Səhiyyə Nazirliyi “Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatını keçirib
03.06.2026 16:03

Səhiyyə Nazirliyi vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanmasını və fasiləsiz mübadiləsini təmin edən “Tibbi Rəqəmsal Əkiz Sistemi”ni (TRƏS) təqdim edib.

 

Aztibb.az-ın xəbərinə görə, real vaxt rejimində əhalinin sağlamlığının monitorinqinə, təkrar analizlərin aradan qaldırılmasına və sosial ədalətin təmininə xidmət edən, FHIR standartı əsasında qurulan bu mərkəzləşdirilmiş sistem 20-dən çox rəqəmsal həlli vahid platformada birləşdirib. Azərbaycan bu həlli tətbiq edərək Qafqaz və Mərkəzi Asiya regionunda rəqəmsal səhiyyə sahəsində lider mövqeyə yüksəlib.

 

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə giriş nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, rəqəmsal səhiyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm addımlar atılıb: “Ölkə başçısının 27 fevral 2026-cı il tarixli Fərmanı ilə Birinci vitse-prezident Mehriban Əliyevanın sədri təyin olunduğu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması bu sahənin inkişafına ən yüksək səviyyədə göstərilən dövlət dəstəyinin əyani təzahürüdür”.

 

Teymur Musayev vurğulayıb ki, Tibbi Rəqəmsal Əkiz Sistemi vətəndaşların sağlamlıq məlumatlarının vahid elektron reyestrlər vasitəsilə toplanmasını təmin edən mərkəzləşdirilmiş platformadır və süni intellekt vasitəsilə əhalinin sağlamlıq vəziyyətinin proqnozlaşdırılmasına, eləcə də böhranların idarə olunmasına imkan yaradır.

 

Sonra “Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi”nin yaratdığı üstünlüklər barədə videoçarx təqdim edilib.

 
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktorunun xüsusi nümayəndəsi Robb Batler çıxış edərək Azərbaycanın səhiyyə sahəsində həyata keçirdiyi rəqəmsal transformasiya layihələrini yüksək qiymətləndirib və ölkəmizin səhiyyənin rəqəmsallaşdırılması üzrə Qafqaz və Mərkəzi Asiya regionunda aparıcı mövqedə olduğunu qeyd edib.

Nazir qeyd edib ki, rəqəmsal savadlılığın artırılması məqsədilə növbəti tədris ilindən başlayaraq “Tibbdə rəqəmsal texnologiyalar və süni intellekt” mövzusunda kursların təşkili nəzərdə tutulur.

 

Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov “Azərbaycan Respublikasının rəqəmsal səhiyyə ekosistemi” mövzusunda təqdimatla çıxış edərək ölkədə son illər həyata keçirilən rəqəmsallaşma təşəbbüsləri barədə ətraflı məlumat verib. Müşavir qeyd edib ki, Tibbi Rəqəmsal Əkiz Sistemi təkrar analizlərə və həkim ziyarətlərinə olan ehtiyacı aradan qaldırır, vətəndaşların xərclərinə qənaət etməklə səhiyyə və tibbi sığorta sisteminin üzərinə düşən yükü azaldır, real vaxt rejimində monitorinq aparmağa, immunizasiya və skrininq kimi profilaktik tədbirlər barədə proaktiv xatırlatmalar göndərməyə imkan verir.

Beynəlxalq ekspert Mehmet Zahid Ercan isə “Tibbi Rəqəmsal Əkiz Sistemi” mövzusunda təqdimatla çıxış edərək, layihənin texnoloji xüsusiyyətlərini və innovativ imkanlarını iştirakçılara təqdim edib.

 

Hazırda Vahid Səhiyyə İnformasiya Sisteminin Hökumət Buluduna miqrasiyası tam başa çatdırılıb. Elektron xəstəlik vərəqəsi sistemi ölkə üzrə tam tətbiq olunub və kağız daşıyıcıların istifadəsi ləğv edilib. Bundan əlavə, elektron epikrizlərin vahid reyestri yaradılıb və sosial ödənişlər, eləcə də sığorta proseslərində elektron epikrizlərdən istifadəyə başlanılıb.

 

Təqdimatın sonunda Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tədbir iştirakçıları üçün monitorlar vasitəsilə “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin xəstələrin sağlamlıq göstəricilərinin rəqəmsal mühitdə modelləşdirilməsi, məlumatların operativ təhlili və tibbi qərarların dəstəklənməsindəki rolunu nümayiş etdiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır