Azər İsmayılov: "2023-cü ildən tibb müəssisəsində keyfiyyətli tibbi xidmətin fasiləsiz təmin edilməsi istiqamətində ciddi işlərə başlanılıb"
24.11.2023 09:20

2021-ci ildə açılışı baş tutan Abşeron Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs Azərbaycan Prezidentinin sərəncamı ilə 4 hektar sahədə inşa olunub. Tibb müəssisəsi Yaponiya, Cənubi Koreya, İtaliya və Türkiyə istehsalı olan ən zəruri avadanlıqla təchiz edilib. Yüksək səviyyəli, müasir standartlara cavab verən binada stasionar, poliklinika, təcili tibbi yardım, əməliyyatxanalar, reanimasiya otaqları beynəlxalq standartlara cavab verir.

 

Abşeron Rayon Mərkəzi Xəstəxanasına 2022-ci ilin dekabrından Azər İsmayılov direktor təyin edilib. A.İsmayılov 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində təhsilini davam etdirib. 2009-2015-ci illərdə Türkiyənin Ege Universitetinin Tibb fakültəsində ümumi cərrahiyyə üzrə uzmanlıq təhsil alıb. 2017-2021-ci illər ərzində Yevlax Rayon Mərkəzi Xəstəxanasında, 2021-2022-ci illər ərzində isə Respublika Klinik Xəstəxanasında direktor kimi fəaliyyət göstərib.

 

2023-cü ilin yanvarından Azər İsmayılovun rəhbərliyi altında Abşeron Rayon Mərkəzi Xəstəxanasında keyfiyyətli tibbi xidmətin fasiləsiz təmin edilməsi və pasiyent məmnunluğunun artırılması istiqamətində ciddi işlərə başlanılıb. Müasir tipli binanın imkanları daha düzgün dəyərləndirilib. 

 

Öncə Abşeron rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətlərə əlçatanlığının və pasiyent məmnunluğunun artırılması üçün Qeydiyyat bölməsi yeni formatda əhalinin istifadəsinə verilib. Xəstəxananın rəhbərlik tərəfindən daha operativ qeydiyyat işinin təşkili, əhaliyə əlçatan tibbi xidmətin göstərilməsi üçün qeydiyyat bölməsi xəstəxananın geniş və işıqlı guşəsinə köçürülüb. Elektron qeydiyyat sistemi formalaşdırılıb. 22 personalın çalışdığı bölmədə kompakt və əhatəli xidmət göstərilir. Burada xəstəxanaya müraciət edən vətəndaşlara göstərilən xidmətlər barədə informasiya almaq üçün məlumat mərkəzi, ambulator müayinədən keçmək üçün qeydiyyat mərkəzi, digər tibb müəssisələrinə göndərilən xəstələr üçün göndərişlər paneli və s. fəaliyyət göstərir.

 

Abşeron Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Azər İsmayılovun sözlərinə görə, 2021-ci ildən etibarən bütün ölkə böyu icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Eyni zamanda Abşeron rayon Mərkəzi Xəstəxanasında da. İcbari tibbi sığorta sisteminin tətbiqi ilə xəstəxananın qeydiyyat sistemi də təkmilləşdirilib: "Qeydiyyat işinin təşkili buradakı fəaliyyətimizin ən önəmli hissəsidir. Əvvəllər qeydiyyata kiçik sahə ayrılması xidmətdə müəyyən problemlər yaradırdı. Sıxlıq yaranır, xəstələr və yaxınları dar dəhlizə sıxışıb növbə gözləməli olurdular. Sözügedən xidməti daha geniş sahəyə yerləşdirdik və növbədə durmaq üçün xüsusi yerlər təşkil edərək əhaliyə daha rahat xidmət təqdim etdik. Burada radioloji müayinələr üzrə, üç yaşadək və əlilliyi olan şəxslər üzrə, arayışlar üzrə masalar təşkil olunub. Qeydiyyat, məlumat bürosu, göndərişlərin verildiyi bölmələr yan-yanadır. Qazi və vətən müharibəsi iştirakçılarına, onların və şəhidlərin ailələrinə xidmət edən masa digərlərindən ayrılıb. Vətəndaşların rahatlığının təmin edilməsi üçün gözləmə zonası yaradılıb".

 

Azər İsmayılov deyir ki, xəstəxananın lll səviyyəli laboratoriya təmir və maddi-texniki bazanı gücləndirməklə lV səviyyəyə çatdırılıb. Tam avtomatlaşdırılmış müasir cihazlar sayəsində qısa zaman ərzində dəqiq nəticələr əldə edilir. Yenilənmiş laboratoriya fasiləsiz fəaliyyəti ilə pasiyentləri gözlətmədən analiz nəticələrini operativ təqdim etmək iqtidarındadır.

 

Direktorun dediyinə görə, Abşeron Rayon Mərkəzi Xəstəxanasına edilən müraciətlərin sayı ildən-ilə artır. Bunun da əsas səbəbi tibbi xidmətini keyfiyyətinin yüksəldilməsi və tibbi xidmətin çeşidliliyinin artmasıdır. Xəstəxana xüsusən icbari tibbi sığortanın tətbiqindən sonra yüzminlərlə vətəndaşın ümid yerinə çevrilib. Səhiyyə müəssisəsinə edilən müraciətlərin təhlili zamanı müəyyən olub ki, ümumi tibbi müayinə, qan dövranı, həzm, sidik-cinsiyyət sistemi xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, sümük və əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri, tənəffüs, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, psixi və davranış pozuntuları, habelə sinir  sistemi xəstəlikləri kimi problemlər müraciət səbəblərinin böyük hissəsini təşkil edib.

 

Azər İsmayılov bildirib ki, çoxprofilli və müasir texniki bazaya malik olan, ixtisaslı həkimlər tərəfindən yüksək səviyyədə xidmət görən hər bir vətəndaş tibbi xidmət almaq məqsədilə xəstəxanamıza müraciət edir. Bu da günü-gündən həm müraciətlərin, həm də sıxlığın artmasına zəmin yaradır. Bu gün xəstəxanaya təkcə Abşeron ərazisindən deyil, Gəncədən, Quba, Lənkəran və s. rayonlardan müraciət edənlərin sayı üstünlük təşkil edir: "Vətəndaş məmnuniyyətinin artırılması ilk növbədə bu sistemi hərəkətə gətirən kadrlardan asılıdır ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti də ilk növbədə kadrlar hesabına gücləndirilir. Ayrı-ayrı ixtisas sahələri üzrə peşəkarlar işə cəlb edilir. Hazırda xəstəxanada Rusiya, Türkiyədə təhsil alan yüksək ixtisaslı həkimlər, uzmanlar pediatr, üz-çənə cərrahı, ginekoloq, burun-boğaz həkimi, neonatoloq, ümumi cərrah, uroloq çalışır. Biz xəstəxanaya yüksək ixtisaslı həkimlərin cəlbi prosesini gələcəkdə də davam etdirəcəyik. Yüksək kvalifikasiyalı kadrlarımız yoxdursa, infrastruktur çox yaxşı olsa belə, məmnun qalmarıq. Xəstəxanamızda peşəkar, təcrübəli həkim sayını artırmağa çalışır, tibb bacılarının bilik və bacarıqlarının artırılması istiqamətində işlər görürük. Belə ki, bundan sonrakı planlarımızda tibb bacılarının, sadəcə nəzəri və praktik biliyinin deyil, həm də vətəndaşla davranışına təsir edəcək simpozium, seminar və təlimlərdə iştirakının əhəmiyyəti nəzərə alınıb.

 

Direktor vurğulayıb ki, xəstəxanada neontologiya şöbəsi, üst çənə cərrahiyəsi şöbəsi və digər qeyri tibbi şöblər yaradılıb: "Bizim 9 çarpayılıq emodializ şöbəmiz var. "İcbari tibbi sığortanın tətbiqi ilə sovet sisteminə məxsus xəstəxanaların qəbul şöbələrinin bazasında həftənin 7/24 fəaliyyət göstərən Təcili Tibbi Yardım xidməti qurulub. Abşeron Rayon Mərkəzi Xəstəxananın təcili tibbi yardım şöbəsi də zonalara ayrılıb. Qırmızı zona, özü gələn xəstələrin yönləndirildiyi yaşıl zona, xəstəxananın yükünü yüngülləşdirmək, operativ müdaxilə və vətəndaş məmnuniyyətini təmin etmək məqsədilə müşahidə zonası yaradılıb. Əvəllər Təcili Tibbi Yardım xidmətinə 10-15 nəfər müraciət edirdisə, bu gün xidmətə müraciətlərin sayı 70-i ötür".

 

Azər İsmayılovun sözlərinə əsasən, xəstə potensialı, günlük müraciət və əməliyyat sayı nəzərə alınaraq yeni qərarlar alınıb: "Ötən il ərzində xəstəxanamızda 6000-dən çox cərrahi əməliyyat icra olunub. Hazırda ümumi cərrahiyyə, urologiya, ginekoloji sahələrdə uğurlu əməliyyatlar həyata keçirilir. Xəstəxana 3-cü səviyyə fəaliyyət göstərən xəstəxanalardan heç də geri qalmır. Bu gün xəstəxanada ayrı-ayrı rayonlardan çox ağır xəstələr qəbul edirik. Burada böyük həcmli əməliyyatlar icra olunur. Böyük həcmli, ağır əməliyyatlar icra olunan zaman mütləq şəkildə xəstəxananın özünün tam təşəkküllü, tam təchizatlı və təminatlı reanimasiya bölməsi olmalıdır. Abşeron Rayon Mərkəzi Xəstəxanasının anisteziologiya, reanimasiya və intensiv terapiya bölməmiz 10 çarpayıdan ibarətdir. Amma tam təchizatlı, ən yüksək standartlara cavab verən avadanlıqlarla təmin olunmuş  reanimasiya bölməsidir. Bunun nəticəsidir ki, xəstəxanada icra olunan ən ağır əməliyyatlardan sonra biz xəstələrimizi reanimasiya bölməsində nəzarətdə saxlaya bilirik. Qeyd edim ki, artıq neçə vaxtdir ki, biz xəstəxanada əməliyyatxana sayını artıraraq 4-ə çatdırmışıq. Bu əməliyyatxanalarda çeşidli əməliyyatlar, uroloji, travmatoloji, qulax, buurun-boğaz əməliyyatları icra olunur".   

 

Azər İsmayılov bildirib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində Bakı və Sumqayıt şəhərlərində, Abşeron və Xızı rayonlarında yaşayan əhaliyə vərəm əleyhinə göstərilən yardımın yaxşılaşdırılması məqsədilə dərmanlara həssas vərəmli xəstələrə stasionar yardım üçün 200 çarpayı fondu olan Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxana fəaliyyət göstərir. Xəstəxana fəaliyyəti dayandırılmış Saray Modul tipli Xəstəxana kompleksinin bazasında formalaşdırılıb.

 

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxana inzibati hissə, infeksion xəstəliklər korpuslarından (Modul) və köməkçi sahələrdən (qazanxana, yeməkxana, camaşırxana, oksigen anbarı) ibarətdir. Sahəsi 3 min kvadratmetr olan üç infeksion xəstəliklər korpusu 100 palata və 200 çarpayı yerindən ibarətdir.

 

Xəstəxananın Poliklinika şöbəsində ixtisaslı həkim müayinə otaqları, qanalma otağı, prosedur otağı, laborator xidmətlər otaqları müayinə və müalicənin monitorinqi məqsədilə xidmət göstərir. Bu şöbə ultrasəs müayinə aparatı, hərəkətli rentgen aparatı, bronxoskop, elektrokardioqrafiya, otorinolorinqoloji avadanlıqlar, molekulyar genetik diaqnostik laborator müayinə üçün avadanlıqlar və digər yardımçı cihaz və alətlərlə təchiz olunub.

 

Ağciyər vərəmi diaqnozlu xəstələrin müalicəsi 1, 2 və 3-cü vərəm şöbələrində təşkil olunub. Yoluxucu vərəmli xəstələr 50 çarpayılıq 3-cü vərəm şöbəsində, yoluxucu olmayan xəstələr isə xəstəlik hallarına uyğun olaraq hərəsi 60 çarpayılıq olan 2-ci və 3-cü vərəm şöbələrində müalicə alırlar. Ağciyərdən kənar orqanların vərəminin müalicəsi 25 çarpayılıq ağciyərdən kənar vərəm şöbəsində təşkil olunub. Bu şöbədə həkim-ftiziatrlarla yanaşı, həkim-ümumi cərrah və ağciyərdən kənar vərəm üzrə ixtisaslı həkim-ftiziatrlar da fəaliyyət göstərir.

 

Reanimasiya şöbəsində müalicə alan xəstələrə günün istənilən saatında bütün laboratoriya testlərinin və instrumental müayinələrin aparılması üçün şərait yaradılıb.

 

Xəstəxana mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Otaqlardan birində vərəmli xəstələrin müalicəsində xüsusi rolu olan oksigen kompressoru yerləşir və palatalara oksigen ötürülür. Müalicə alan xəstələrə həkim-diyetoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri veriləcək. Xəstəxana bütün lazımi şərait, təminat-təchizat və kadr potensialı ilə təmin edilib.

 

Direktor qeyd edib ki, hazırda ən müasir cihazlarla rentgen, kompüter tomoqrafiyası həyata keçirilən xəstəxanada müəyyənləşdirilən tədbirlər planına uyğun bir sıra yeniliklər nəzərdə tutulub. Plana uyğun ilk addımlardan biri olaraq tezliklə mərkəzi xəstəxanada qastroentoloji xidmət fəaliyyətə başlayacaq. Şöbədə həm qastroskopiya, həm də endoskopiya xidməti göstəriləcək.

 

Azər İsmayılovun söylədiyinə görə, vətəndaş məmnuniyyətinin artırılması ilk növbədə bu sistemi hərəkətə gətirən kadrlardan asılıdır ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti də ilk növbədə kadrlar hesabına daha da gücləndiriləcək. Bütün sahələr, o cümlədən, TTY-nin işində dəyişikliyə nail olmaq üçün mütəxəssislər, ayrı-ayrı ixtisas sahələri üzrə peşəkarlar işə cəlb ediləcək.

 

525-ci qəzet

 

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab işıq üzü görüb
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib
Fizioterapevt və reablitoloqların ilk konfransı təşkil olunub