Səhiyyə naziri qida standartlarının təkmilləşdirilməsinə dair regional konfransda çıxış edib
14.09.2023 15:41

Sentyabrın 14-də Bakıda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin birgə təşkilatçılığı ilə ”Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi" mövzusunda regional konfrans öz işinə başlayıb.


Ümumillikdə 15-ə yaxın ölkəni təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən beynəlxalq konfransa Azərbaycan Respublikasının müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kodeks Komissiyasının Avropa regionu üzrə Koordinasiya Komitəsi (CCEURO) ölkələrinin (Türkiyə, Qazaxstan, Moldova və s.), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Ticarət Təşkilatı (ÜTT), UNICEF, Avropa Komissiyası, Dünya Bankı və digər nüfuzlu qurumların 60-dan çox nümayəndəsi qatılıb.


Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, konfransın açılışında giriş sözü ilə çıxış edən AQTA-nın sədri Qoşqar Təhməzli Agentliyin fəaliyyət göstərdiyi dövrdə respublikamızda qida təhlükəsizliyi sahəsində bir sıra islahatlar aparıldığını, qida təhlükəsizliyi sahəsində vahid idarəetmə sistemindən vahid səlahiyyətli qurum idarəetməsinə keçidi təmin etdiyini söyləyib. Müasir dünyada qida təhlükəsizliyinin təmin edilməsində “Vahid Sağlamlıq” konsepsiyası yanaşmasının aktual məsələyə çevrildiyini vurğulayan Q.Təhməzli bu yanaşmanın əhəmiyyətli olduğunu önə çəkib.

 

Tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev qida təhlükəsizliyinin əhalinin sağlamlığının və səhiyyə sisteminin mümkün təhdidlərdən qorunmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, ölkə Prezidentinin 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Sərəncamına əsasən, vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi əsas məqsədlərdəndir. Həmçinin Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında uşaqların sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi yuxarıda qeyd olunan məqsədə çatmaq üçün əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib.

 

Nazir bu baxımdan, qida təhlükəsizliyinin sağlamlığın qorunması prizması çərçivəsində Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi arasında fəal əməkdaşlıq aparıldığı, xüsusən də məktəblilərin düzgün qidalanmasının təşviqinə dair tədbirlər həyata keçirildiyi vurğulayıb.


Qanunvericilikdə sağlam və təhlükəsiz qidalar istehsal edən bizneslər üçün dəstəkləyici mühitin formalaşdırılmasının önəmini vurğulayan Teymur Musayev bu sahədə innovativ texnologiyaların tətbiqi, stimullaşdırıcı mexanizmin yaradılması, müxtəlif tədqiqatlar sayəsində müəssisələrin fəaliyyəti üçün əlavə imkanların yaradıldığını qeyd edib. O, Kodeks Komissiyasının qlobal səviyyədə qida keyfiyyətinin idarəolunmasında mühüm təsirə malik olduğunu söyləyərək, tədbirdə aparılacaq panel müzakirələrin Milli Kodeks Sisteminin yaradılması işinə əməli töhfələr verəcəyinə əminliyini ifadə edib.


Azərbaycanın kənd təsərrüfatı naziri, FAO-nun və ÜST-nin ölkəmizdəki nümayəndələri, Kodeks Alimentarius Komissiyası Katibliyində Qida Standartları üzrə baş katibi və digərləri müasir dövrün tələblərini qarşılayan qida təhlükəsizliyi normalarının yaranması və standartların idarəedilməsi, bu sahədə mütərəqqi çağırışların meydana çıxması və elmi əsaslı qida standartlarının tətbiq edilməsi aspektlərində çıxış ediblər.

 

Daha sonra tədbirdə “Qida təhlükəsizliyi prioritetləri haqqında regiondakı yeniliklər”, “Təhlükəsiz qida üçün standartların rolu və istifadəsi”, “Qida təhlükəsizliyində “Vahid Sağlamlıq” yanaşmasının gücləndirilməsi” və digər mövzularda sessiyalar baş tutub.


Sentyabrın 15-dək davam edəcək konfransın əsas məqsədləri milli və beynəlxalq səviyyədə insan sağlamlığının qorunması, elm əsaslı qida standartlarının faydaları haqqında məlumatlılığın artırılması, “Vahid Sağlamlıq Konsepsiyası” çərçivəsində qida təhlükəsizliyi, onun bitki heyvan sağlamlığı ilə qarşılıqlı əlaqəsi sayəsində region üçün prioritet məsələlərin müzakirəsidir. Eyni zamanda, tədbirdə Kodeksin rolu ilə bağlı ən son yeniliklər, Avropa və Mərkəzi Asiya regionunda qida təhlükəsizliyinin təmin olunması və Kodeks standartlarının tətbiqi sahələrində əldə olunmuş nailiyyətlər üzrə təcrübə mübadiləsi aparılacaq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır