Görkəmli elm xadimi Aqil Əliyevin 95 illik yubileyi qeyd edilib  
10.12.2021 17:09
Azərbaycan Tibb Universitetində (ATU) görkəmli alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Aqil Əliyevin 95 illik yubileyinə həsr edilmiş toplantı keçirilib.
 
Toplantıda giriş nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli böyük alim Aqil Əliyevin keçdiyi şərəfli həyat yolundan bəhs edib. Aqil Əliyevin ATU-dakı fəaliyyətindən danışan rektor universitetin formalaşmasında belə alimlərin əməyinin danılmaz olduğunu bildirib: “Elə insanlar var ki, öz dövrünü yaşayaraq nə insanların yaddaşında, nə də tarixdə heç bir iz qoya bilmirlər. Lakin elə insanlar da var ki, onların əməlləri, fərdi xüsusiyyətləri, əvəzsiz xidmətləri həm tarixdə, həm də insanların qəlbində dərin iz qoyur. Belə tarixi ziyalılarımızın sırasında Aqil Əliyevin də özünəməxsus yeri var”.
 
Professor G.Gəraybəyli görkəmli alimin yaradıcılığı barədə məlumat verərək, onun bütün həyatını Azərbaycan Tibb Universitetinə bağladığını, ömrünün sonuna qədər bu ali məktəbdə çalışdığını xatırladıb. Qeyd edib ki, Aqil Əliyevin elmi araşdırmalarının həm sovet, həm də dünya iqtisadiyyatının inkişafına böyük töhfəsi olub. Onun əsərləri ölkəmizdə iqtisadi münasibətlərin formalaşmasına ciddi təsir edib və görkəmli alimin elmi-pedaqoji xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib.
 
Sonra ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev alimin zəngin həyat yolu, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında ətraflı məlumat verib. Məruzəçi bildirib ki, Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetində təhsil alıb. 1953-cü ilə qədər Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Həmin ilin may ayından etibarən isə Azərbaycan Tibb İnstitutunun Siyasi-iqtisad kafedrasında işə başlayıb və ömrünün sonunadək burada çalışıb. A.Əliyev iqtisad elmləri namizədi, iqtisad elmləri doktoru alimlik dərəcəsinə, dosent və professor elmi adlarına layiq görülüb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.
 
Qeyd olunub ki, professor A.Əliyevin apardığı tədqiqat işləri çoxşaxəli olsa da, onun elmi yaradıcılığında əsas yeri sosial-iqtisadi problemlər, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ərzaq və istehlak problemlərinin həlli, səhiyyənin iqtisadiyyatı, əhalinin sağlamlığının sosial-iqtisadi və demoqrafik inkişaf aspektlərinin tədqiqi və s. tutub. Bu problemlər alimin 190-a yaxın elmi-tədqiqat əsərində, 13 sanballı monoqrafiyada, 6 dərslik və dərs vəsaitində, 3 tədris-metodik göstəricidə əksini tapıb. Görkəmli alimin elmi-pedaqoji fəaliyyəti daim dövlətimiz tərəfindən layiqincə dəyərləndirilib. O, "Əməkdar elm xadimi" fəxri adına, “Şöhrət” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə,eləcə də bir çox medal, fəxri fərman və təltiflərə layiq görülüb.
 
Tədbirdə professor Aqil Əliyev haqqında xatirələrini bölüşən ATU-nun professorları Vaqif Şadlinski və Surxay Musayev onun alicənab insan olduğunu, şərəfli bir ömür yolu keçdiyini diqqətə çatdırıblar. Bildirilib ki, Aqil Əliyev onu tanıyanların yaddaşında sadə, səmimi və xeyirxah bir insan kimi qalıb. Çıxış edənlər böyük alim, dəyərli ziyalı Aqil Əliyevlə dostluq əlaqələrindən, onun yüksək insani keyfiyyətlərindən, həmçinin müəllim-tələbə münasibətlərindən bəhs ediblər. Aqil Əliyevin sözün əsil mənasında böyük insan, görkəmli şəxsiyyət olaraq hər birimizin xatirəsində əbədi olaraq yaşayacağı vurğulanıb.
 
Toplantının sonunda ATU-nun rektoru, professor G.Gəraybəyli belə alimlərin yubileylərinin keçirilməsini ölkə rəhbərinin görkəmli elm-mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğının təzahürü olduğunu bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb