Təranə Tağı-zadə: "Erkən nikah ümidli gələcəyin qarşısına qoyulan maneədir"
26.06.2024 09:34

Erkən nikah və qohum evlilikləri bu gün də cəmiyyətimizin aktual problemi olaraq müzakirə edilməkdədir. Xüsusilə də qız uşaqlarının erkən nikaha daxil olmağa məcbur edilməsi, nəticə etibarilə onların cinsi istismara, fiziki və psixoloji zorakılığa məruz qalmasına və təhsildən uzaqlaşmasına səbəb olur. Eyni zamanda, tez-tez baş tutan qohum evlilikləri uşaqların genetik xəstəliklərlə doğulması riskini yüksəldir.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı bildirib.

 

O qeyd edib ki, beynəlxalq səviyyədə qəbul edilmiş bir çox sənədlərdə dövlətlərin qarşısına nikaha hər iki tərəfin sərbəst və həqiqi razılığı ilə daxil olmasının təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi tələbi qoyulur: “BMT-nin Uşaq Hüquqlarının Qorunması Komitəsinin mövqeyinə əsasən, “Uşaq hüquqları haqqında Konvensiya” uşaqların nişanlanması və nikahına da tətbiq edilir və konvensiyanın 24-cü maddəsinin 3-cü bəndinə görə, üzv dövlətlərin üzərinə uşaqların sağlamlığına xələl gətirə biləcək ənənələrin və adətlərin ləğv edilməsinə dair bütün tədbirləri həyata keçirmək öhdəliyi düşür. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədləri sırasında 2030-cu ilə qədər hər kəsin cinsi və reproduktiv sağlamlıq hüquqlarının təmin edilməsi, o cümlədən bütün qarşısı alına bilən ölüm hallarına son qoymaqla yeni doğulmuş uşaq və ana ölümlərinin azaldılması, ailə planlaması, bu sahədə məlumatlandırma və təhsil üçün əlçatanlığın təmin edilməsi kimi hədəflər müəyyən edilib”.

 

Alim erkən yaşda hamiləlik və uşaq dünyaya gətirmənin qadınların sağlamlığı, o cümlədən reproduktiv sağlamlığı üçün yaratdığı acı nəticələrə də diqqət çəkib: “Erkən hamiləlik travma və vaxtından əvvəl doğuş riski kimi sağlamlıq problemlərinə səbəb olur. Belə ki, ananın arzuolunmaz hamiləlik keçirməsi bir çox xəstəliklərə yol açır. Bu uşaqlar erkən yaşda hamiləlik dövründə qalıcı fiziki və psixoloji problemlərlə üzləşirlər. Belə vəziyyətdə ana və uşaq ölümləri riskinin artdığı müşahidə edilməkdədir. Bir çox araşdırmada da ifadə edildiyi kimi, gənc yaşda evlənən qızlar qeyd olunan sağlamlıq problemlərindən başqa, anemiya və az çəkili yeni doğulmuş körpələr, perinatal ölüm, depressiya və bununla bağlı intihar riskləri, həyəcan, qorxu, ümidsizlik və digər vəziyyətlərlə də üzləşirlər. Hələ fiziki və mənəvi yetkinliyə çatmamış qızların öz uşaqlıq dövrünü yaşamadan analığı qəbul etməsi acınacaqlı haldır. Çünki qızlar cinsi sağlamlıq haqqında kifayət qədər biliklərə malik deyillər və buna görə də hamiləlikdən qorunmaq yollarını bilmirlər. Odur ki, erkən yaşda evli qızların HİV infeksiyasına yoluxma ehtimalı daha yüksəkdir və bu uşaqlar doğum sonrası depressiyaya məruz qalırlar. 18 yaşından əvvəl evliliklərin HİV infeksiyası baxımından riskli olmasını tədqiqatlar da təsdiq edir.

 

Biz həkimlər bu halların aradan qaldırılması istiqamətində maarifləndirmə işləri aparmaqla insanları bu məsələdə həssas olmağa çağırırıq. Valideynlər bilməlidirlər ki, övladlarının yaşadıqları bu problemlər ömür boyu dərin yaralar buraxaraq ciddi travmalara səbəb ola bilər. Bu səbəbdən “erkən nikah” ifadəsi təkcə qızların həyat yoldaşı ilə həyatlarını davam etdirmələrinin təmin edilməsi mənasına gəlmir. Bu, həm də onların ümidli gələcəyinin qarşısında qoyulan maneə kimi qəbul edilməlidir”.

 

T.Tağı-zadə çıxışı zamanı qan qohumluğuna əsaslanan nikahlar nəticəsində doğulan uşaqların sağlamlıq problemlərinə də toxunub, onlar arasında xeyli sayda anadangəlmə qüsurların baş verdiyini deyib: “Bu cür evliliklər genetik quruluşu pozan patologiyalara səbəb olur və oxşar vəziyyətin təkrarlanması gələcək həyatı təhlükə altına alır. Qohum evliliyi daha çox anadangəlmə qüsur riskini artırır, eyni zamanda doğulan uşaqlarda otosomal resessiv xəstəliklər yaranır. Ən çox rast gəlinən xəstəliklərdən biri əqli geriliyə yol açan fenilketonuriyadır. Bu sıradan olan xəstəliklərə inkişaf pozğunluğu, zehni gerilik, kistik fibroz, o cümlədən göz, qulaq, əzələ-sinir, ürək-damar və şəkər xəstəlikləri, qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və digərləri daxildir”.

 

ATU-nun əməkdaşı ölkəmizdəki vəziyyəti bu istiqamətdə dəyərləndirərkən xüsusilə qohum evliliklərinin çox olduğu kənd yaşayış məntəqələrinin diqqəti çəkdiyini vurğulayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Xəstələrin göz nurunun qayğısına qalan oftalmoloq - Gülnar Mirzəyeva
Bədəndə qaşınmalar qaraciyərdən ola bilərmi?
 Azərbaycan tibb elminə ağır itki üz verib   
Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir:
Vətən müharibəsi şəhidinin yenidoğulan qardaşı sağalaraq evə buraxılıb
Təcili tibbi yardım briqadası tərəfindən ağır vəziyyətdə olan xəstənin daşınma prosesi uğurla icra olunub  
Ömrünün 38 ilini Göyçay Rayon Mərkəzi Xəstəxanasına bağlayan peşəkar həkim - Xuraman Atakişiyeva
Qobustanda Silahlı Qüvvələr Günü ilə əlaqədar aksiya: 50-dən artıq şəhid ailəsi, qazi və müharibə iştirakçısı müayinə olunub
Patoloji sarılıq körpələrdə təcili müalicə olunmalıdır - MÜSAHİBƏ
Ölkəmizdə ilk dəfə icbari tibbi sığorta ilə STA-MCA Bypass əməliyyatı uğurla həyata keçirilib
Tərtərin Bəyimsarov kəndində aztəminatlı ailələrə tibbi xidmət göstərilib
Bərdə RMX-da klinik protokolların tətbiqinə dair təlim keçirilib
“Risk kommunikasiyası və icmalarla iş – infodemiyanın idarə olunması üzrə planın hazırlanması” mövzusunda təlim baş tutub