Hər bir xəstəlikdə əsas məsələ motivasiyadır” - Koronavirusa yoluxub sağalmış həkim-stomatoloq
05.08.2020 15:47

Dişlər – həzm sisteminin vacib hissələrindən biridir. Sağlam dişlərə sahib olmaq hər kəsin arzusudur. Bütün mədə-bağırsaq sistemi orqanlarının sağlamlığı dişlərin sağlamlığından asılıdır. Hətta 1 dişin olmaması həzm sisteminə çox mənfi təsir edir. Məhz buna görə dişlərə düzgün qulluq etmək, onları qorumaq, vaxtında müalicə etmək lazımdır.

 

Bu barədə Aztibb.az-a müsahibə verən həkim-stomatoloq Əsmər Hüseynova dişlərə qulluq, diş qapaqları, vinirlər və s. ilə bağlı sualları cavablandırıb. Koronavirusa yoluxub sağalmış həkim həm də bu xəstəliklə bağlı təcrübə və tövsiyələrini bölüşüb.

 

- Dişlər gün ərzində neçə dəfə yuyulmalıdır? Uşaqlarda bu qayda necə olmalıdır? Hansı tərkibli diş məcunlarından istifadə məsləhətdir? Dişlərin diş məcunu, yoxsa misvak ilə təmizlənməsi daha məqsədəuyğundur?

 

- Ağız boşluğuna qulluq və onun mikroflorası çox mühüm məsələlərdən biridir. Ağzımıza, dişlərimizə hər gün minimum 3 dəfə qulluq etməliyik. Səhər və axşam qidasından sonra, yatmadan öncə dişlər yuyulmalıdır. Gün ərzində isə hər qida qəbulundan sonra dişləri yaxalamaq məsləhətdir. Yəni dişlərə, ağız boşluğuna mütəmadi qulluq olunmalıdır. 3 yaşından sonra uşaqlar da böyüklər kimi gündə 2 dəfə olmaqla dişlərini yumalıdır.

 

Tərkibində antidoksidantlar olan, minerallarla zəngin bir çox diş məcunları var. Onlar təyinatına, tərkibinə və firmasına görə də fərqlidir. Bu, həkim məsləhəti ilə də təyin edilə bilər, pasiyentlər özləri də aptek və marketlərdən diş məcunlarını ala bilərlər. Diş məcunlarının üzərində tərkibi və təyinatı yazılır. Təbii ki keyfiyyətli diş pastalarından istifadə edilməsi məsləhətdir. Uşaqlar üçün də xüsusi diş pastaları mövcuddur. 3 yaşından sonra uşaqlar o diş pastalarından istifadə edə bilər. Körpələrə böyüklərin diş pastasından istifadə etmək məsləhət deyil. Onlar daha yandırıcı olur, bu da uşaqların dişyuma istəyini azalda bilər. Uşaqlar üçün daha çox meyvə tərkibli pastalar məsləhətlidir. Bu pastalar uşaqlarda daha çox diş yumaq istəyi yaradır.

 

Diş məcunlarından əlavə, dişləri misvakla da təmizləmək olar. Misvak çox qədim tarixə malik yuyucu vasitədir. Məhəmməd Peyğəmbər öz səhabələrinə, ətrafındakı insanlara dişlərini misvakla yumağı məsəhət görübmüş. O vaxt təbii ki, diş məcunları yox idi. Misvak ərik ağacının budağıdır, tərkibində antioksidantlar, mineral maddələr və liflər var. Onlar dişləri təmizləyir, ağız boşluğunun mikroflorasını nizamlayır. Qeyd edim ki, misvak tərkibli diş məcunları da mövcuddur. Buna görə də, dişləri həm misvak, həm diş məcunu ilə yumaq mümkündür.

 

- Uşaqlara neçə yaşından dişlərini yumaq öyrədilməlidir? Onların diş məcunlarını udmalarının təhlükəsi varmı? Uşaqlara nə vaxtdan plomb qoyula bilər?

 

- 6-7 ayından uşaqların dişləri çıxmağa başlayır və 3 yaşına qədər dişlərin çıxma müddəti bitir. Analar bu müddətdə uşaqların dişlərinə nəzarət etməlidilər. Təbii ki, körpə vaxtı uşağın ağzına fırça vurmaq olmaz. Uşaqlar üçün xüsusi plastikdən hazırlanmış fırçalar var. Analar onu barmaqlarına keçirib uşaqların dişlərinə sürtərək, üstünün ərplərini təmizləyə bilərlər.

 

Uşaqların dişlərində karies yarandıqda plomb qoyulması məqsədəuyğundur. Dişlərində qara, qəhvəyi ləkələr varsa, ağrılar verirsə karies boşluqları təmizlənməli, plomb vasitəsilə diş tacı bərba olunmalıdır. Bildiyimiz kimi, dişlərin düşmə müddəti və daimi dişlərin çıxma müddəti var. Ağız boşluğunda süd dişlərinin vaxtından əvvəl düşməsi gələcəkdə problemlərin yaranmasına gətirib çıxarır. Süd dişlərini qorumalıyıq ki, daimi dişlər çıxana qədər onlar ağız boşluğunda qalsın. Ona görə də dişlərin plomblanması məqsədəuyğundur.

 

Uşaqlar üçün ağız boşluğunun plombları böyüklərdə olduğundan fərqlidir. Uşaqlara lazer plombların qoyulması məqsədəuyğun deyil. Çünki  lazer plomblar daimi dişlərin mayasına təsir edə bilər. Uşaqlar üçün kimyəvi, özü bərkiyən xüsusi plomb vasitələri var.

 

- Plombların qiymət fərqi nə ilə əlaqəlidir?

 

- Plombun qiyməti onun materialının firması, keyfiyyəti, qoyulma yeri və həkimdən asılı olaraq dəyişir. Bugünkü tibb bazarında bir çox plomb materialları var. Hər bir həkim çalışır ki, həm istifadə etdiyi plomb materialı yüksək keyfiyyətli olsun, həm də pasiyentlər üçün münasib olsun.

 

- Diş daşlarının əsas yaranma səbəbləri nədir və onların hansı üsullarla aradan qaldırılması məsləhətdir?

 

- Ağız boşluğunun gigiyenasına düzgün nəzarət etmədikdə diş daşları yarana bilər. Diş daşları yaxşı yuyulmamış dişlərin üzərində olan qida qalıqlarının, ərplərin bərkiməsidir. Bəzən pasiyentlər dişləri düzgün qaydada yumur və dişlərin boyun nahiyələrində, dişlərlə diş ətinin təmas etdiyi hissələrdə diş ərpləri yığılaraq bərkiyir. Ağızda ifraz olunan tüpürcəyin tərkibindən asılı olaraq da ağız boşluğunda diş daşları yarana bilir. Diş daşları 6 aydan bir təmizlənməlidir. Belə daşlar dişlərin sıx olmasından da yaran bilər. Belə ki, dişlər sıx olarkən düzgün, tam şəkildə yuyulmadıqda ərplər həmin hissədə yığılıb qalır, bərkiyir və diş daşlarının yaranmasına gətirib çıxarır. Ona görə dişlər düzgün fırçalanmalı, diş saplarından diş ətinə toxunmamaq şərtilə istifadə edərək, həmin ərplər təmizlənməlidir.

 

Biz həkimlər isə xüsusi ultrasonik alətlər vasitəsilə diş daşlarını təmizləyirik.

 

- Damaq qaçmasının səbəbi nədir? Hansı müalicə metodundan istifadə edilir? Tam müalicə edilə bilirmi?

 

- Ağız boşluğunun, diş ətinin xəstəliklərindən biri də parodontozdur. Bu xəstəlik diş ətində baş verən xroniki dəyişkənliklərlə müşahidə olunur. Buna el arasında “damaq qaçması” da deyilir. Bu xəstəliyin əsas yaranma səbəbləri ağız boşluğunda gigiyenanın düzgün olmaması, dişlərin düzgün fırçalanmamasıdır. Sərt fırçalardan istifadə, travmatik olaraq diş ətinin daim qıcıqlandırılması, səhv aparılmış ortodontik müalicələr, düzgün qoyulmamış qapaqlar, səhv aparılmış ortopedik müalicələr, diş saplarından düzgün qaydada istifadə etməmək, diş ətində olan iltihabi proseslər, travmalar diş ətində problemlərə, damaq qaçmalarına gətirib çıxara bilir. Damaq qaçması xroniki xəstəlikdir. Bunun həm terapevtik, həm də cərrahi metodlarla müalicəsi var. Müasir dövrdə ortodontik müalicələr parodontoloji müalicələrlə birgə aparıla bilir. Terapevtik müalicələrlə ildə 2 dəfə olmaqla prosesin dərinləşməsinin qarşısını almaq olar. Cərrahi müalicələrlə də parodontoloji problemləri qismən aradan qaldırmaq mümkündür. Damaq qaçması zamanı dişlərin dentin təbəqəsinin açılmasını, dişlərin laxlamasını, ağızdan pis qoxu gəlməsini, həmin açılmış nahiyələrdə diş daşlarının əmələ gəlməsini və s. bu kimi halların baş verməsini müşahidə edə bilərik. Ona görə də, diş ətlərinin gigiyenasına da düzgün riayət etmək lazımdır. Bu xəstəlik əsasən 40 yaşından sonra rast gəlinən xroniki xəstəlikdir. Müasir dövrdə bu xəstəliyi daha gənc yaşlarda da müşahidə edirik.

 

- Diş qapaqları haqqında nə deyə bilərsiz? Hansı növ qapaqlara üstünlük verilməlidir?

 

- Müasir dövrdə dağılmış diş taclarını bərpa etmək üçün qapaqlardan istifadə edilir. Plastmas, metal, metal keramik, keramik, emaks, vinir qapaqlar müasir dövrdə diş taclarını bərpa etmək üçün istifadə olunan əsas vasitələrdir. Metal-keramik, keramik, tsirkonium, emaks qapaqlar ən keyfiyyətli diş qapaqları kimi daha çox istifadə olunur.

 

- İmplantlar hansı hallarda zəruridir və fəsadları varmı? Hansı yaşda olan insanlara implant tətbiqinə icazə verilir?

 

- İmplantologiya Azərbaycanda inkişaf etmiş sahələrdən biridir. Bizim çox savadlı implantoloqlarımız var. İmplantoloq dişsiz çənələrə və yaxud itirilmiş dişləri bərpa etmək üçün qoyulan vasitələrdir.

 

İmplantların firmalarından asılı olaraq keyfiyyət və qiymətləri dəyişir. İmplantlar düzgün şəkildə qoyulmadıqda ciddi fəsadların yaranmasına gətirib çıxara bilər. İmplant qoyulmamışdan öncə həkim pasiyenti düzgün müayinə etməli, onun bütün xəstəlikləri ilə maraqlanmalı, bir çox analizlər verilməlidir. Çənənin quruluşu, çənə toxumasının vəziyyəti nəzərə alınmalıdır. Yəni implantlar mütəxəssislər tərəfindən qoyulmalıdır ki, gələcəkdə ağız boşluğunda heç bir qüsur yaranmasın. İmplantların da qapaqlar kimi 15 yaşdan yuxarı pasiyentlərə qoyulması məqsədəuyğundur. İmplantlar üçün ortalama yaş həddi yoxdur.

 

- Protezlərin uzunömürlü olması üçün ondan necə istifadə edilməlidir? Protezlər hansı vasitələrlə təmizlənməli, neçə ildən bir yenilənməlidir?

 

- Protezlərin uzunömürlü olması üçün ilk növbədə, onlara düzgün qulluq edilməlidir. Qidalandıqdan sonra protezlər yuyulmalıdır. Bəzi pasiyentlər axşam yuyaraq kənarda, bəziləri isə ağızda saxlayır. Təbii ki, protezlər özləri də müxtəlifdir: çıxan və çıxmayan protezlər. Ona görə də hər protezin özünə uyğun qulluq vasitəsi var. Pasiyentlər çıxan protezləri xüsusi təmizləyici vasitələrdən istifadə edərək təmizləməlidirlər. Protezə qulluq, ağız boşluğunda sümüklərin vəziyyəti, dişin olub-olmaması, protezlərin ağız boşluğunda düzgün adgeziyası, pasiyentin çeynəmə funksiyasını düzgün yerinə yetirməsi və s. protezin istifadə müddətində mühün rol oynayan faktorlardır.

 

- Breket hansı hallarda qoyulur? Hansı yaşdan sonra qoyulması məsləhətdir?

 

- Breketlərdən diş cərgəsində olan əyriliklərin aradan qaldırılmasında istifadə edilir. Tam dişlər çıxdıqdan sonra breketdən istifadə olunması məsləhətdir. Qeyd edək ki, diş çənə sistemi tamamlanması, daimi dişlərin tam çıxması 13 yaşa təsadüf edir. Breketlərin də istifadəsi bu yaşdan sonra məqsədəuyğundur. Onlar ağız boşluğunda minimum gedişatdan asılı olaraq minimum 1il, 1 ildən artıq taxılır. Tez zamanda çıxarmaq olmaz. Çünki breket tez zamanda çıxarılarsa, dişlər əvvəlki vəziyyətinə qayıda bilər.

 

Breketlərin qoyulması bir neçə mərhələdən ibarətdir. Əvvəlcə onlar qoyulur, sonra diş sırasında əyriliklərin təzədən əmələ gəlməməsi üçün reteynrlardan istifadə edilir.

 

- Son zamanlar dəb halına çevrilən vinirlər barədə hansı məsləhətləri verərdiz? Onların dişlərə hər hansı fəsadı varmı?

 

- Son zamanlar dəbdə olan qapaq növlərindən biri də vinirlərdir. Vinirlər estetik görünüşü bərpa etmək, gözəl gülüşə sahib olmaq üçün istifadə olunan vasitələrdən biridir. Vinirlər də tərkibinə görə müxtəlifdir və bundan asılı olaraq qiymətləri dəyişir. Onlar hipoplaziyalı, diastemalı, mikrodentiyalı dişlərdə gözəl estetik görünüş almaq üçün istifadə olunan vasitələrdir. Əsasən frontal dişlər nahiyəsində istifadə olunur. Çox gözəl nəticələr əldə edilə bilinir.

 

- Diş müalicə edərkən həkim istər-istəməz xəstəyə yaxın olur və təbii ki, xəstə maska taxmış olmur.  Koronavirusun yayıldığı ərəfədə diş müalicəsinin təhlükəsi nə dərəcədədir?

 

- Bildiyimiz kimi, hazırda ölkəmiz də daxil olmaqla, bütün dünya çox ciddi bir problem - koronavirus pandemiyası ilə üz-üzədir. Bu virusun ən çox təhlükə yaratdığı peşə sahiblərindən biri də həkimlərdir. Stomatoloqlar da əsas təhlükə obyektlərindəndir. Biz mütəmadi olaraq xəstə ilə üzbəüz təmasdayıq. Bu, həm xəstələr, həm də bizim üçün də böyük təhlükə sayılır. Biz stomatoloqlar pandemiya olmadığı dövrdə də hər zaman qoruyucu maskalardan, eynəklərdən, əlcəklərdən istifadə etmişik. Bu bizim təhlükəsizliyimizlə yanaşı, pasiyentin də təhlükəsizliyi üçün çox önəmlidir. Pandemiya dövründə tibb mərkəzlərində, personalda, həmçinin həkimlərin kabinetlərində dezinfeksiya işləri aparılıb. Pandemiya ərəfəsində həkimlər demək olar ki, hər ay analizlər verirdi. Onlar daim nəzarət altında saxlanılırdı. Analiz cavabı pozitiv çıxan həkimlər təbii ki, karantinə alınırdı.

 

- Bildiyimizə görə, siz də koronavirusa yoluxub sağalmısız. Hansı şəraitdə yoluxmuşdunuz? Xəstəlik müddətini necə keçirtdiniz?

  

- Bəli, mən koronavirusa yoluxmuş həkimlərdən biriyəm. Lakin qeyd edim ki, virusa xəstələrdən yoluxmamışam. İlk olaraq həyat yoldaşım xəstələndi, sonra isə biz bu virusa bütün ailə olaraq yoluxduq. İlkin simptomlar əsasən qripin əlamətlərinə bənzəyirdi. Dadbilmə, qoxubilmə hissi itmişdi. Burnumda allergik vinit əlamətləri, asqırma, qıcıqlanma, burun axıntısı, oynaqlarda, ümumi bədəndə ağrılar, qızdırma 37,2-37-5 olaraq müşahidə olundu. Mən koronavirus xəstəliyini orta-ağır səviyyədə keçirdim. Vəziyyətimiz çox ağır olmadığı üçün evdə karantin şəraitində müalicə olunduq.

 

Bu elə bir xəstəlikdir ki, vaxtında düzgün diaqnoz qoyulub, müalicə aparılmalıdır. Yoxsa virus ağır fəsadlara gətirib çıxara bilər. Hətta rastlaşdığımız kimi, bir çox ölüm halları da koronavirus xəstəliyinin ağırlaşmasının fəsadları olaraq üzə çıxır. Xəstəliyin ilk əlamətləri müşahidə olunduğu vaxtdan pasiyent müalicəyə başlasa, bu xəstəlikdən sağalma şansı daha çox olur. Pasiyentlər boğulma, ciyərlərdə iltihab yayılmış halda müraciət etdikdə, xəstənin həyati təhlükəsi artmış olur. Məsləhət görürəm ki, insanlar bu xəstəliyin yüngün dərəcəli temperatur, baş, əzələ ağrıları, halsızlıq, yorğunluq, əzginlik kimi əlamətlərini müşahidə edən kimi analiz versinlər.

 

Bu koronavirus o qədər də qorxulu, dəhşətli xəstəlik deyil. Sadəcə zamanında və düzgün müalicə etmək lazımdır.

 

Koronavirus pandemiyası ərəfəsində müşahidə etdiyim nüanslardan biri də odur ki, virusa yoluxmuş insanlar bunu gizlətməyə çalışır. Koronavirusa yoluxmaq qəbahət deyil, bu, sadəcə bir xəstəlikdir. Xəstəlikdən çəkinmək, gizlətmək, utanmaq lazım deyil. Sadəcə ətrafımızdakı insanları düzgün şəkildə maarifləndirməliyik ki, onlar qorxuya, təşvişə düşməsin. Koronavirusa yoluxma qorxusundan depresiyaya düşən insanlar var. Hər zaman pozitiv olun, əhvalınızı yüksək tutmağa çalışın. Biz özümüzə inanmalı və güvənməliyik ki, bu xəstəliyə qalib gələk. Hər bir xəstəlikdə əsas məsələ motivasiyadır. Hər zaman düşünün ki, mən bu xəstəliyə qalib gələcəyəm. Motivasiyamızı yüksək tutsaq, keçirdiyimizin xəstəliyin öhdəsindən gələcək, xəstəliyi dəf edəcəyik.

ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Həyat yoldaşına böyrəyini bağışladı
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları