Bu gün oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür  
15.04.2024 10:00

Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 39 il ötür. Onun nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır.

 

Aztibb.az xəbər verir ki, Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. O. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib. İnstitutda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

 

Akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Onun vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın  profilaktikası və müalicəsi üzrə hələ gənc mütəxəssis kimi əldə etdiyi nailiyyətlər Azərbaycanda oftalmologiyanın bu sahəsinə mühüm nəzəri və praktiki töhfələr vermişdir. Görmə orqanının peşə patologiyaları ilə bağlı apardığı tədqiqatlar isə alimi artıq keçmiş Sovet məkanında tanıtdırdı.

 

Alimin zəngin elmi-tədqiqat fəaliyyətində zərərli iş şəraiti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi üzrə tədqiqatlar Azərbaycan Milli Elmlər Akademiyasının akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə bağlı olub. 1979-cu ildə Azərbaycan EA Rəyasət Heyətinin və Səhiyyə Nazirliyinin birgə qərarı əsasında İnstitutun tərkibində akademik Zərifə Əliyevanın rəhbərliyi altında Görmənin fiziologiyası laboratoriyası yaradılıb. Bu labotatoriyanın yaradılması ilə nəinki institutun elmi fəaliyyətində, eləcə də milli oftalmologiya məktəbinin inkişafında yeni bir səhifə açılıb. 

 

O, 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. Akademik Zərifə Əliyevanın təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olunub və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynayıb. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

 

Gərgin və məhsuldar elmi fəaliyyətinə görə o, 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Görkəmli alimin respublikanın iri sənaye müəssisələrində apardığı genişmiqyaslı elmi-tədqiqat işləri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb.

 

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfələrə, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə akademik Zərifə Əliyeva oftalmologiya elmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

 

O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmologiya” (Moskva) jurnalı redaksiya heyətinin üzvü olub.

 

1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Zərifə Əliyeva, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir: “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

 

Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.

 

Allah rəhmət eləsin!

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Sümük bulyonu arıqlamağa kömək edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
 Tibb müəssisələri arasında şəhid ailələrinin üzvlərinin işlə təmin olunması sayına görə Sumqayıt Tibb Mərkəzi ilk yerdədir   
Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir