Mütəxəssis: "Xroniki yorğunluq sindromunun diaqnozu psixoloq, psixiatr və sahəyə uyğun digər həkimlərin birgə müayinəsi nəticəsində qoyulur"
04.12.2023 13:19

Gündəlik həyatda insanın özünü taqətsiz, halsız, yuxulu hiss etməsinə, hər hansı bir işi görmək üçün enerjinin olmamasına yorğunluq kimi baxılır. Əgər bir insan fiziki iş gördükdən sonra, yorulursa və istirahət zamanı sərf etdiyi enerjisi bərpa olunursa, bu normal hal hesab edilir.

 

Müayinə zamanı heç bir xəstəlik müşahidə olunmursa, istirahət etməsinə baxmayaraq, insan özünü halsız hiss edirsə və 6 ay ərzində halsızlıq getdikcə daha da artırsa, bu vəziyyət xroniki yorğunluq sindromu adlanır. Xroniki yorğunluq sindromunda yorğunluq, halsızlıq, yuxululuq və ya yuxusuzluq halı müşahidə edilir. Hər hansı xəstəlikdən dolayı yaranan yorğunluq, xəstəlik müalicə olunduqdan sonra aradan qalxır.
 
Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov xroniki yorğunluqla bağlı məlumat verərkən deyib.

 

Nahid Məhərrəmov bildirib ki, qanazlığı olan insanlarda əsasən yorğunluq, halsızlıq, gücsüzlük, nəfəs darlığı, baş gicəllənməsi, ürəyin tez-tez döyünməsi və s. əlamətlər hiss olunur. Anemiyada olan yorğunluq orqanların toxumalarında yetərli miqdarda oksigen çatışmazlığı nəticəsində əmələ gəlir. Eyni zamanda, qalxanabənzər vəz xəstəliklərində, əsasən də orqanın həddindən artıq böyüməsi, davamlı yorğunluğa səbəb ola bilər.

 

Onun sözlərinə görə, orqanizm, infeksiyalara qarşı daimi mübarizə aparmasına görə, zəif immun sistemi də xroniki yorğunluq yarada bilər. Şəkər xəstəliyi və insulin müqaviməti zamanı da yorğunluq müşahidə olunur. Belə ki, yemək zamanı qanda şəkərin dərəcəsində düşmə yaranarsa və şirin yemək istəyi, halsızlıq, ürək döyüntülərinin artması müşahidə olunarsa, buna reaktiv şəkər düşməsi deyilir. Belə insanlar tez çəki alır və özünü tükənmiş hiss edirlər:

 

"Həmçinin ağciyər və qaraciyər xəstəliklərinin çoxunda yorğunluq görünür. Yuxarıda sadaladıqlarımızdan başqa hərəkətsizlik, həddindən artıq fiziki əməklə məşğul olmaq, xroniki stres və depressiya, arıqlamaq üçün pəhrizlər, antidepressant qəbulu, siqaret çəkmək və spirtli içki qəbulu, xolestrol düşürücü dərmanların istifadəsi, normal qidalanmama, vitamin və mineral çatışmazlığı, burun tənəffüsü problemləri də yorğunluğa səbəb olur".

 

Terapevt əlavə edib ki, xroniki yorğunluq sindromunun diaqnozu psixoloq, psixiatr və sahəyə uyğun digər həkimlərin birgə müayinəsi nəticəsində qoyulur. Öncə xəstədə olan şikayətlərin digər bir xəstəliklə əlaqəsinin olub-olmadığını araşdırmaq üçün lazım olan bütün müayinələr aparılmalıdır. Xəstədən toplanan anamnez xroniki yorğunluq sindromunda önəmlidir. Xroniki xəstəliklər, eləcə də valideynlərdən genetik olaraq keçən xəstəliklər hərtərəfli araşdırılmalıdır.

 

Xroniki yorğunluq sindromunun müalicəsindən bəhs edən Nahid Məhərrəmov bildirib ki, ilk növbədə psixoloji dəstək verilməlidir, çox düşünməkdən, keçmişdə etmədiklərindən, gələcəyi həddindən artıq planlamaqdan çəkinmək lazımdır. Gün ərzində yarım saat sürətli yerimək və 1.5-2 litrə qədər su içmək önəmlidir. İş mühiti və istirahəti düzgün qurulmalıdır. Qısa müddətli və tez-tez dincəlmə mühiti yaradılmalıdır.

 

"Bundan əlavə, pasiyent düzgün qidalanmanın əsas prinsiplərinə əməl etməlidir. Şirin və yağlı qidalardan mümkün qədər az istifadə olunmalıdır. Axşam yeməklərində daha çox tərəvəz və meyvə istifadəsi məqsədəuyğundur. Müalicə boyunca xəstə hər addımda yaxşılaşacağı ilə motivasiya edilməlidir", - deyə o, qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər