Türkiyəli professor Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təlim keçib
28.10.2021 17:42

Türkiyənin radiasiya onkologiyası sahəsində tanınmış mütəxəssisi, onkoloq həkim, prof. dr. Berrin Pehlivan Azərbaycana səfəri çərçivəsində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda qurum əməkdaşları üçün təlim keçib.

 

Qonağı kollektivə təqdim edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova artıq 3-cü dəfədir ölkəmizə səfər edən professor Berrin Pehlivanın onkologiya sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayıb.  

 

Akademik İ.Hüseynova B.Pehlivanın Hacettepe Universiteti Tibb fakültəsi məzunu olduğunu bildirib, alimin Boston Universitetinin Radiasiya Onkologiyası Bölməsində tədqiqatlar apardığını və təcrübə keçdiyini diqqətə çatdırıb. Qeyd edib ki, uzun müddət xaricdə fəaliyyət göstərmiş B.Pehlivan xərçənglə mübarizədə qlobal texnologiyaların tətbiqi ilə bağlı araşdırmalar aparıb, Fransa və İsveçrədə şiş hüceyrələri ilə bağlı bir çox elmi tədqiqat işlərində yer alıb. 

 

AMEA-nın vitse-prezidenti B.Pehlivanın azərbaycanlı xərçəng xəstələrinin müalicəsində yaxından iştirak edərək onların öz sağlamlıqlarına qovuşmasında böyük rol oynadığını bildirib. Əlavə edib ki, B.Pehlivan hazırda Türkiyədə həkimlik fəaliyyəti ilə məşğul olmaqla yanaşı, həm də mühüm elmi tədqiqat işləri üzərində çalışır.

 

Akademik İ.Hüseynova gələcəkdə B.Pehlivanın rəhbərlik etdiyi klinika və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu arasında əməkdaşlıq əlaqələrinin qurulması, yeni metodların tətbiqi, birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü də qeyd edib.

 

Daha sonra prof. Berrin Pehlivan “İnsan genomu layihəsi” onkoloji yanaşmanı necə dəyişdirdi” mövzusunda məruzə ilə çıxış edib. O, artıq 20 ildir ki, radiasiya onkologiyası sahəsində fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, illər öncə xərçəng xəstəliyi müalicə olunmayan xəstəliklər sırasına daxil olsa da, müasir dövrdə onun müalicəsi mümkündür. Alimin sözlərinə görə, molekulyar onkologiya istiqamətinin inkişafı və bu sahədə son texnologiyaların tətbiqi sayəsində hazırki dövrdə xərçəngin müalicə edilə bilən xəstəlik olduğunu demək mümkündür.

 

Məruzəçi “İnsan genomu layihəsi”nin həyata keçirilməsi ilə şiş xəstəlikləri sahəsində böyük irəliləyişin əldə olunduğunu qeyd edib, kimyaterapiya, funksional MRT-nin üstünlükləri, radioterapiya cihazlarının inkişaf mərhələləri, orqana əsaslanan yanaşmalar barədə məlumat verib.

 

B.Pehlivan bildirib ki, ağciyər xərçəngi sahəsində ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənən dərmanların sayında 2010-cu illə müqayisədə 2019-cu ildə böyük artım olmuşdur: “Artıq standart dərmanlar əvəzinə pasiyentə fərdi yanaşaraq onun mövcud vəziyyətinə, şişin növünə uyğun dərman vasitələrinin tətbiq olunmasına üstünlük verilir”.

 

O, xərçəngin müalicəsində tətbiq olunan kimyaterapiya, radioterapiya, cərrahi üsullar və onların məqsədindən bəhs edib, radioterapiyada tətbiq olunan müasir texnologiyaları diqqətə çatdırıb. Qeyd edib ki, doğru hədəflənmə ilə xəstənin ömrünü uzatmaq, yan təsirləri azaltmaq, həyat səviyyəsini yüksəltmək, eləcə də yeni müalicə strategiyalarını tətbiq etmək mümkündür.

 

Türkiyəli professor, həmçinin immunoterapiya, definitiv kimyaradioterapiya, radioterapiyanın gələcəyi hesab olunan flaş radioterapiya, protonterapiyanın üstünlükləri barədə ətraflı məlumat verib.

 

Məruzə ətrafında aparılan geniş müzakirələrdə akademik İradə Hüseynova, biologiya elmləri doktoru Şahniyar Bayramov, biologiya üzrə fəlsəfə doktorları - Samirə Rüstəmova, Sədaqət Əsədova,  Ələmdar Məmmədov, İsmayıl Zülfüqarov, Səmra Mirzəyeva, Maya Xanışova, Nurməmməd Mustafayev, eləcə də Zərintac Rüstəmova, Lalə Axundova və Günay İsmayılova iştirak ediblər.

 

Müzakirələrdə xərçənglə mübarizədə protonterapiya, hədəfli terapiya, radioterapiya, kimyaterapiya, immunoterapiyanın tətbiqi, genlərdə baş verən mutasiyaların şiş hüceyrələrinin yaranmasına təsiri, COVID-19-un insan orqanizmində yaratdığı dəyişikliklərlə bağlı suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib