Nadir Ebola ştamı yayılır  
03.06.2026 15:42

Konqo Demokratik Respublikası (KDR) və Uqandada yayılan Ebola epidemiyası beynəlxalq ictimaiyyəti ciddi narahat etməyə başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mövcud vəziyyəti "beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti" elan edib.

 

Aztibb.az-ın www.bbc.com-a istinadla məlumatına görə, epidemiya bu dəfə Ebola virusunun nadir və az öyrənilmiş variantlarından biri olan Bundibugyo ştamı ilə əlaqələndirilir. Hazırda bu ştama qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə vasitəsinin olmaması xəstəliyə qarşı mübarizəni daha da çətinləşdirir.

 

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika mərkəzlərinin məlumatına görə, Konqo və Uqandada yüzlərlə təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Minlərlə şübhəli yoluxma hadisəsi isə araşdırılır. Rəqəmlər hər gün dəyişsə də, vəziyyətin nəzarət altına alınmadığı və yeni yoluxmaların davam etdiyi bildirilir. Mütəxəssislər yaxın həftələrdə yoluxma hallarının daha da arta biləcəyini istisna etmirlər.

 

Epidemiyanın əsas mərkəzi KDR-nin şərqində yerləşən İturi və Şimali Kivu əyalətləridir. Bu bölgələr uzun illərdir silahlı münaqişələr, yoxsulluq və zəif səhiyyə infrastrukturu ilə üzləşdiyindən xəstəliyin yayılmasının qarşısının alınması xüsusilə çətinləşir. Səhiyyə işçilərinin bəzi ərazilərə təhlükəsizlik səbəbindən daxil olmaqda çətinlik çəkməsi xəstələrin aşkarlanması və təmasların izlənilməsi prosesini ləngidir.

ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus KDR əhalisinə müraciətində vəziyyətin ciddiliyini vurğulayıb. O bildirib ki, Bundibugyo ştamına qarşı spesifik müalicə mövcud olmasa da, virusun yayılmasının qarşısını almaq və insanların həyatını xilas etmək üçün effektiv tədbirlər görülə bilər. Gebreyesusun sözlərinə görə, yoluxma zəncirinin qırılması, xəstələrin erkən aşkarlanması və təmasda olmuş şəxslərin müəyyən edilməsi epidemiyaya qarşı mübarizənin əsas elementləridir.

 

Sözügedən ştam ilk dəfə 2007-ci ildə Uqandanın Bundibugyo bölgəsində aşkarlanıb və adı da həmin ərazidən götürülüb. Sonrakı illərdə yalnız bir neçə epidemiya ilə əlaqələndirildiyi üçün digər Ebola variantları ilə müqayisədə daha az öyrənilib. Mövcud virus KDR-də qeydə alınmış 17-ci Ebola epidemiyasıdır. Təxminən yarım əsr əvvəl aşkar edilən virus bu ölkədə dəfələrlə kütləvi yoluxmalara səbəb olub. Hazırkı epidemiya isə miqyasına görə ölkə tarixində ən böyük hadisələrdən biri hesab olunur. Məhz bu səbəbdən diqqətlə izlənilir. KDR ilə sərhədləri olan bir sıra ölkələrdə risk səviyyəsi artıb. Uqanda ilə yanaşı, Cənubi Sudan, Ruanda, Keniya, Zambiya, Mərkəzi Afrika Respublikası, Tanzaniya, Efiopiya, Anqola, Konqo Respublikası, Burundi və Somalinin yüksək risk altında olduğu bildirilir.

 

Xəstəliyin inkubasiya dövrü 2 gündən 21 günə qədər davam edə bilər. ÜST bildirir ki, insanlar adətən simptomlar ortaya çıxana qədər yoluxucu hesab edilmir. Lakin ilkin əlamətlərin qeyri-spesifik olması diaqnostikanı çətinləşdirir. Yoluxmuş şəxslərdə ilkin mərhələdə qızdırma, yorğunluq, əzələ ağrıları, baş ağrısı və boğaz ağrısı müşahidə olunur. Bu simptomlar qrip və ya digər infeksion xəstəliklərlə oxşarlıq təşkil etdiyindən bir çox halda xəstələr vaxtında müəyyən edilmir.

 

Xəstəlik inkişaf etdikcə vəziyyət ağırlaşır. Ebola hemorragik qızdırma yaratdığı üçün daxili və xarici qanaxmalar baş verə bilər. Müalicənin gecikməsi isə ölüm riskini artırır. Səhiyyə mütəxəssisləri məhz erkən diaqnostikanın həyat qurtaran əsas amillərdən biri olduğunu bildirirlər. Virus xəstə və ya vəfat etmiş şəxslərin bədən mayeləri ilə birbaşa təmas nəticəsində yayılır. Tər, qan, qusma kimi bioloji mayelər əsas yoluxma mənbəyi hesab olunur. Bu səbəbdən səhiyyə işçiləri, xəstə baxıcıları və dəfn mərasimlərində iştirak edən şəxslər daha yüksək risk qrupuna daxildirlər. Yoluxmuş şəxslərlə təmasda olan insanların müəyyənləşdirilməsi və nəzarət altında saxlanılması epidemiya ilə mübarizədə mühüm rol oynayır.

Mövcud epidemiya ilə bağlı ən böyük problemlərdən biri Bundibuqyoya qarşı təsdiqlənmiş peyvəndin və xüsusi müalicənin olmamasıdır. Son illərdə Ebola virusunun bəzi variantlarına qarşı effektiv peyvəndlər hazırlanıb və tətbiq olunub. Lakin həmin preparatlar bu ştama qarşı eyni səviyyədə təsir göstərmir. Buna görə də ÜST potensial müalicə vasitələrinin qiymətləndirilməsi üçün beynəlxalq ekspertləri bir araya gətirib. Mütəxəssislər klinik sınaqlarda istifadə olunması məqsədilə bir sıra namizəd preparatları prioritet hesab ediblər. Bunların arasında "Mapp Biopharmaceutical" və "Regeneron" şirkətlərinin hazırladıqları antikor terapiyaları, eləcə də "Gilead Sciences" şirkətinin antiviral preparatı yer alır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır