"Ötən il 170 uşaqda onkoloji xəstəlik aşkar olunub" - Səhiyyə Nazirliyinin şöbə müdiri 
15.02.2022 12:19

"Valideynlərin qeyri-sağlam həyat tərzi, onların hormonal preparatlar qəbul etməsi, düzgün olmayan qidalanması uşaqlarda törəmələrin əmələ gəlməsinə təsir göstərə bilər".

 

Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadə müsahibəsində deyib. Həmin müsahibəni təqdim edirik:

 

- Reyman müəllim, Uşaq Onkoloji Klinikasının fəaliyyəti haqqında məlumat verərdiniz.

 

- 2012-ci ilin mart ayında uşaq onkologiyasında respublika miqyasında sıçrayış oldu - Milli Onkologiya Mərkəzində Uşaq Onkoloji Klinikası fəaliyyətə başladı. Hazırda Uşaq Onkologiya Mərkəzi regionda flaqmandır. Uşaq Onkoloji Klinikasında intensiv kimya terapiya, müasir şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. aparılır. Həmçinin ambulator və poliklinik şöbə, 2 kimya terapiya şöbəsi, cərrahiyyə, anestezioloji-reanimatoloji və şüa terapiyası şöbələri fəaliyyət göstərir.

 

- Ötən il neçə uşaqda onkoloji xəstəlik aşkarlanıb?

 

- 2021-ci ildə klinikada 170 uşaqda onkoloji xəstəlik aşkar olunub və hamısı müvafiq protokollar əsasında müalicə alıb.

 

- Bilmək lazımdır ki, uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir və uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1-1.5%-ni təşkil edir. Uşaqlarda onkologiyanın əsas hissəsini embrional şişlər əhatə edir. Bunların içində leykemiyalar (28%), mərkəzi sinir sisteminin şişləri (18-20%) və limfomalara (12-14%) daha çox rast gəlinir. Digər bədxasssəli şişlər, məsələn, nefroblastoma, neyroblastoma, rabdomiosarkoma isə hər biri ayrılıqda 6-7%-dir. Böyüklərdə təsadüf edən xərçəng xəstəlikləri (mədə-bağırsaq, ağciyər, süd vəzi xərçəngi və.s) uşaqlarda çox nadir hallarda rast gəlinir. Müasir müalicə metodları daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür.

 

- Uşaqlarda xərçəng xəstəliklərinin yaranma səbəbi nələrdir?

 

– Valideynlərin qeyri-sağlam həyat tərzi, onların hormonal preparatlar qəbul etməsi, düzgün olmayan qidalanması uşaqlarda törəmələrin əmələ gəlməsinə təsir göstərə bilər. Bəzən uşaqlarda ana bətnində olarkən şişlər yaranır. Bunu ultrasəs müayinəsi zamanı görmək mümkündür. Bəzi onkoloji xəstəliklər ana bətnində olsa da körpə dünyaya gələndən sonra öz-özünə spontan olaraq reqressiya edə, yəni geriyə inkişaf edə bilər. Ana bətnində uşağa diaqnoz qoyulursa, yalnız körpə doğulandan sonra tədbirlər görülür, yəni ana bətnində şişlər götürülmür. Körpə doğulan kimi müayinə olunur, kimya terapiya və cərrahi müalicə tətbiq olunur. Lakin şüa terapiya tətbiq edilmir.

 

- Uşaqlarda leykoz sümük iliyi xəstəliyinin ilkin əlamətləri hansılardır?

 

- Leykoz sümük iliyinin xəstəliyidir. Bu zaman sümük iliyində blast transformasiyası olur, trombositlərin və eritrositlərin sayı düşür, leykositlərin sayı kəskin artır. Onların 80 faizi limfoblast leykoz, 15-20 faizi isə mioblast leykozdur. Leykoz zamanı dəri solğunluğu, qanaxmaya meyillilik, dəridə petexiyalar, göyərmələr, damaqlardan, burundan səbəbsiz qanaxma, iki həftədən çox davam edən səbəbsiz yüksək hərarət, təkrar və ya davamlı infeksiyalar, halsızlıq, iştahasızlıq və çəki itkisi, sümüklərdə, oynaqlarda ağrı hissi, axsama, limfoadenopatiya, nevroloji simptomlar, hepatosplenomeqaliya və s. müşahidə olunur. Bu zaman qanın ümumi analizi və sümük iliyinin punksiyasının təhlilindən sonra dəqiq diaqnoz qoymaq mümkündür. Leykoz sağalan xəstəlikdir. Limfoblast leykozu 80-90 faiz halda müalicə etmək olar. Mərkəzi sinir sistemi şişlərindən olan beyin şişləri baş ağrıları, başgicəllənmə, səndələmə, səbəbsiz qusma, ikigörmə simptomları ilə xarakterizə olunur. Uşaqlarda beyin sümükləri möhkəmlənmədiyindən törəmələr böyüsə də əvvəlcə simptomsuz keçir. Yalnız kəllədaxili təzyiq yuxarı olduqdan sonra əlamətlər özünü büruzə verir.

 

- Fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür. Bu günlə bağlı Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikası hansı tədbirlər keçirir?

 

- Ötən illərdə 15 fevralda Uşaq Onkologiyasının əməkdaşları və Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ilə birlikdə Bakıda bir çox Ticarət Mərkəzlərində Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günü qeyd olunurdu. Tədbirin məqsədi ictimaiyyətin diqqətini aktual məsələyə artırmaq və bu xəstəliklərlə bağlı əhalini məlumatlandırmaq idi. Əməkdaşlarımız uşaqlarda mövcud olan onkoloji xəstəliklərin erkən əlamətləri, diaqnostik metodları və müalicə tədbirləri haqqında ətraflı məlumatları əhaliyə çatdırırdılar. Koronavirus pandemiyası səbəbindən bu tədbirlər son 2 ildə keçirilmir.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
Tibb üzrə fəlsəfə doktoru İmmi Ələkbərova Xətai Tibb Mərkəzində fəaliyyət göstərəcək