Akademik Rəfiqə Əliyevanın vəfatından 9 il ötür
06.05.2026 08:03

Görkəmli kimyaçı-alim, Əməkdar elm xadimi, akademik Rəfiqə Əliyevanın vəfatından 9 il ötür. 

Aztibb.az xəbər verir ki, Rəfiqə Əlirza qızı Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. Ali təhsilini 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində alıb. Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indi Elm və Təhsil Nazirliyinin tabeliyində olan Kimya İnstitutu) kiçik elmi işçi vəzifəsində başlayıb. 1960-cı ildə ADU-nun Analitik kimya kafedrasında analitik kimya ixtisası üzrə aspiranturaya qəbul olub. 1964-cü ildən ömrünün sonuna qədər universitetin Analitik kimya kafedrasında işləyib və assistent, baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə analitik kimya ixtisası üzrə “Germaniumun bəzi üzvi reagentlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik, 1999-cu ildə isə “d-, f- elementləri və germaniumun tərkibində N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1999-cu ildə analitik kimya ixtisası üzrə professor elmi adını alıb və Analitik kimya kafedrasının professoru vəzifəsində çalışıb. 2001-ci ildən ömrünün sonunadək BDU-da onun təşəbbüsü ilə yaradılmış Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının müdiri işləyib. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademikdir.

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş “Analitik kimyanın əsasları” (iki cilddə) və “Analitik kimyadan məsələ və suallar” kitabları onun rəhbərliyi ilə Azərbaycan dilinə tərcümə edilib. Bu kitablar Azərbaycanın ali təhsil müəssisələrinin müəllim, elmi işçi və doktorantlarının inkişafında mühüm rol oynayıb.

Akademik Rəfiqə Əliyeva Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrlə elmi-texniki təsərrüfat müqaviləli işlərin yerinə yetirilməsinə rəhbərlik edib. Bu işlər nəticəsində Bakı Dövlət Universiteti böyük miqdarda mənfəət götürüb. Təsərrüfat müqavilələrinin nəticələrinə əsasən ətraf mühitin çirklənməsi qiymətləndirilib, zərərli və ağır metalların qatılaşdırılaraq ayrılmasının yeni, ucuz və iqtisadi cəhətdən əlverişli metodları işlənib-hazırlanıb.

 

Görkəmli alim Rəfiqə Əliyeva Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D 02.011 şifrli dissertasiya müdafiə şurasının sədr müavini, universitetin və Kimya fakültəsinin elmi şuralarının üzvü olub. O, tələbəlik illəri də daxil olmaqla, ömrünün 70 ilə yaxın bir dövrünü universitetə həsr edib.

 

Akademik Rəfiqə Əliyeva böyük bir nəslin ən parlaq nümayəndələrindən biri idi. Həmin nəsil Azərbaycan tarixində dövlətçiliyimizin təməlini qoymuş, onu dünyanın müasir dövlətləri sırasına çıxarmışdır. Bu nəslin qurub-yaratmaq, xeyirxahlıq etmək kimi ən gözəl keyfiyyətlərini özündə birləşdirən, daxilən təvazökar, zəngin mənəvi keyfiyyətlərə malik olan Rəfiqə Əliyeva tələbələrin böyük himayədarı idi.

 

Görkəmli alimin elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə o, 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib. O, akademik Y.Məmmədəliyev adına mükafatın laureatı olub. 2000-ci ildə akademik Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib, 2003-2004-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyi “İlin alimi” fəxri adına, “Ekologiya” və “Ümumi ekologiya” adlı dərs vəsaitləri isə Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) təsis etdiyi Həsən Əliyev adına mükafata layiq görülüb.

 

2018-ci ildə “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurası “Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis edib.

 

Ömrünü kimya elminin inkişafına və kimyaçıların yeni nəslinin yetişməsinə həsr etmiş Rəfiqə xanımın yetirmələri arasında 20-dən çox elmlər namizədi və elmlər doktoru var. Həyatının mənasını elmə, vətənə xidmət etməkdə görən akademik Rəfiqə Əliyevanın əziz xatirəsi həmkarlarının və tələbələrinin qəlbində həmişə yaşayacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır