COVID-19 Avropada yenidən baş qaldırır, lakin indi biz onunla necə mübarizə aparacağımızı bilirik - ÜST
22.08.2020 15:13

COVID-19 infeksiyasının yayılmasının qarşısını almağı bacaran Avropa ölkələrinin üçdə ikisi yoluxma hallarının artması fonunda bir sıra məhdudiyyətləri yenidən tətbiq etmək məcburiyyətində qalıblar. Lakin ÜST-ün Avropa regional bürosunun rəhbəri Hans Kluge hesab edir ki, əldə olunan təcrübə onlara bu dəfə COVID-19 infeksiyasına qarşı daha səmərəli mübarizə aparmağa imkan verəcək.

 

Aztibb.az BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, Cenevrədə keçirilən brifinqdə doktor H.Kluge məktəblərin açılması və pandemiya şəraitində gənclərin rolu ilə bağlı problemlərə də toxunub.

Vurğulayıb ki, son iki ayda Avropa bölgəsində COVID-19 infeksiyasına yoluxma hallarının sayı hər həftə artır. Avqustun ilk yeddi günündə qeydə alınmış yoluxma hallarının sayı iyun ayının ilk həftəsinin göstəricisindən 40 min çoxdur.


Hazırda bölgədə orta hesabla hər gün 26 mindən çox insan bu xəstəliyə yoluxur. Bu, əvvəllər tətbiq olunan məhdudiyyətlərin yumşaldılması, həmçinin insanların davranışlarında sayıqlığı itirməsi nəticəsində baş verir.

Hans Kluge xatırladıb ki, digərləri ilə müqayisədə, COVID-19 infeksiyasından daha əvvəl və daha çox zərər çəkmiş Avropa ölkələri bu virusun ötürülməsini dayandırmaq istiqamətində “fenomenal səylər” göstərərək uğur qazanıblar. May-iyul aylarında bir çox ölkələr infeksiyasının yayılmasının qarşısını ala biliblər. Əlbəttə ki, arzuedilən nəticələr vaxtında hərtərəfli tədbirlərin görüldüyü yerlərdə əldə olunub. Lakin “siyasiləşən, yanlış məlumatlara üstünlük verən, gerçəkliyi inkar edən” ölkələrə qarşı virus amansız olub.

ÜST-ün Avropa regional direktoru qeyd edib ki, ölkələr bu gün virusun necə yayılması barədə daha geniş məlumata malikdir. Lakin payızın yaxınlaşması səbəbindən insanlar öz vaxtlarını daha çox qapalı, habelə tünlük, yüksəkdən danışılan, mahnı oxunan, havalandırma sisteminin zəif işlədiyi yerlərdə keçirməli olurlar. Bütün bunlar, xüsusən də məktəblərin açılması əlavə problemlər yaradır.

H. Klugenin dediyi kimi, pandemiya bəşər tarixində təhsil sahəsində ən dərin böhrana səbəb olub; 190 ölkədən 1,6 milyon məktəbli tam təhsil almaq imkanını itirib. Bir çox dövlətlərin uşaqların məktəbə qayıtması imkanını nəzərdən keçirmələri fonunda ÜST hökumətlərə hazırkı vəziyyəti hərtərəfli öyrənməyi və bu məsələdə riskə getməməyi tövsiyə edir.

Zəruri sanitariya-gigiyena şəraitinin təmin edilməsi və fiziki məsafəyə riayət edilməsi əsas tədbirlər sırasına daxildir. Bundan əlavə, yerli xüsusiyyətlər nəzərə alınaraq virusun dövriyyə səviyyəsinin aşağı olduğu yerlərdə məktəblər açılmalı, virusun daha aktiv yayıldığı yerlərdə dərs cədvəli yenidən nəzərdən keçirilərək siniflərdə şagirdlərin sayı azaldılmalı, COVID-19-un daha sürətlə yayıldığı rayonlarda isə məktəblərin açılmasına hələlik icazə verilməməlidir.

Doktor Kluge gənclər arasında COVID-19 infeksiyasına yoluxanların sayının artmasına xüsusi diqqət çəkib. Etiraf edib ki, məktəblilərin və tələbələrin dostları ilə görüşmək, əylənmək, hobbilərinə vaxt ayırmaq, idmanla məşğul olmaq üçün daha böyük imkanlara malik olduğu yay tətilində pandemiya ilə bağlı məhdudiyyətlərə riayət etmək çox çətin olub.

Özlərini və ətrafındakıları qorumaq naminə karantin qaydalarına əməl edən yeniyetmələrə minnətdarlığını bildirən ÜST nümayəndəsi gənclər arasında COVID-19 infeksiyasına yoluxanların sayının artmasından çox narahat olduğunu deyib. Onun sözlərinə görə, yaşı 15-dən 24-dək gənclər arasında yoluxanların sayı fevral ayında 4,4 faiz, iyul ayının ortalarında isə 15 faiz olub. Bu xəstəliyin nəticələri onlar üçün son dərəcə ciddi ola bilər. Virus müxtəlif orqanlara, ilk növbədə ürək və ağciyərlərə təsir edir və idmançılar da daxil olmaqla, hətta tam sağlam gənclərə rəhm etmir.

Avqustun 31-də ÜST-ün Avropa bürosu iclas çağıracaq. İclasda uşaqların COVID-19 infeksiyasına məruz qalmadan öz təhsillərini davam etdirə bilməsi ilə bağlı konkret tədbirlər müzakirə ediləcək.

Hans Kluge gəncləri məsuliyyətli olmağa, virusun yayılmasının qarşısını almağa kömək etməyə və mütləq:
- ətrafdakılarla yaxın ünsiyyətdə olduqda onları və özünü qorumaqdan ötrü maska taxmağı;
- barlar və gecə şənlikləri də daxil olmaqla insanların sıx toplaşdığı yerlərdən çəkinməyi;
- dost-tanışla qapalı yerlərdə deyil, açıq havada görüşməyi;
- kiçik qruplarda ünsiyyət qurarkən azı 1 metrlik məsafə saxlamağı;
- əlləri daim yumağı;
- azacıq narahatlıq və ya halsızlıq əlamətləri hiss etdikdə evdə qalmağı və COVID-19 üçün analiz verməyi təklif edib.

 

O, vaksinin heç də pandemiya üzərində qazanılmış qələbə olmadığını vurğulayaraq deyib: “Biz bu sahədə arzuolunan nəticəni yalnız məsuliyyətimizi birlikdə dərk etməklə və virusla mübarizə aparmağı öyrənməklə əldə edə bilərik”. 


Hans Kluge qeyd edib ki, son bir ayda Avropa regionunda COVID-19 infeksiyasına yoluxma hallarının artması fonunda ölkələrin üçdə ikisi müəyyən məhdudiyyətləri yenidən tətbiq ediblər. Lakin bu dəfə həmin məhdudiyyətlərin bir çoxu yerli xarakter daşıyır. Bu da onu göstərir ki, artıq dövlətlər vəziyyətdən müvafiq nəticələr çıxarmağı, düşünülmüş tədbirlər görməyi öyrəniblər. Belə yanaşma həm virusun yayılmasının qarşısını almağa, həm də iqtisadiyyatı inkişaf etdirməyə imkan verir. Təcrübə göstərir ki, milli səviyyədə bir çox tədbirlər ardıcıl olaraq həyata keçirilməlidir. Bunların sırasına genişmiqyaslı testləşdirilmə, COVID-19-a yoluxma şübhəsi olan insanların təcrid edilməsi, onlarla təmasda olanların müəyyənləşdirilməsi və karantinə yerləşdirilməsi daxildir. Kütləvi və məqsədyönlü tədbirləri birləşdirməklə lokal yoluxmaların qarşısını almaq olar.

“Biz virusa nəzarət edə, iqtisadiyyatı inkişaf etdirə və təhsil sistemlərinin fəaliyyətini təmin edə bilərik”, - deyə  H.Kluge bildirib.

ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Füzuli Abışov
Həyat yoldaşına böyrəyini bağışladı
Azərbaycan-Türkiyə Pediatriya Günləri - Azərbaycan-Türkiyə səhiyyə əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Musa Abbasov: “Yenidən transplantasiya əməliyyatlarına başlayacağıq”