Professor Səyyarə İbadullayevanın 65 yaşı tamam olur
22.02.2022 15:04

Bu gün botanika, geobotanika, etnobotanika və bitki ehtiyatları üzrə tanınmış alim, AMEA-nın Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayevanın 65 yaşı tamam olur. O, ömrünün 40 ilini botanika elminə, onun inkişafına həsr edib.

 

Aztibb.az xəbər verir ki, Səyyarə İbadullayeva 22 fevral 1957-ci ildə Naxçıvan şəhərində anadan оlub. O, 1980-ci ildə Naxçıvan Dövlət Universitetinin Təbiət-Coğrafiya fakültəsini bitirib. 1994-cü ildə fəlsəfə doktorluğu, 2005-ci ildə elmlər doktorluğu dissertasiyalarını müdafiə edib, 2002-ci ildə dosent, 2012-ci ildə isə professor elmi adını alıb.

 

Görkəmli alim uzun illərdir ki, AMEA-nın Botanika İnstitutunda çalışır. O, Azərbaycan flora və bitkiliyində formasiya və assosiasiyaların tərkibini öyrənib, genezisi və formalaşması yollarını araşdırıb, itmək təhlükəsində оlan bitkilərin mühafizəsi və bərpası istiqamətində populyasiyaları senoloji və beynəlxalq qırmızı siyahıya uyğun qiymətləndirib. Səyyarə xanım bu sahədə indiyədək 500-ə qədər çöl tədqiqatları aparıb, xüsusən qoruq və yasaqlıqlarda flora biomüxtəlifliyinin ekoloji qiymətləndirilməsini həyata keçirib, mühüm xalq təsərrüfat əhəmiyyətli növləri aşkara çıxarıb, onların regionlar üzrə ehtiyatını öyrənib. O cümlədən Şahbuz Dövlət Təbiət Qoruğunda, Şahdağ Milli Parkında bitkilərin təbiətdə qurşaqlar üzrə yayılma qanunauyğunluqlarını, torpaqlara münasibətini öyrənib, Kür-Araz və Arazboyu düzənliklərdə səhralaşmanın yaranma səbəblərini araşdırıb və bu sahədə bir neçə beynəlxalq impakt faktorlu jurnallarda məqalə nəşr etdirib.

 

Ölkəmizin florasının, bitki örtüyünün dərin bilicisi olan alim tərəfindən Azərbaycan florasında bir sıra bitki fəsilələrinin taksоnоmik tərkibi və biоеkоlоji xüsusiyyətləri müəyyənləşdirilib, mühüm xalq təsərrüfat əhəmiyyətli növlərin bölgələr üzrə ehtiyatı öyrənilib və ilk dəfə olaraq nəsli kəsilməkdə olan 70-dən çox növün mühafizəsi üzrə tədbirlər kompleksi işlənib hazırlanıb. Həmçinin onun tərəfindən 36 növ Azərbaycanın “Qırmızı kitab”ının II nəşrinə daxil edilib, 30-dan çox növ barədə III nəşr üçün əlavə tövsiyyə verilib, Qafqaz və Azərbaycan florasına 5 növ ilk dəfə daxil edilib.

 

O, bəzi fəsilələrin təyinedicilərini tərtib edib, bioekologiyasını, fitosenologiyasını və təsərrüfat əhəmiyyətini öyrənib, 300-ə qədər növün areal xəritəsini hazırlayın, həmçinin Azərbaycan biomüxtəlifliyində dərman preparatlarında istifadə edilən bəzi maddələrin xammal mənbəyini aşkar edib. Bundan başqa, Azərbaycan florasında 85 növdə efir yağı müəyyən edib, onları ekoloji şəraitdən asılı olaraq dinamikada öyrənərək komponent tərkibini aşkar edib.

 

Səyyarə İbadullayeva Azərbaycan florasında faydalı bitkiləri etnobotaniki təhlil edərək yabanı tərəvəzlərə aid 200, yem kimi istifadə edilən 330, dərman bitkilərindən 500-ə qədər növün areallarını, populyasiyalarının müasir vəziyyətini və bitkilik tipində rolunu müəyyənləşdirib, təbii fitosenozlarda antropogen amillərə məruz qalan növləri ilk dəfə olaraq reintroduksiya edib, təbiətdəki ilkin vəziyyətlərinə qaytarıb. O, bütöv Azərbaycanı (Cənubi Azərbaycanda daxil olmaqla) özündə əks etdirən xalq təbabəti üsullarının eyniliyini sübut edən “Folk medicine” kitabının müəllifidir.

 

Alim Bitki Genetik Ehtiyatları üzrə Avropa Əməkdaşlıq Proqramında (ECPGR) işçi qrupunun üzvü (Azərbaycan təmsilçisi), 2001-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvü, BGE üzrə Mərkəzi Asiya və Cənubi Qafqaz Regional Şəbəkəsinin eksperti, Azərbaycanda biomüxtəlifliyin qorunması ilə əlaqəli Embriofita üzrə elmi məsləhətçi, ECPGR-ın “Dərman, Aromatik və Yabanı qida bitkilərinin öyrənilməsi və qоrunması” üzrə işçi qrupunun üzvü (Azərbaycan təmsilçisi), Gürcüstanın Multidissipliniar “Black Sea” jurnalında Beynəlxalq redaktorlar kollegiyasının üzvü, “London jurnalları” Rosalind-in fəxri üzvüdür (Üzvlük  İD:HH32160). Həmçinin Botanika Cəmiyyətinin üzvüdür.

 

Əldə etdiyi nailiyyətlərə görə o, AMEA-nın Fəxri fərmanları (2005; 2012), AMEA-nın Təşəkkürnamələri (2007; 2012), eləcə də AMEA Biologiya, Tibb və Aqrar Elmlər Bölməsinin Fəxri fərmanı (2017), İnterxəbər layihəsi əsasında "Elm fədaisi" Fəxri diplomu və Azərbaycan kütləvi informasiya vasitələri Həmkarlar İttifaqının “İlin nüfuzlu Ziyalısı” ali media mükafatına layiq görülüb. 2021-ci ildə Türk Dünyası Elmlər Akademiyasının həqiqi üzvü və qızıl medal mükafatı və Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü və taclı ordeni ilə təltif edilib.

 

Səyyarə İbadullayeva məhsuldar elmi fəaliyyəti dövründə 300-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiya, 7 kitab, 3 dərslik, 2 ixtiranın müəllifidir. Onun rəhbərliyi altında 14 fəlsəfə doktoru və 4 elmlər doktoru hazırlanıb.

 

Hazırda professor Botanika İnstitutunun baş direktoru kimi məhsuldar elmi-təşkilati və pedaqoji fəaliyyətini uğurla davam etdirir. 

 

Botanik alimi 65 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, elmimizin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab işıq üzü görüb
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib
Fizioterapevt və reablitoloqların ilk konfransı təşkil olunub