Dünya kardiologiya təlimatlarında artıq TAVI metodikası klassik açıq əməliyyatla eyni səviyyədə tövsiyə olunur - MÜSAHİBƏ
13.10.2023 15:24

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu TAVİ əməliyyatı (Transkateter Aorta Qapağı İmplantasiyası) barədə suallarımızı cavablandırıb.

 

Aztibb.az müsahibəni təqdim edir:

 

İlqar həkim, ilk növbədə, TAVİ əməliyyatı barədə məlumat verərdiniz.

 

- TAVİ - döş qəfəsi yarılmadan, heç bir kəsik aparılmadan, umumi anesteziya verilmədən kateter vasitəsilə xəstənin ayaq damarlarından girilərək, ürəyin aorta klapanına yeni klapan taxılması əməliyyatıdır. Bu əməliyyat yaşlı xəstələrdə aorta qapağı yaşla bağlı olaraq kirəcləməyə bağlı kritik aorta stenozu olan, yəni klapanda daralma olan xəstələrdə tətbiq olunur. Biz bu əməliyyatı açıq əməliyyat şansı olmayan xəstələrdə icra edirik. Qapağın müddəti açıq əməliyyatlarda olduğu kimi, 10-15 il müddətinə gedir. 15 ildən sonra yenidən daralma olarsa, yenidən qapaq taxaraq xəstənin ömrünü daha 15 il müddətinə uzadırıq. Qeyd etnək istəyirəm ki, aorta stenozu müasir səhiyyənin mühüm problemlərindən biridir. Ürəyin işemik xəstəliyi və hipertoniya ilə yanaşı, aorta qapağının qüsurları ürək-damar xəstəliklərinin üçüncü ən çox yayılmış qrupudur. Şiddətli aorta qapağı stenozunun müalicəsi adətən cərrahi yolla aparılır. İndiyə qədər açıq aorta qapağının dəyişdirilməsi standart müalicə metodu olmuşdur. Bununla belə, aorta qapağı stenozu olan xəstələrin təxminən üçdə biri həm əməliyyat zamanı, həm də əməliyyatdan sonrakı dövrdə yüksək cərrahi ağırlaşma riski səbəbindən cərrahi müalicə üçün uyğun deyil. Bu, aorta qapağı stenozunun çox vaxt müxtəlif yanaşı xəstəlikləri olan yaşlılarda baş verməsi ilə əlaqədardır.

 

Yaşlılar üçün açıq ürək əməliyyatları son dərəcə risklidir və aorta darlığı ilə yaşamaq çox təhlükəlidir. Bu xəstəlik 65 yaşdan yuxarı insanlarda kifayət qədər tez-tez baş verir. Bunun səbəbi yaşla birlikdə qapaq vərəqlərindən birinin normal işləməsini dayandırması və bununla da sol mədəcikdən aortaya qan axınının azalmasıdır.

 

- Bu əməliyyat hansı xəstələrə təyin edilir?

 

- Tibb elminin son nailiyyətləri bütün dünyada olduğu kimi, ölkəmizdə də insan ömrünü uzatmağa imkan verir və yaşlılarda ilk sıradan çıxan ürək qapaqlarının dəyişdirilməsi, şübhəsiz ki, bu prosesin diqqətəlayiq məqamlarından biridir.

 

TAVİ əməliyyatı Azərbaycanda nadir icra olunan əməliyyatlardan və tibbin son nailiyyətlərindən biridir. Bu əməliyyat yanaşı xəstəlikləri olan yaşlı insanlar, o cümlədən yüksək ölüm riskli aorta stenozu olan xəstələrin cərrahi müalicəsinin optimal növüdür. Aorta qapağının bioprotezi döyünən ürəyə implantasiya edilir. Əvəzedici aorta qapağının yerləşdirilməsi və implantasiyası üçün bud arteriyasından xüsusi kateter daxil edilir.

 

- TAVİ əməliyyatının üstünlükləri nədən ibarətdir?

 

- TAVİ əməliyyatı narkoz verilmədən, ümumi anesteziya olmadan, sadəcə yüngül sedasiya vasitəsilə heç bir kəsik aparılmadan icra olunur. Xəstə üçün üstünlüyü odur ki, o, 24/48 saat sonra evə yazıla bilir və normal həyatına davam edir. Əməliyyat qısamüddətlidir və xəstə tez bir zamanda normal həyata qayıdır. Qeyd etmək istəyirəm ki, bu əməliyyat daha az travmatikdir, əməliyyatdan sonrakı dövr 2-3 gün təşkil edir, hətta açıq əməliyyata yararlı kimi qəbul edilməyən xəstələr üzərində də icra oluna bilər.

 

Dünya kardiologiya təlimatlarında artıq TAVI metodikası klassik açıq əməliyyatla eyni səviyyədə tövsiyə olunur.

 

- İlqar həkim, aorta stenozunun yaranma səbəbləri haqqında nə deyə bilərsiniz?

 

- Sadə dildə desək, stenoz aorta qapağının strukturunda baş verən dəyişiklikdir. Bu zaman insan bədəninin əksər daxili orqanlarına və sistemlərinə qan tədarükü pisləşir. Aorta triküspid qapağı bir növ “qapıdır, qanı ürəkdən damara keçirir və geri buraxmır. Bu qapaq qanın yalnız bir istiqamətdə axmasına imkan verir. "Zərərli" amillərə görə, qapaq vərəqləri birləşir, kalsifikasiya olunur - və tamamilə açılmağı dayandırır - aorta dəliyinin tədricən daralması baş verir, qan axını pozulur.

 

Aorta qapağı stenozunun digər səbəbləri kimi revmatik xəstəlikləri, aterosklerozu, aorta qapağının kalsifikasiyası və endokarditi misal çəkmək olar.

 

-Aorta stenozu olan insanlarda hansı simptolar özünü büruzə verir?

 

- Bu gün hər onuncu yaşlı insan aorta stenozunun doğurduğu əlamətlərdən əziyyət çəkir. Bunlara təngnəfəslik, huşun itirilməsi, əzələ zəifliyi, daim yorğunluq və yuxulu olmaq, taxikardiya, aritmiya və sinə ağrıları, tez-tez baş ağrıları, miqren, quru və boğucu öskürək, qarın boşluğunda şişkinlik və mayenin yığılması daxildir.

 

- Hansı xəstələr risk qrupuna daxildir?

 

- Risk qrupunda olan xəstələr aşağıdakılardır: genetik meyilliyi olanlar, elastin geninin irsi patologiyası, şəkərli diabet, hipertoniya və böyrək çatışmazlığından əziyyət çəkən xəstələr, siqaret çəkənlər və s.

 

- Aorta stenozunu təyin etmək üçün hansı müayinələr aparılır?

 

- Əməliyyat üçün göstərişləri və onun həyata keçirilməsinin mümkünlüyünü müəyyən etmək üçün əsas tədqiqatlar da daxil olmaqla hərtərəfli müayinə tələb olunur. Bunlara EXO-KQ (exokardioqrafiya), koronar angioqrafiya, ürəyin və aortanın MSCT (multispiral kompüter tomoqrafiyası) daxildir.

 

Bu araşdırmaların göstəricilərini qiymətləndirdikdən sonra əməliyyatın mümkünlüyü barədə qərar qəbul edilir. 

 

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib