“COVID-19-un diaqnostikası və müalicəsi” adlı metodik vəsatin təqdimatı keçirilir - FOTOLAR
13.04.2022 12:07

Aprelin 13-də Marriott Boulevard otelində pandemiya ilə mübarizə sahəsində iki illik təcrübə əsasında və onun məntiqi yekunu kimi Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsi tərəfindən hazırlanmış “COVID-19-un diaqnostikası və müalicəsi” adlı metodik vəsatin təqdimatına start verildi. 

 

Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

 

Aztibb.az xəbər verir ki, tədbiri giriş sözü ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov açaraq respublikamızda COVID-19-la mübarizə işinin səmərəli təşkili, infeksiyanın laborator diaqnostikasının düzgün və vaxtında aparılması üçün respublikamızda lazımi şəraitin yaradıldığını dedi, bu təqdimat mərasiminin təcrübə və fikir mübadiləsi aparmaq üçün əhəmiyyətli bir platforma olduğunu bildirdi. Mərkəzi Gömrük Hospitalının pandemiya dövründə peşəkar tibbi xidmət göstərdiyini, bu fəaliyyətin dövlət tərəfindən də yüksək qiymətləndirildiyini vurğuladı.

 

C.Məmmədovun sözlərinə görə, Mərkəzi Gömrük Hospitalı (MGH) ölkədə ən qabaqcıl klinikalardan biri olduğuna görə, pandemiya dövründə buraya çox ağır xəstələr müraciət etmiş və onların müalicəsi uğurla başa çatmışdır. Dövlət başçısının səyi nəticəsində ölkəmizdə viursla uğurla mübarizə aparılmış, tez bir zamanda vaksinasiya prosesinə başlanılmış və xəstəliyin qarşısının alınması üçün bütün lazımi tədbirlər həyata keçirilmişdir.  

 

O, son vaxtlar bütün dünyada COVID-19 ilə mübarizə və müalicə sahəsində ciddi nailiyyətlərin əldə edildiyini, tərəqqi baş verdiyini diqqətə çatdırdı:

 

“Ötən iki il ərzində bütün dünya, eləcə də bizim ölkəmiz böyük və ağır yol qət edilmişdir. Biz artıq virusla mübarizə sahəsində bilik və təcrübə ilə daha yaxşı silahlanmışıq. Hospitalın ötən müddət ərzində əldə etdiyi zəngin təcrübə, aparılmış tədqiqatlar və beynəlxalq jurnallarda çap olunmuş elmi məqalələrin əsasında hazırlanmış “COVID-19-un diaqnostikası və müalicəsi” adlı metodik vəsaiti klinikanın apardığı uğurlu mübarizənin məntiqi nəticəsi hesab etmək olar.

 

2 il ərzində Hospitalın çətin günlərdən keçdiyini söyləyən natiq yeni metodik vəsaitin ölkəmizdə koronavirusla daha uğurlu mübarizə və bu virus səbəbindən ölüm hallarının sayının azalmasına səbəb olacağını da söylədi.

 

C.Məmmədov bugünkü tədbirdə “COVID-19-un diaqnostikası və müalicəsi” adlı metodik vəsaitin əsas müddəalarının tibb auditoriyası, həmçinin geniş ictimaiyyətin diqqətinə çatdırılacağını, effektivliyi sübut olunmuş dərmanlar haqqında fikir mübadiləsinin aparılacağını bildirdi.

 

İdarə rəisi metodik vəsaitin təqdimatını Azərbaycan tibb ictimaiyyəti üçün vacib hadisə kimi qiymətləndirərək bu nəşrin virusla mübarizəyə töhfə olduğunu və praktik imkanları artırmaq üçün yeni imkanlar açdığını diqqətə çatdırdı.

 

Məruzəçi nitqinin sonunda yeni nəşrin ərsəyə gəlməsində rolu olan hər kəsə dərin minnətdarlığını bildirdi, bu tədbirin koronavirusla mübarizə sahəsində ən son nailiyyətlər üçün yaxşı platforma olduğunu qeyd etdi.

 

Azərbaycan Respublikası Milli Məclisin Səhiyyə komitəsinin sədri, Əməkdar elm xadimi, akademik Əhliman Əmiraslanov çıxış edərək bütün dünya ölkələri arasında böyük narahatlıq doğuran COVID-19 pandemiyasının ən ağır dövrlərində insanların sağlamlığına qovuşmasında böyük əməyi olan həkimlərin, tibb işçilərinin əvəzsiz rolunun olduğuna diqqətə çəkdi, onların fəaliyyətini yüksək qiymətləndirdi, bu mübarizədə ön cəbhədə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi.  

 

Daha sonra koronavirus pandemiyası ilə mübarizədə həyatını itirmiş dəyərli həkim və tibb işçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

 

Sonra çıxışına davam edən akademik Ə.Əmiraslanov yoluxmaların azaldığı hazırki dövrdə pandemiyanın bitməsini gözləmək, arxayınlaşmaq üçün əsas olmadığını deyərək, koronavirusla mübarizə tədbirlərinə mütəmadi olaraq əməl edilməsinin zəruriliyinə toxundu.

 

“Vaksinlərdən geniş istifadə, insanlarda təbii immunitetin yaranması, ortaya çıxan yeni mutasiyaların daha zəif olması gələcəkdə daha ağır pandemiyalarla qarşılaşmayacığımızı deməyə əsas verir”, - deyə qeyd edən Ə.Əmiraslanov buna baxmayaraq, ölkələrin hər bir vəziyyətə hazırlıqlı olmasının vacib olduğunu da diqqətə çatdırdı.

 

Akademik, həmçinin media qurumlarının pandemiya ilə mübarizədə böyük işlər gördüyünü vurğuladı, mətbuat orqanlarında pandemiyanın bitməsi ilə bağlı insanlarda çaşqınlıq yaradan məlumatlara yer ayrılmamasını tövsiyə etdi.  

 

Ə.Əmiraslanovun sözlərinə görə, pandemiya dövründə səhiyyə sistemimiz böyük təzyiqlərə tab gətirərək ağır sınaqdan keçdi, insanlara yüksək səviyyədə xidmət göstərdi: “Bu, onu göstərir ki, səhiyyə sistemimizin maddi-texniki bazası kifayət qədər yüksəkdir. Bu işdə ən böyük məsuliyyət həkimlərin üzərinə düşdü”.

 

Komitə sədri COVID-19-la mübarizədə iştirak edən 40-dan çox pandemiya xəstəxanası arasında Mərkəzi Gömrük Hospitalı, Yeni Klinika və s.-nin öz fəaliyyəti ilə seçildiyini diqqətə çatdırdı. Əlavə etdi ki, pandemiya xəstəxanalarında müəyyən çatışmazlıqlara rast gəlinsə də, ümumilikdə vətəndaşlara yüksək xidmət göstərildi. O, xüsusilə təcili yardım kollektivlərinin böyük peşəkarlıqla bu mübarizədə yaxından iştirak etdiyini bildirdi, onların fəaliyyətini yüksək qiymətləndirdi.

 

Müasir dövrdə artıq bu virusla bağlı bir çox tədqiqatlar aparıldığını, onunla mübarizə yollarının müəyyənləşdirildiyini deyən Ə.Əmiraslanov yeni nəşr olunan metodik vəsaitin ölkəmizdə bu istiqamətdə görülən işlərin uğurlu yekunu olduğunu vurğuladı.

 

Təqdimatda çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov tədbirin son iki il ərzində dünyada ən geniş müzakirə olunan məsələlərdən birinə həsr olunduğunu dedi. O, bildirdi ki, 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etdikdən sonra artıq Azərbaycanda da bu virusla mübarizə ilə bağlı ciddi tədbirlər görülməyə başladı. Bir çox dövlət və özəl qurumları, tibb müəssisələri öz səylərini birləşdirərək fəaliyyət göstərməyə başladılar.

 

V.Qurbanov qeyd etdi ki, TƏBİB qısa müddət ərzində ölkənin tibb müəssisələrinin maddi-texniki bazasının yeniləndirilməsi, kadr potensialının gücləndirilməsi, oskigen müalicəsinin uğurlu təşkili, eləcə də COVID-19 testi müsbət çıxmış insanların müalicəsinin uğurla aparılması üçün lazımi şəratin yaradılması ilə bağlı mühüm işlər gördü.

 

Onun sözlərin görə, dövlət başçısı İlham Əliyevin səyi və qətiyyəti nəticəsində bütün dünyada virusla əlaqədar olaraq böhran yaşandığı bir müddətdə xəstəxanalar lazımi preparatlar və tibbi ləvazimatlarla təmin olunmuşdur:

 

“Pandemiya dövründə TƏBİB-in tabeçiliyində olan bir çox özəl tibb müəssisələri də virusla mübarizəyə cəlb olunmuş, regionlar da daxil olmaqla Azərbaycanda 10 modul tipli xəstəxana fəaliyyətə başlamışdır. Gömrük Hospitalında koronavirusu erkən aşkarlamaq məqsədilə PCR laboratoriyalar işə başlamışdır".

 

O, çıxışının sonunda Mərkəzi Gömrük Hospitalının rəhbərliyi və həkim kollektivinə, eləcə də tədbirin təşkilatçılarına dərin təşəkkürünü ifadə etdi.

 

Daha sonra Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayev adından salamladı, simpoziumun işinə uğurlar arzuladı. O, ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizədə görülən işlərdən bəhs edərək vaxtında və dürüst həyata keçirilən tədbirlərin bir çox beynəlxalq təşkilatlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.

 

A.İsrafilovun sözlərinə görə, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin  səfərbər olması, eləcə də koronavirusla mübarizədə yaxından iştirak edən həkim və tibb heyətlərinin səyi nəticəsində bu prosesi idarəolunan çərçivəyə salmaq mümkün oldu.

 

“İnanıram ki, bu vəsait hər bir həkimin stolüstü kitabına çevriləcək və onların gələcək təcrübələrində əhəmiyyətli olacaq”, - deyə bildirən məruzəçi bu kimi tədbirlərin keçirilməsinin COVID-19 pandemiyası və onunla mübarizəyə diqqət yönəltmək baxımından  böyük rola malik olduğunu diqqətə çatdırdı.  

 

Sonra Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov çıxış etdi. O, öncə COVID-19-un diaqnostikası və müalicəsi” adlı metodik vəsatin ərsəyə gəlməsində rolu olan hər kəsə, xüsusilə MGH-nın rəhbərliyi və əməkdaşlarına minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu nəşrdə həm praktiki, həm də nəzəri biliklər yer almışdır.

 

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir dövrdə Azərbaycan səhiyyəsində ciddi uğurların əldə edildiyini, dövlət və özəl tibbi müəssisələrinin lazımi avadanlıqlarla təchiz olunduğunu dedi. Onun sözlərinə görə, ölkəmizdə virusla mübarizənin yüksək səviyyədə təşklinin nəticəsidir ki, digər ölkələrlə müqayisədə daha az xəstə və ölüm sayı müəyyən olunmuşdur.

 

O, Mərkəzi Gömrük Hospitalının cərrahi xəstəxana olmasına baxmayaraq, qısa bir müddət ərzində sektorlara bölündüyünü, infeksion tibb müəssisəsinə çevrildiyini, 2 il ərzində burada 2000-dən çox stasionar, 350-dən çox ağır və kritik ağır xəstənin müalicə olunaraq sağlamlığına qovuşduğunu nəzərə çatdırdı. Qeyd etdi ki, hospitalda sağ qalma payı 67,8 faiz təşkil etmişdir.

 

E.Məmmədov MGH-nın pandemiya dövründəki uğurlarından da danışdı:

 

"Hospitalın laborator diaqnostikası ən son dünya standartlarını əsas götürərək yüksək keyfiyyətli xidməti ilə seçilmişdir. Fəxrlə deyə bilərəm ki, MGH-nın bütün personalı yüksək əzmkarlıq və peşəkarlıq nümayiş etdirmişdir. Bugünkü tədbiri onların gərgin əməyinin uğurlu yekunu kimi qiymətləndirmək olar".

 

Daha sonra tədbir öz işini sessiyalarla davam etdirdi.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
Turanə Əliyeva - Suraxani Tibb Mərkəzinin həkim-psixiatrı
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər