COP-un ətraf mühit və qlobal inkişaf naminə “yaşıl” səhiyyə və “yaşıl” tibb missiyası
06.03.2024 09:29

1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit və İnkişaf Konfransında iştirak edən dövlət və hökumət başçıları atmosferə atılan tullantıların əhəmiyyətli dərəcədə azaldılmasını təmin edəcək “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası”nı qəbul etdilər. Bu, həqiqətən də tarixi qərar idi, çünki dövlət və hökumət rəhbərlərinin əksəriyyəti ilk dəfə olaraq bəşəriyyətin təsərrüfat fəaliyyətinin dəyişdirilməsi zərurətini dərk edərək, zərərli fəaliyyəti məhdudlaşdırmağı nəzərdə tuturdu.

Taleyin istehzasıdır ki, insan sağlamlığını möhkəmləndirmək, xəstəliklərlə mübarizə aparmaq, insanları sağaltmaq məqsədi daşıyan səhiyyə iqlim dəyişikliyinə əhəmiyyətli təsir göstərir. Belə ki, enerji istifadəsi səhiyyə tullantılarının əsas hissəsini təşkil edir (50 faizdən çoxu) və onların əksəriyyəti qalıq yanacaqlardan ortaya çıxır.

Aztibb.az-a bu fikirləri “Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Günel Məmmədova bildirib.

Mütəxəssislər ümumi səhiyyə tullantılarını 3 qrupa bölürlər: birbaşa tibb müəssisələrindən atılan tullantılar – 17 faiz; isitmə/soyutma sistemlərindən, elektrik enerjisinin alınması nəticəsində yaranan dolayı tullantılar – 12 faiz; tullantıların əksəriyyəti səhiyyə təchizatı zəncirinə, yəni tibbi malların/ xidmətlərin istehsalı, daşınması, istifadəsi və utilizasiyası ilə əlaqədardır – 71 faiz.

O bildirib ki, iqlim dəyişikliyi və insanların sağlamlıq vəziyyətinin pisləşməsi arasında əlaqə bir çox komponentdən ibarətdir. Qalıq yanacaqların istifadəsi atmosferdə CO2 (həmçinin CH4, N2O) miqdarını artırır. Bu da, öz növbəsində temperaturun və dəniz səviyyəsinin yüksəlməsinə gətirib çıxarır, nəticədə daşqınlara və quraqlığa səbəb olur.

İqlim dəyişikliyi səbəbindən qlobal cəmiyyətin qarşısına ciddi problemlər çıxır: şirin su mənbələrində duzluluq artır, kol və meşə yanğınları geniş vüsət alır, ozon qatı zədələnir, içməli su qıtlığı yaranır, hava çirklənir, kənd təsərrüfatı və əkinçilikdə məhsuldarlıq azalır. Sadalananların insan sağlamlığına vurduğu zərərlər və xəstəliklərin yaranmasına zəmin yaradan nəticələri çoxdur. Bu xəstəliklər qeyri-mütənasib olaraq həssas qrup insanlara – uşaqlara, qocalara, hamilə qadınlara, əvvəldən mövcud xəstəliyi olan insanlara daha çox təsir göstərir.

Yeni iqlim Sazişində qarşıya “qlobal orta temperatur artımını sənayedən əvvəlki səviyyədən 2°C-dən xeyli aşağı saxlamaq və temperaturun yüksəlməsini 1,5°C-ə qədər məhdudlaşdırmaq üçün səy göstərmək” məqsədi qoyulub.

İnsanların rifahı və xalqların, səhiyyə sistemlərinin və hökumətlərin sabitliyi onların dəyişən qlobal iqlimlə qarşılıqlı əlaqəsindən asılıdır.

Günel Məmmədova bildirib ki, iqlim Sazişinə uyğun olaraq təsis edilmiş “Lanset” beynəlxalq multidisiplinar əməkdaşlığı (The Lancet Countdown) iqlim dəyişikliyi nəticəsində dəyişən sağlamlıq profillərini izləmək və bütün dünyada hökumətlər tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməsinin müstəqil qiymətləndirilməsini təmin etmək məqsədi daşıyır. “Lanset”ə görə, iqlim dəyişikliyi insan sağlamlığı üçün XXI əsrin ən böyük qlobal təhlükəsidir.

2021 və 2022-ci illərdə ekstremal iqlim hadisələri bütün qitələrdə dağıntılara səbəb oldu və COVID-19 pandemiyasının təsirləri ilə mübarizə aparan səhiyyə xidmətlərini daha da gərginləşdirdi. Belə ki, Avstraliya, Braziliya, Çin, Qərbi Avropa, Malayziya, Pakistan, Cənubi Afrika və Cənubi Sudanda sel və daşqınlar, Kanada, ABŞ, Yunanıstan, Əlcəzair, İtaliya, İspaniya və Türkiyədə meşə yanğınları, Avstraliya, Kanada, Hindistan, İtaliya, Oman, Türkiyə, Pakistan və Böyük Britaniya da daxil olmaqla bir çox ölkədə havanın temperaturunun rekord həddə çatması dağıntılara, insan itkisinə, eləcə də milyardlarla dollarlıq iqtisadi itkilərə səbəb oldu.

Hesablamalara görə, 2021-ci ildə temperaturun sürətlə artması səbəbindən həssas əhali qrupları (65 yaşdan yuxarı böyüklər və bir yaşdan kiçik uşaqlar) 1986-2005-ci illəri əhatə edən dövrdə hər il olduğundan 3,7 milyard daha çox isti dalğasına məruz qaldılar. Eyni zamanda, iqlim dəyişikliyi yoluxucu xəstəliklərin yayılmasına təsir edir, əhalini yeni xəstəliklər və əlaqəli epidemiyalar riskinə məruz qoyur.

“Lanset”in dövrü nəşrlərində göründüyü kimi, iqlim dəyişikliyinin səhiyyəyə və insan sağlamlığına təsirlərinin pisləşməsi ilə əlaqədar qlobal cəmiyyətin üzləşdiyi əlaqədar digər böhranlar daha da şiddətlənir. Dünya əhalisi, isə ilk müdafiə xətti kimi daha çox səhiyyə sistemlərinə və tibbi xidmətlərə arxalanır.

Bununla belə, son illərdə tibbi yardıma ehtiyac meyarının artması ilə yanaşı, bütün dünyada səhiyyə sistemlərinin COVID-19 pandemiyasının, eləcə də iqtisadi xərclərin artması və enerji böhranının təsirinə məruz qaldı. Buna görə də, səhiyyə sistemlərinin dayanıqlığını artırmaq və dəyişən iqlim şəraitində ölüm və xəstəliklərin artmasının qarşısını almaq üçün təcili tədbirlər görülməsi barədə qlobal çağırışlar edilir.

ÇOX OXUNANLAR
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
Revmatoid artritlə mübarizədə ümidverici yeni vasitə aşkar edilib
Təcrübəli həkim Nərgiz Kərimova Milli İdman Tibb və Reabilitasiya İnstitutunda işə başlayıb
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir   
İşıq çirklənməsi immun sisteminə mənfi təsir göstərə bilər