Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu çərçivəsində işgüzar proqrama start verilib
20.06.2023 17:47

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Dünyadakı Azərbaycanlı Həkimlərin Simpoziumunun (DATS) işgüzar proqramı öz işinə başlayıb.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, iyunun 20-21-də keçiriləcək panel müzakirələrdə Azərbaycan səhiyyəsində imkanlar və perspektivlər, cərrahiyyədə yeniliklər, robotik cərrahiyyənin imkanları, urogenital xəstəliklərin cərrahi müalicəsində innovasiyalar, təbabətin aktual problemləri, əczaçılıqda son nailiyyətlər, süni intellekt və yeni texnologiyaların tibb sahəsində tətbiqi, nevrologiyada aktual problemlər, qadın sağlamlığı, müasir neonatologiya, pediatriya və digər mövzularda çıxışların edilməsi nəzərdə tutulub.

 

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov simpoziumun işgüzar proqramında açılış nitqi ilə çıxış edib:

“Bu gün Azərbaycan səhiyyəsi özünün yeni bir mərhələsinə qədəm qoyub. Səhiyyəmiz həm dövlət, həm də özəl sektorun payına inkişaf edir. Son illərdə səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir.

 

Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ı çərçivəsində xaricdə təhsil alan həkim-mütəxəssislərin TƏBİB-in tabeli tibb müəssisələrində işə qəbulu aparılır. Bu proqramın vaxtı 2024-cü ilə kimi uzadılıb. Bu, o deməkdir ki, xarici ölkədə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu 2024-cü ilədək davam edəcək.

 

Həmin proqrama əlavə bir dəyişiklik də edilib. Həkim mütəxəssislərin fəaliyyətinin və iş şəraitinin qiymətləndirilməsi məqsədi ilə Monitorinq Komissiyasının yaradılması nəzərdə tutulub. Komissiya tərəfindən bir həkim-mütəxəssis üçün 6 aylıq əsaslarla monitorinq həyata keçirilir. Monitorinqdən müvəffəqiyyətlə keçdikdə həvəsləndirici əlavələrin ödənilməsi növbəti 1 il müddətinə uzadılır. Monitorinqdən müvəffəqiyyətlə keçmədikdə həvəsləndirici əlavələrin ödənilməsi dayandırılır”.

 

Vüqar Qurbanovun sözlərinə görə, proqrama əsasən cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunur.

 

TƏBİB-in İcraçı direktoru simpoziumun elmi proqramının çox zəngin olduğunu və tibbin bir çox sahələrini əhatə edən müasir yanaşmaların olduğunu qeyd edib:

 

“İnanıram ki, 2 gün boyunca olacaq çıxışlar, diskussiyalar yüksək səviyyədə keçəcək. Uğurlu fikir və təcrübə mübadiləsi baş tutacaq. Məqsədimiz Azərbaycan səhiyyəsini ən yüksək səviyyədə inkişaf etdirməkdir. Dünyanın dörd bir yanında çalışan hər bir azərbaycanlı həkimin bu sahədə öz sözlərini demələri, milli səhiyyə sisteminin inkişafı istiqamətində aparılan işlərə öz töhfələrini vermələri üçün yeni imkanlar yaratmaqdır”.

 

Daha sonra “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ı çərçivəsində xaricdə təhsil alan və TƏBİB-in tabeli tibb müəssisələrində çalışan həkim-mütəxəssislər çıxış ediblər. Kliniki Tibbi Mərkəzin uzman torakal cərrahı Fəhmin Əmirov, Abşeron Rayon Mərkəzi Xəstəxanasının uzman üz-çənə cərrahı Vüqar Qurbanov, Mərkəzi Neftçilər Xəstəxanasının uzman ümumi cərrahı Zümrüd Əliyeva çıxış edərək Azərbaycanda çalışmaqdan, vətəndə səhiyyənin inkişafına öz töhfələrini verməkdən şad olduqlarının dilə gətiriblər.

 

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirovun moderatorluğu ilə keçən hissədə Simpoziumda iştirak edən dövlət və özəl tibb müəssisələrinin direktorları çıxış edərək Azərbaycan səhiyyəsinin imkanları və perspektivlərini müzakirə ediblər. Onlardan Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, Referans Medikal Qrupun baş direktoru Hansıyar Babayev, Gəncə Beynəlxalq Hospitalın baş həkimi Tural Əfəndiyev, Ege Hospitalın direktoru Barat Yusubov çalışdıqları xəstəxanalarda görülən işlərdən ətraflı bəhs edib, xaricdə yaşayan və çalışan həkimləri Azərbaycanda çalışmağa dəvət ediblər.

 

Simpoziumda tibbi elmi cəmiyyətlərin nümayəndələri də çıxış ediblər. Onlardan Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, t.e.d, ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudovun moderatorluğu ilə keçirilən hissədə ekspertlər Türkiyə Rekonstruktiv Mikrocərrahiyyə Cəmiyyətinin təsisçisi, professor İbrahim Yıldırım, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) səhiyyə koordinatoru Samir Əliyev, Türkiyədə Azərbaycanlı Həkimlər Dərnəyinin (AHD) sədri, t.ü.f.d, dosent, uzman kardiocərrah Ferit Kasımzade, Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) fəxri üzvü Vüqar Yaqublu, Azərbaycan Amerika Tibb Assosiasiyasının İdarə Heyətinin üzvü, t.ü.f.d, dosent, uzaman otolarinqoloq Yusif Hacıyev çıxış edərək Azərbaycanda səhiyyənin inkişafı istiqamətində imkanları və perspektivləri müzakirə ediblər.

 

Simpozium daha sonra elmi çıxışlarla davam edib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
Dünya liderlərini bir araya gətirən
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
 Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb   
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova
Bütün şəhər və rayonlarda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalanıb
 Tibb müəssisələri arasında şəhid ailələrinin üzvlərinin işlə təmin olunması sayına görə Sumqayıt Tibb Mərkəzi ilk yerdədir   
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub