"Nitq qüsurunun əmələgəlmə səbəblərindən biri də autizm sindromudur" - Nevropatoloq
20.08.2023 15:54

Müasir dövrdə ən çox rast gəlinən problemlərdən biri uşaqlarda nitqin vaxtında inkişaf etməməsidir. Son vaxtlar uşaqlar arasında nitq fəaliyyətində ciddi geriləmələr müşahidə olunur. Valideynlər övladlarının danışmamasından, yaxud danışarkən qüsurları olmasından şikayət edirlər: ötən əsrin 70-ci illərinin əvvəllərində həmin problem yalnız 4% təşkil edirdisə, hazırda nitqi qüsurlu olan uşaqların sayı 6 dəfə artıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının uşaq nevropatoloqu Mehriban Məmmədova məlumat verib.

 

Həkim bildirib ki, nitq bacarığının formalaşması üçün psixi inkişaf normal səviyyədə olmalıdır. Nitqin formalaşması üçün eşitmə, görmə, emosiyalar lazımi qədər inkişaf etməlidir. Uşaq körpəlikdən ata-ana məhəbbətini hiss etməlidir. Analar körpəni yedizdirərkən onunla göz təması qurmalı, danışdırmalı, yuxuya gedərkən laylay oxumalıdırlar. Körpəni gəzdirərkən əşyalarla tanış etmək lazımdır. Uşaq nədənsə qorxursa, həmin yerlərə aparmaq olmaz. Qorxu - nitqin ləngiməsinə səbəb olur.

 

Onun sözlərinə görə, nitq qüsurunun yaranmasına hamiləlik zamanı keçirilən infeksiyalar, daxili xəstəliklər, psixi və fiziki zədələr səbəb ola bilər. Uşaqlarda nitq geriliyinin yaranmasında rol oynayan səbəblərdən biri də onların smartfon və planşetlərlə çox vaxt keçirmələridir. Qida qəbul edərkən telefonu uşağa veririk. Belə olan hallarda ünsiyyət azalır. Az ünsiyyət olduğu üçün nitq geriliyi bir o qədər irəliləyir. 3 yaşa qədər uşaqlara şeirlər oxumaq, onlarla oyunlar oynamaq lazımdır. Eyni zamanda, uşağın təmiz havada olması, uşaq əyləncə mərkəzlərində, kukla teatrında əyləndirmək məsləhətdir. Belə ki, kiçik yaşlı uşaqlarla müxtəlif oyunlar oynamaq gələcəkdə onların intellektual səviyyəsinin yüksəlməsinə təsir edir:

 

"Uşaqlarda nitq qüsurlarının bir neçə formasına rast gəlinir. Gəlin, onları nəzərdən keçirək.

Allaliya – baş beynin hər hansı bir hissəsinin inkişafdan qalması və yaxud patologiyası səbəbindən nitqin olmamasıdır.

Dizartriya - mərkəzi sinir sistemində güclü zədələnmələr nəticəsində baş verir və uşaqlarda tənəffüs zamanı sözün bir hissəsi tamamilə itir.
Rinolaliya - burun-udlaqda adenoidlər və ya burun çəpərində yaranan əyrilik nəticəsində sait səslər ağızdan yox, burundan ifadə olunur.
Loqonevroz, yəni kəkələmə - söz axınının, səs tembrinin və yaxud heca ritminin pozulmasıdır. Bu forma getdikcə ağırlaşmağa meyilli olur. Nitq problemlərinin patogenetik səbəbləri də müxtəlif olur: uşaqla valideyn arasında əlaqənin olmaması, yaxud zəif olması, beyin qabığının ləng inkişafı və somatik xəstəliklər".

 

M.Məmmədova qeyd edib ki, nitq qüsurunun əmələgəlmə səbəblərindən biri də autizm sindromudur. Normal uşaq 1 yaşında istədiyini barmağı ilə göstərir, 2 yaşına doğru isə nitqi formalaşır, fikrini sözlər və qısa cümlələrlə ifadə edir. Autizmli uşaqların isə öz dünyası olur. Onlar ətraf mühitdən təcrid olunur, bir hərəkətin, yaxud bir əşyanın üzərində təkrarlayıcı hərəkətlər edirlər.

 

"Bu uşaqların söz ehtiyatı yalınız bir-iki sözdən ibarət olur və həmin sözlər daim təkrarlanır. Belə uşaqlar mütləq psixiatr və nevropatoloq müayinəsindən keçirilməlidir. Həkimə müraciət nə qədər erkən olsa, səmərəsi də bir o qədər tez alınar. Ona görə də, adları çəkilən əlamətlərdən hər hansınısa uşağınızda müşahidə etsəniz, mütləq həkimə müraciət edin ki, vaxtında qüsuru aradan qaldıra biləsiniz", - deyə nevropatoloq əlavə edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir