Qaraciyərin ciddi xroniki xəstəliklərindən qorunmaq üçün hər kəs vaxtında öz sağlamlığının qeydinə qalmalıdır - Mircəlal Kazımi ilə MÜSAHİBƏ
07.04.2022 12:17

Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını icra etmiş, ölkəmizdə transplantologiya sahəsinin inkişafında, milli kadrların yetişdirilməsində böyük əməyi olan Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, ümumi cərrah, tibb üzrə fəlsəfə doktoru, səhiyyə əlaçısı Mircəlal Kazımi 7 aprel - Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar olaraq Aztibb.az-ın suallarını cavablandırıb.

 

Mircəlal həkim, Ümumdünya Sağlamlıq Günü çərçivəsində qaraciyər sağlamlığının qorunması üçün tövsiyələrinizi bölüşməyinizi istərdik.

 

1948-ci ildə Birinci Beynəlxalq Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış edib. ÜST-nin yarandığı gün dünyada əlamətdar hadisə kimi qəbul edilərək məhz aprelin 7-si tarixə Ümumdünya Sağlamlıq Günü kimi düşüb. Beləliklə, 1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il aprelin 7-də qeyd olunur.

Hazırda ÜST-yə 190-dan çox ölkə üzvdür. Bu təşkilat bütün dünyada olduğu kimi, ölkəmizdə də dövlətimizlə müştərək apardığı siyasət nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir.

Ümumdünya Sağlamlıq Gününün keçirilməsində əsas məqsəd dövlətlərin, cəmiyyətin diqqətini insanların sağlamlığının qorunması məsələlərinə yönəltməkdir. Hər bir ölkədə həmin gün müxtəlif xəstəliklərə qarşı mübarizə günü kimi keçirilir. 

 

Virus hepatitləri və qeyri-virus mənşəli hepatitlər qaraciyər üçün hansı təhlükələr yaradır?

 

Virus hepatitləri və qeyri-virus mənşəli hepatitlər qaraciyər üçün ciddi təhlükələr yaradır. Bu zaman qaraciyərin iltihabi zədələnməsi, qaraciyər toxumalarının zədələnməsi baş verir. Bu xəstəliklər orqanizmdə uzun müddət qaldıqda xronikiləşmiş bir hal alır. Xroniki hal davam etdikdə, virus hepatitlərinin orqanizmə düşməsi və qaraciyərin xriniki xəstəliyinin əmələ gəlmə müddəti bəzi mənbələrə görə 15-35 il arasında dəyişir. Bu müddət ərzində qaraciyərin xroniki xəstəliyi, sirrozu əmələ gəlir. Bu formada davam etdikdə xüsusilə alkohola bağlı qaraciyər sirrozu və ya toksik zədələnmələrə bağlı qaraciyər problemləri xroniki hal alır və qaraciyər sirrozuna gətirib çıxarır.

 

Qaraciyərin xroniki iltihabının sonuncu mərhələsi olan sirrozun müalicəsi mümkündürmü? Hansı hallarda qaraciyər transplantasiyasına ehtiyac duyulur?

 

Son mərhələdə qaraciyər sirrozunun yeganə müalicə üsulu qaraciyərin transplantasiyasından ibarətdir. Qaraciyərin transplantasiyası çox ciddi məsələdir. Burada söhbət yalnız əməliyyatdan və ya əməliyyatı icra edən həkimdən getmir. Canlı donordan istifadə edərək həyata keçirilən qaraciyər transplantasiyası zamanı ailədən və ya qohumlardan qaraciyər alınması da digər vacib problemdir. Bu proses tibb kollektivinin çəkdiyi əmək, ailənin fədakarlığı, əməliyyatdan sonra davam edən reabilitasiya dövrünü əhatə edir.

Komandamız tərəfindən artıq 1500-ə yaxın insan üzərində qaraciyərin transplantasiyası əməliyyatı icra olunub.

 

Ümumiyyətlə, qaraciyərin sağlamlığını qorumaq üçün hansı profilaktik tədbirlər görülməlidir?

 

Qaraciyər transplantasiyası əməliyyatına ehtiyac duyulmaması üçün xəstələr özlərini qorumalıdır. Belə bir deyim var: “xəstəliyin müalicəsi, ən əsası onun profilaktikası xəstəliyə yoluxmamaqdır“. Qaraciyərin sağlamlığının qorunması yolları hər birimizin ədəbiyyatlardatez-tez rast gəldiyi qorunma üsullarından ibarətdir.  Lakin təəssüflər olsun ki, bu qaydalara çox zaman riayət edə bilmirik. İlk olaraq, həyat tərzi, dieta, fiziki aktivlik qaraciyər sağlamlığının qorunmasında böyük önəm kəsb edir.

Son dönəmlər dəb halını almış enerji içkiləri, spirtli içkilərin xüsusilə gənclər tərəfindən geniş şəkildə istifadəsi gələcəkdə xroniki qaraciyər xəstəliklərinə gətirib çıxaran amillərdəndir. Bununla yanaşı, həddən çox qidalanma, yağlı qidalar və karbohidratlardan, o cümlədən “fast food” kimi qidalardan çox istifadə olunması qaraciyər yağlanmasına, uzun dönəmdə isə qaraciyərin xroniki xəstəliklərinə səbəb ola bilər.

Şəhərlərdə yaşayan insanların ən böyük problemlərindən biri də hərəkətsizlikdir. Hər gün bir saat yürüyüş etmək, idmanla məşğul olmaq bu kimi problemlərin qarşısının alınmasında böyük rol oynayır. Beləliklə, düzgün qidalanma, aktiv həyat tərzi qaraciyər xəstəliklərinin bir çoxundan qoruyur. 

Son illərdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə yaşayan insanlarda qaraciyərin yağlanmasına çox rast gəlinir. Bu isə zaman keçdikcə qaraciyər sirrozuna səbəb ola bilər. Qaraciyərin ciddi xroniki xəstəliklərindən qorunmaq üçün hər kəs vaxtında öz sağlamlığının qeydinə qalmalıdır.

 

Qeyd edək ki, Mircəlal Kazımi bu günə qədər 800-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda icra olunan təkcə böyrək transplantasiyası əməliyyatlarının 90%-i M.Kazımi tərəfindən həyata keçirilib. 

 

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
“Həkimlərimizi tanıyaq!
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib