DAHİ TƏBİBLƏR: Elmlər Akademiyasının ilk prezidenti, akademik Mirəsədulla Mirqasımov
10.04.2023 17:15
"Dahi təbiblər" rubrikasında Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, ilk tibb elmləri doktoru, Əməkdar elm xadimi, akademik Mirəsədulla Mirqasımov haqqında məlumatları təqdim edirik.
 
Mirəsədulla Mirqasımov 1883-cü il noyabrın 17-də Bakıda anadan olub. İlk təhsilini mədrəsədə və ruhani seminariyasında aldıqdan sonra Bakı Rus Gimnaziyasını bitirib. 1908-ci ildə Odessada Novorossiysk Universitetinin Tibb fakültəsinə qəbul olub. Tələbəlik illərində ərəb, fars və rus dilləri sahəsindəki biliklərini daha da dərinləşdirib, tərcümə ilə məşğul olub. Təhsil almaqla yanaşı, sanitar və əczaçı kimi işlərdə çalışıb, Uzaq Şərq mədənlərində feldşer işləyib. Həkimlik diplomu aldıqdan sonra isə Odessanın müxtəlif klinika və xəstəxanalarında ordinator kimi cərrahiyyə əməliyyatları aparıb. O, seçdiyi ixtisasın sirlərinə daha dərindən bələd olub, lakin öz üzərində müntəzəm işləməyi də unutmayıb.
 
1916-cı ildə Bakıya qayıdan Mirəsədulla Mirqasımov 12-ci hərbi lazaretdə cərrah-ordinator, 1918-ci ildə şəhər xəstəxanasında Cərrahiyyə şöbəsinin baş ordinatoru işləyib. O, çox keçmədən Bakı Dövlət Universitetinin Tibb fakültəsinə dəvət olunub və burada pedaqoji fəaliyyətlə yanaşı, ciddi elmi axtarışlar aparıb. 
 

Mirəsədulla Mirqasımov 1927-ci ildə “Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsinə dair materiallar” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. O, ilk azərbaycanlı tibb elmləri doktoru olub.

Azərbaycanda tibbi cərrahiyyə elmi məktəbinin əsasını qoyan Mirəsədulla Mirqasımov 1929-cu ildə professor elmi adını alıb. 1930-cu ildə Azərbaycan Tibb Universiteti (ATU) yaradıldıqdan sonra görkəmli alimin fəaliyyəti klinik cərrahiyyə, travmatologiya və urologiyanın tədrisi ilə bağlı olub. O, 1931-1934-cü illərdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib.

Alim Azərbaycan dilində cərrahlıq sahəsində ilk dərsliyi 1933-cü ildə hazırlayıb. İkinci Dünya müharibəsi illərində görkəmli alimin “Cərrahiyyə”, “Qısaca ümumi cərrahiyyə kursu” dərslikləri, “Azərbaycanda sidik daşı xəstəliyinin öyrənilməsi materialları”, “Ölkənin müdafiəsində cərrahiyyənin rolu” kitabları çapdan çıxıb. 

 

İctimai işlərdə də fəallıq göstərən Mirəsədulla Mirqasımov üç çağırış – 1937-ci, 1946-cı və 1950-ci illərdə SSRİ Ali Sovetinin deputatı olub. 1955-ci ildə Cərrahların Beynəlxalq Assosiasiyasının həqiqi üzvü seçilib.

 

Akademik Mirəsədulla Mirqasımov 1945-ci il martın 31-də Azərbaycan SSRİ Elmlər Akademiyasının həqiqi üzvü və ilk prezidenti seçilib. 
 
Ölkəmizdə hospital xidməti məhz Mirəsədulla Mirqasımovun böyük təcrübəsi nəticəsində inkişaf edib möhkəmlənib. Alim 1931-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Hospital cərrahiyyəsi kafedrasının müdiri seçilib və ömrünün sonunadək bu vəzifədə fəaliyyət göstərib.
 
O, Azərbaycanda urologiya elminin banisi kimi tanınan dünya şöhrətli alimlərdəndir. Alimin elmi fəaliyyətinin əsas istiqamətlərini Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsi, urokalkulyoza dair topladığı geniş materialların kimyəvi-topoqrafik metodla tədqiqi, prostatın hipertrofiyasının cərrahi müalicəsi, qarın yatalağı peritonitlərinin diaqnostikası və müalicəsi, cərrahiyyənin müxtəlif aktual problemləri təşkil edib.
 
Mirəsədulla Mirqasımov 90-a qədər çap olunan elmi işin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi, 6 doktorluq, 20 namizədlik dissertasiyası işinin elmi məsləhətçisi və elmi rəhbəri olub.
 
Alim Ümumdünya Cərrahlar Assosiasiyasının, Ümumittifaq Cərrahlar Cəmiyyətinin, Ümumittifaq Uroloqlar Cəmiyyəti Rəyasət Heyətinin fəxri üzvü, Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri olub.
 
Akademik Mirəsədulla  Mirqasımov 1936-cı ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Qırmızı ulduz” və “Lenin” ordenləri, habelə “Qafqazın müdafiəsi”, “1941-1945-ci illərin Böyük Vətən müharibəsində rəşadətli əməyə görə”, “1941-1945-ci illərin Böyük Vətən müharibəsində Almaniya üzərində qələbə” medalları və s. ilə təltif olunub.
 
2014-cü ildə ilk dəfə AMEA tərəfindən “Akademik M.Mirqasımov adına mükafat” təsis edilib.
 
Böyük alim 1958-ci il iyulun 20-də Bakı şəhərində dünyasını dəyişib. 
 
TƏBİB
ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Füzuli Abışov
Suraxanı Tibb Mərkəzinin terapevti Növrəstə Musayeva - Həkimlərimizi tanıyaq!
Azərbaycan-Türkiyə Pediatriya Günləri - Azərbaycan-Türkiyə səhiyyə əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları   
 “Təbabətin aktual problemləri - 2024” beynəlxalq konqresi işə başlayıb   
Musa Abbasov: “Yenidən transplantasiya əməliyyatlarına başlayacağıq”  
Sağlam ana gələcək körpənin sağlamlığının zəmanətidir - MÜSAHİBƏ