pasiyentin müalicəsi onkoloqların nəzarəti altında davam etdiriləcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır